Loading...
Loading...
SEÇMƏ

Reportyoru öldürməkdə ittiham olunan əmisi oğlu: “Nəslimizin adını batırırdı”

Əvəz Hafizlinin anası qayını oğluna ağır cəza istədi

Bir sıra internet televiziyalarıyla əməkdaşlıq edən reportyor Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyev onu cinsi orientasiyasına görə aralarında yaranmış mübahisə zəminində öldürdüyünü deyib.

O, iyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. İfadəsində deyib ki, Əvəzlə ögey əmioğludular. Əvəzin həyat tərzinə görə son 6-7 ildə aralarında dəfələrlə mübahisə olub:

“Nəslimizin adını batırırdı. Ona dəfələrlə dedim ki, bu yoldan qayıtsın. Yolunu azmışdı, əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. 2014-cü ildən əxlaqsızlıq etdiyini eşitmişdim. Onu öldürmək istəmirdim, hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Deyirdim ki, nəslimizin adını batırma. Qulaq asmırdı”.

Əmrulla Güləliyev hadisənin necə baş verməsindən danışıb:

“Mən əmingildə qalırdım. Əvəz də əmimgillə eyni həyətdə, ayrı evdə yaşayırdı. Bəzən Savalan qəsəbəsində bibimoğlugildə, bəzən də Balaxanıda əmimgildə qalırdım. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlığı elədim ki, bu yoldan qayıtsın. Mənə dedi ki, “bu, mənim sənətimdi, get, işinlə məşğul ol”. Mən də əsəbiləşdim, Əvəzin evindəki mətbəxdən bıçağı götürüb vurdum. Özümdə deyildim, neçə bıçaq vurduğum yadımda deyil. Öldürüb çıxdım…”

Daha sonra polisə gedib təslim olduğunu deyən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da dilə gətirib: “Gərək öldürməyəydim…”

Əvəz Şıxməmmədovun boyun nahiyəsində də bıçaq xəsarətləri olub. O, bu haqda sualı cavablandırarkən deyib ki, əmisi oğlunun başını kəsmək istəməyib:

“Bıçaq boyun nayihəsinə dəydi. Əslində, o, məni söyməsəydi, öldürməyəcəkdim. Mənə dedi ki, “öz işim, öz həyatımdı”. Sonra da söyüş söydü. Ən əsası, küçədə, qəsəbədə gəzə bilmirdim. Hamı deyirdi ki, əmin oğlu bu yoldadır. Başımı aşağı eləmişdi dost-tanış içərisində…”

Əmrulla Güləliyev istintaqa ifadəsində isə fərqli danışıb. Orada deyib ki, Əvəzi hadisədən 3 ay əvvəl öldürmək qərarı verib. Hadisə günü Əvəzin evdə tək olduğunu, digərlərinin rayona getdiyini öyrənəndən sonra onlara yollanıb. Onu həyətə çağırıb, yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra bədəninə bir neçə buçaq zərbəsi vurub. Ardınca da polisə gedərək, təslim olub.

Məhkəmədə mərhum Əvəz Şıxməmmədovun qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilib. Qardaşı Təbriz Şıxməmmədov bildirib ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. O, hadisə baş verərkən rayonda olub:

“Əmrulla ilə bir həyətdə böyümüşük. Biz iki qardaş, bir bacı olmuşuq. Bizimlə eyni həyətdə böyüdüyünə görə onu da özümüzə qardaş bilmişik. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əmrulla ilə Əvəz arasındakı mübahisədən də xəbərim yoxdur. Şikayətçi deyilik. Bu gün də Əmrullanın ailəsilə problemimiz yoxdur. Əvəz evdən çıxıb gedirdi, bir müddət sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdur”.

Gözdən qaçırmayın:  Azərbaycan və Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb

Anası isə fərqli ifadə verib, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini tələb edib.

“Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq vardı. Bu biri uşaqlardan fərqli geyinirdi. Amma heç kiminlə işi yox idi. Səhər gedib, axşam gəlirdi. Mən həmin gün səhər-səhər rayona gedəndə Əvəz yatmışdı. Qayıdanda meyitini gördüm. Aralarında heç bir mübahisə olmayıb, Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan-döşək qan içində idi. Əmrullaya ən ağır cəza verilməsini istəyirəm. O, günahsız balamı öldürüb”, – Cəmalə Şıxməmmədova bildirib.

Mərhum reportyorun əmisi Ceyhun Şıxməmmədov da məhkəmədə şahid qismində dindirilib. Bildirib ki, qardaşı oğlu Əvəzlə 5 ildir münasibəti yox idi: “Pis yolda olduğuna görə münasibəti kəsmişdim”.

Mərhumun həm qardaşı, həm də anası hüquqi varisi qismində tanınsa da, təqsirləndirilən şəxsə münasibətdə onların fikirlərində kəskin fərq var. Prokuror bildirib ki, bu şəxslərdən biri hüquqi varis statusunda saxlanmalıdır. O, təklif edib ki, Əvəz Şıxməmmədovun anası Cəmalə Şıxməmmədova saxlansın, oğlu Təbriz isə hüquqi varislikdən çıxarılsın.

Cəmalə Şıxməmmədova bu məsələ ilə bağlı fikrini bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyulun 25-də davam edəcək.

Hadisə fevralın 22-də günorta saat 16 radələrində Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində Əvəz Şıxməmmədovun yaşadığı evin həyətində baş verib. Məlumata görə, hadisə zamanı Əmrulla Güləliyev sərxoş vəziyyətdə olub.

Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

24 yaşlı Əvəz Şıxməmmədov reportyor olmaqla yanaşı, həm də LGBTQ+ fəalı kimi tanınırdı. O, LGBTQ+ insanlarının hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button