2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Reinteqrasiya

***

Sual: Sabit bəy, işğaldan azad olunmuş ərazilərdə reinteqrasiya prosesi necə aparılmalıdır? 

Cavab: Kamran bəy, yəgin razılaşarsız ki, azad edilmiş bölgələrin reinteqrasiyası, yəni sadə dillə desək, həmin bölgələrin Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial, mədəni həyatına qovuşması və tədricən digər bölgələrdən fərqlənməməsi deməkdir. Əlbəttə bu zaman, hünər, iradə, tələb edən prosesdir. Böyük xərclər tələb edən işdir. Prosesin necə aparılmasına gəldikdə isə, deyə bilərəm ki, əgər biz reinteqrasiya prosesinin daha qısa zamanda və daha az xərclərlə başa gəlməsini istəyiriksə, bunun əsas şərtləri bunlardır: görülən işlər yaxşı proqramlaşdırılmalı; maksimum şəffaflıq təmin edilməli; xərclər hesabatlı olmalı; vətəndaşların iştirakçılığı, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət imkanları da yüksək səviyyədə təmin edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Tədbirlərin müvafiq vaxt sürəsinə bağlanması və nəticələrinin ölçülməsini və qiymətləndirilməsini təmin edən göstəricilər, indikatorlarla müşahidə edilən proqramlar üzərində Azərbaycan hökuməti yəqin ki, işləməkdədir. Çox arzulardım ki, bu proqramlar ictimaiyyətə açıqlansın, o bölgələrə dönəcək 700 minə yaxın insan bilsin ki, hansı ardıcıllıqla hansı təxmini tarixlərdə böyük qayıdış baş verəcək. Bu 700 min insanın böyük əksəriyyəti doğma yurdlarına dönməyi səbirsizliklə gözləməkdədir. Və məlumatıma əsasən, bunların heç də az olmayan hissəsi öz ocaqlarının, evlərinin, bağ-bağçalarının bərpasına başlamaq istəyir. Lakin minalardan təmizlənmə və öncə altyapının (yəni infrastrukturun: kommunal xidmətlər, yollar, rabitə və s) hazırlanması vacibliyi adı ilə, onları qoymurlar. Təbii ki, öncə minalanmış rayonlar təmizlənməlidir. Lakin minasız ərazilər də var, məsələn Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın. Buralara da camaatın qayıtması gecikməkdədir. Halbuki, bu rayonların tezliklə həyata dönməsi, insanlarla dolması və canlanması sərhədlərin daha yaxşı qorunması deməkdir. Məsələn, deyək ki, Qubadlı rayonunun hansısa kəndinin sakini gedib doğma həyətinə, dağıdılmış evinə baş çəkmək istəyir. Bərpa işlərini götür-qoy etmək istəyir, gözlənilən xərcləri, alınacaq tikinti materiallarını təxmin etmək istəyir, yəni bu insan doğma yurduna dönüşünü özü planlaşdırmaq istəyir. Niyə imkan verilməsin? Anlamaq çətindir. Kəndbəkənd insanların 2-3 günlük doğma yurdlarına baş çəkmək imkanı təşkil edilərsə, çox sevinərlər, ocaqlarına dönüşü, evlərinin bərpası işlərini planlaşdırmağa başlayarlar. Axı bu insanlarımız 30 ildir bu günlərin həsrəti ilə yaşayıblar. Meqaproyektlər əlbəttə vacibdir. Amma insanların yurdlarına dönmək arzuları bu proyektlərin kölgəsində qalmamalıdır. Hər iki proses paralel getməlidir. Qoyun insanlar bir neçə günlük getsinlər yurdlarına, ailəsinin qayıdışını, planlaşdırsın, pul və material toplamağa başlasın. Onların yalnız müəyyən maliyyə yardımına ehtiyacı olacaq. Bunu da hökumət edə bilər. Müxtəlif mexanizmləri işə salmaq mümkündür. Dövlətimizin qüdrəti buna yetər. Yalnız bu yolla azad edilmiş bölgələrin tezliklə canlanması mümkündür. Yəni insanların özlərinin bir başa iştirakı ilə. Ümumiyyətlə, azad edilmiş bölgələrin bərpası Azərbaycan rəhbərliyinin bu gün əsas qayğısıdır. Bu açıq-aydın görünməkdədir. Lakin o da görünməkdədir ki, sanki insanların doğma yurdlarına qayıdışı ikinci plandadır. Belə olmamalıdır.  

Sual: Azərbaycanda yaşamaq istəyən Qarabağ erməniləri ilə məsələ necə yoluna qoyulmalıdır? Yəni, onlar həm də Azərbaycan vətəndaşları hesab olunurlar. Yəni, Dağlıq Qarabağda bundan sonra ermənilərin, eləcə də azərbaycanlıların birgə yaşayışı mümkün olacaqmı? Çünki sosial mediada yazılanlardan belə başa düşürük ki, bunu nə ermənilər, nə də azərbaycanlılar istəyir. Belə olduğu halda nə etmək lazımdır? 

Cavab: Ölkə başçısı bu yaxında Ümumqafqaz evindən bəhs etmişdi. Gözəl arzudur. Ümumqafqaz evinin inşası və orada ömür sürən insanların rifahı ilk növbədə bu evin  otaqlarında yaşayan qonşuların yaxşı münasibətlərindən asılıdır. Necə ki biz bunu bu gün İsveçrə nümunəsində görürük. Sual verilə bilər ki, Qarabağ erməniləri və türkləri arasında münasibətlər prinsipcə yaxşılaşa bilərmi?  Əlbəttə çox çətin məsələdir. Amma mümkündür. Bunu həm dünya tarixi, həm də öz tariximiz sübut edib. Keçən əsrin əvvəllərində baş verən qanlı hadisələrdən sonra məgər bu münasibətlər yaxşılaşmamışdı? Əla olmasa da normal münasibətlər olub. Təbii ki, yenidən münasibətlər tədricən yaxşılaşa bilər. Addım-addım buna doğru irəliləmək mümkündür. Lakin əsas şərt etnik zəmində münaqişələrin törədilməsində günahları olanların ən sərt şəkildə cəzalandırılmasıdır. Bu çox ciddi şəkildə bildirilməli və hər kəs bunu yaxşı dərk etməlidir. Xalqlarımız keçən əsrdə bu dərsləri keçiblər. Gənc nəsil bilmir, lakin yaşlı nəsil bu dərsləri çox yaxşı mənimsəyib. Ən ciddi şəkildə cəzalandırma olmasa qarşılıqlı təhqirlər, söyüşlər, savaşlar davam edəcək. Bu cəzalandırma üsulu ilə yanaşı münasibətlərin tədricən yaxşılaşmasının digər üsulları da var ki, paralel olaraq onları da işə salmaq mümkündür. Məsələn, iqtisadiyyat sahəsində, biznes münasibətlərində, mədəniyyət sahəsində və digər. Onlarla mexanizmlər işə salına bilər. Məsələn, biznes sahəsində birgə layihələrin təşviq mexanizmləri. Ya deyək ki, azad bazar zonaları və s. Onlarla təşviq mexanizmləri mümkündür ki proseslər müsbət istiqamətdə getsin.

Qeyd etdiyim şərtlərin təmin edilməsi həm iradə həm də səbr tələb edir. Hətta müəyyən xərclər də çəkilməli olacaq. O da yəqin qeyd edilməlidir ki, hər iki tərəfin ziyalıları, ağsaqqaları da proseslərin müsbət istiqamətdə getməsinə öz töhfələrini verə bilər. Sovet vaxtı məşhur mahnı var idi “Qardaş olub Hayastan və Azərbaycan”. Əlbətdə qardaş ola biləcəyimiz çox müşkül məsələdir, lakin normal münasibətlərdə olmamız və qarşılıqlı fayda verən əməkdaşlıq etməyimiz mümkündür.      

Azərbaycan tərəfi ən yüksək səviyyədə Qarabağda yaşayan ermənilərin yenidən Azərbaycan vətəndaşlığına qayıtmalarının mümkün olduğunu bəyan edib. Əlbəttə güclə bunu etmək mümkün deyil, özləri buna qərar verməlidir. Texniki baxımdan isə bunu etmək problemli deyil. Xankəndində (Stepanakertdə) ASAN xidmətin filialı açılır (işçiləri ilk mərhələdə Azərbaycan rusları ola bilər, sonra isə vətəndaşlıqları bərpa edilən yerli ermənilərlə əvəz edilə bilər) və bu şəhərdə yaşayanlar arasında Azərbaycan vətəndaşlığına dönmək istəyənlər ASAN-a ərizə ilə müraciət edirlər. Ərizələri qısa müddətdə nəzərdən keçirilir (yoxlanılır ki, ərizəçi Sovet vaxtı Azərbaycan vətəndaşı olub ya yox, və ya yaşı 30-dan azdırsa, valideynləri Azərbaycan vətəndaşları olubmu. Bu yoxlamanın məqsədi həmin insanın Suriyadan, Livandan və ya digər xarici ölkədən olub-olmamasını yoxlamaq ola bilər) və ona Şəxsiyyət Vəsiqəsi və Passport təqdim edilir. Eyni ilə kənd yerlərində yaşayan və Azərbaycan vətəndaşlığını bərpa etmək istəyən ASAN-ın səyyar xidmətinə müraciət edə bilər. Yəni texniki baxımdan mən ciddi problemlər görmürəm.

Sual: Məcburi köçkünləri qayğılandıran bir məsələ var. Orada yaşayan ermənilərlə təhlükəsiz yaşamaq şərtləri. Çünki 30 ildən çox müharibə şəraitində olan iki millətin bir yerdə yaşaması insidentsiz ötüşməyəcək. Bu məsələ necə tənzimlənməlidir? 

Cavab:  Məsələn, Xankəndində Sovet vaxtı yaşamış Azərbaycan türklərinin dönüşü yaxın zamanlarda mümkün görünmür. Lakin münasibətlər yaxşılaşınca, ermənilər Azərbaycan vətəndaşlığına dönüncə bu proses mümkün olacaq. Eyni ilə ermənilərin Şuşaya dönməsi. Başqa cür bu insanların təhlükəsizliyini təmin etmək praktiki baxımdan qeyri mümkündür.

Sual:  Regionda sabitliyin qarantı nə ola bilər? Kim əmin edə bilər ki, orada illərdir bir-birinə düşmən gözü ilə baxan iki millət birgə yaşasın?

Cavab: Hələ ki sabitliyin qarantı Rusiya dövlətidir. Lakin, təəssüf ki, onların qarant olmaları yalnız xoşməramlılıq həvəsinə əsaslanmır. Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi ərazilərimizin azad edilməsinin qiymətinə daxildir. Qarabağda sabitliyin qarantına özümüzün çevrilməyimiz isə ermənilərlə münasibətlərin yaxşılaşması yolu ilə mümkün ola bilər. Düzdür, 10 noyabrda imzalanan razılaşmaya əsasən 5 ildən sonra Azərbaycan və ya Ermənistan birtərəfli Rusiya sülhməramlı qüvvələrindən əraziləri tərk etməyi tələb edə bilər. Lakin bu bir tərəfli tələbin reallığına mən şəxsən inanmıram. Rusiya sülməramlı qüvvələrinin bölgəni tərk etmələrinin 3 variantı var: 1) Rusiya hökuməti hansısa səbəblərdən özü bu qərara gəlir; 2) hansısa dünyavi güc onu məcbur edir; 3) Azərbaycan və Ermənistan birgə tələb edirlər ki, Rusiya qoşunları ərazilərimizi tərk etsinlər. Yalnız bu üçüncü variantda biz “oyunçu” ola bilərik. Bu variant isə münasibətlərin yaxşılaşmasına əsaslanır.

Sual: Yeri gəlmişkən, 1988-1992-ci illərdə Ermənistandan Azərbaycana qaçqın düşmüş 350 min insan var. Hətta mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti də elan olunub. Həmin insanlar Ermənistan ərazisində yaşamış və oradan qovulmuş soydaşlarımızdır. Onlar da öz torpaqlarına qayıtmaq istəyir. Onların aqibəti necə tənzimlənməlidir?  Onlar da Ermənistan vətəndaşı hesab olunmalıdırlar. Onların taleyi necə həll olunacaq? Azərbaycan ölkədə yaşayan, eləcə də Dağlıq Qarabağdakı ermənilərə vətəndaşı kimi sahib çıxmağa hazır olduğu halda, Ermənistan da onlara vətəndaşı olaraq sahib durmalı deyilmi? Və ya bu kimi məsələlər iki dövlət arasında danışıqlar predmetinə çevrilməli deyilmi?

Cavab: Belə danışıqlardan biz hələ çox uzağıq. Bu istiqamətdə də hər şey ermənilər və Azərbaycan türkləri arasında olan münasibətlərin yaxşılaşmasından asılıdır. Yenə də ölkə başçısının Ümumqafqaz təklifini xatırlatmaq yerinə düşər. Əgər bu istiqamətdə proseslər gedərsə, kim harada istəyir orada da əmin-amanlıq içində yaşaya bilər. İsveçrədə olduğu kimi.

Sual: Sizin fikriniz nədir? Regionda sabitliyin bərpası üçün, iki millət arasında münaqişənin bitməsi və bir daha yaranmaması üçün nə etmək olar?

Cavab: Məncə, bu suala yuxarıda cavab vermişəm. Çox şey etmək olar. Təki niyyətlər, iradə, hünər və səbr olsun.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button