Loading...
Loading...
Cəmiyyət

Restoranlarda “servis haqqı” kimin cibinə gedir? – FOTO

Azərbaycanda “çayevoy” və ya bəxşiş dövrü, demək olar ki, başa çatıb. Təxminən son bir-iki ildə çaypulunun yerini “servis haqqı” tutub. Yəqin ki, bir çoxumuz Bakının əksər restoranlarında müştəridən hesabın 10 faizi və daha çoxu həcmində “xidmət haqqı” tələb edilməsinin şahidi olmuşuq. Lakin qeyd etməliyik ki, bu tələb heç də qanuni deyil və istehlakçıdan məcburi şəkildə belə bir ödəniş etməsi istənilə bilməz.

Əvvəllər olduğu kimi, bu gün də restoranda istehlak edilən məhsul qiymətindən əlavə ödəniş edilməsi müştərinin seçimindən asılıdır.

Amma əsas maraqlı məqam restoran sahibləri tərəfindən qanuni imiş kimi göstərilən bu “servis haqqı”nın kimin cibinə daxil olmasıdır. İddialar var ki, ofisiantların çaypulu hesabına çox gəlir əldə etməsindən narahat olan sahibkarlar həmin pulları mənimsəmək üçün “servis haqqı” kimi bir xidməti ortaya çıxarıblar. Bir digər iddiaya görə isə əməkhaqqı verməmək üçün də bu üsul ortaya atılıb. Əslində, müştərilər arasında da belə söhbətlərin dolaşdığı çoxumuza məlumdur. Ona görə də məsələyə bir də ofisiantların dilindən aydınlıq gətirmək istədik.

Dənizkənarı restoranlardan birində ofisiant işləyən Əhməd Mirzəyev (ad şərtidir) bildirib ki, onun çalışdığı restoranda xidmət haqqı ümumi hesabın beş faizini təşkil edir:

“Həmin məbləğ masaya qulluq edən ofisiantın özünə çatır. Düzü, çaypulu daha sərfəli idi. Çünki onda məbləğ müştəridən asılı idi, elə müştəri vardı ki, 20-30, hətta 50 manat çaypulu verirdi. Qazancımız çox olurdu. Amma indi xidmət haqqı nə qədərdirsə, onu verib gedirlər, nadir hallarda əlavə pul verərlər. Xidmət haqqı isə elə də yuxarı olmur. Çalışdığım yerdə xidmət haqqı faizi aşağı olduğu üçün biz aylıq maaş alırıq. Yəni mən günhesabı işləmirəm və ya gəlirim sırf xidmət haqqı deyil”.

Həmsöhbətimiz maaşın ancaq “servis haqqı” hesabına ödənildiyi restoranlardan da söz açıb:

“Bəzi restoranlar var ki, onlarda maaş olmur, xidmət haqqı faizini yuxarı qoyurlar və ofisianta ancaq onu verirlər. Amma onlar bilmirlər ki, xidmət haqqı müştəridən məcburi tələb edilə bilməz. Müştərinin onu ödəmək kimi bir öhdəliyi yoxdur, istəyən ödəyə bilər, istəməyən də ancaq yediyinin pulunu ödəyib gedər. Bəzən bunun məcburi olduğunu düşünürlər, bizdə belə deyil, hər şey çox qanunauyğundur. Başqa restoranlarda da işlədiyim üçün bununla bağlı bir neçə məqam olduğunu deyə bilərəm. Məsələn, elə yerlər var ki, xidmət haqqını ümumi toplayırlar və gün sonunda məbləği ofisiantlar arasında bölürlər, bizdə isə hərəyə öz qulluq etdiyi masadan gələn pul verilir, elə məncə, doğru olan da budur. Bəzi yerlədə də xidmət haqqının ofisianta verilmədiyini eşitmişəm”.

Mərkəz restoranlarından birinin ofisiantı olan Əli Qurbanov isə xidmət haqqının müəyyən hissəsinin rəhbərliyin cibinə getdiyini deyib:

“Xidmət haqqı tətbiq olunandan sonra ofisiantların gəlirlərində elə də nəzərəçarpacaq artım yaşanmayıb, əksinə, azalma var. Çünki həmin xidmət haqqının müəyyən hissəsini restoran özünə götürür, qalanını isə işçilər arasında bölüşdürür. Mən tələbəyəm deyə burada müvəqqəti işləyirəm, ancaq ofisiantlıqla ailəsini dolandıran iş yoldaşlarım var, onlar üçün vəziyyət çətindir. Əvvəllər müştərinin əlavə verdiyi pul mənə və ya xidmət edən digər ofisianta çatırdısa, indi bu belə deyil. Əksər restoranlarda vəziyyət bizdəki kimidir. Rəhbərlik hesabla bərabər, xidmət haqqını da götürür, gün və ya həftəsonunda guya ofisiantlar arasında bölüşdürür. Amma bizim dəqiq məbləğ yadımızda qalmır, nə verilir, ona qane oluruq və bilirik ki, kəsintilər olur”.

Gözdən qaçırmayın:  “Tərtər işi”nə görə həbs edilən şair: Rahib Məmmədov kimdir? - Foto

Əli Qurbanov onların restoranında müştərinin xidmət haqqını məcburi ödəməli olduğunu diqqətə çatdırıb:

“Xidmət haqqı ümumi hesaba vurulduğu üçün müştəri həmin pulu ödəmək məcburiyyətindədir. Əvvəllər bu, könüllü idi, artıq belə deyil. Yəni müştəriyə təqdim edilən hesabda əlavə olaraq “xidmət haqqı” da qeyd olunur və bu, ümumi hesaba yazılır. Müştəri də, təbii ki, əlavə problem yaşamamaq üçün bunu gözardı edir. Lakin bununla bağlı çoxlu problemlər də yaşamışıq. Müştərilərin əksəriyyəti restorana xidmət edilmək üçün gəldiklərini və restoranın da belə bir tələbinin qanunsuz olduğunu bildirir. Əslində, biz ofisiantlara da çaypulu verilməsi sərf edir. Çünki bu zaman pul həmin masaya xidmət edən konkret ofisianta qalır, bununla bağlı administratora məlumat vermir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi isə ilk olaraq çaypulunun tarixindən danışıb:

“Əslində, çaypulunun nə vaxtdan meydana çıxdığı mübahisəlidir. Amma bəzi tarixçilərin dediyinə görə, bu, İngiltərədə XVI əsrdə yaranıb. Həmin vaxt orada çay içmək ənənəsi yaranıb və bununla əlaqədar belə bir ifadə ortaya çıxıb. Çaypulunu müştəri aldığı xidmətlərdən məmnun qaldığı halda, könüllü şəkildə xidmət göstərən şəxsə verir. O, ənənəyə bağlı olan bir şeydir, qanunvericiliklə tənzimlənmir.

Bəzi ekspertlər deyirlər ki, bu ödəniş üsulu vergidən yayınmaya gətirib çıxarır. Çaypulunun miqdarı hər ölkədə fərqlidir. O, hesabın hansısa faiz dərəcəsinə bərabər tutulmamalıdır, yəni könüllü olduğu üçün xidmət sifarişdən asılı olmamalıdır. Ola bilər ki, insan sadəcə bir fincan qəhvə içsin, amma yaxşı xidmət göstərildiyinə görə yüksək məbləğdə çaypulu versin. Amma Azərbaycan təcrübəsində hesaba bağlı olaraq təxminən 5-10 faiz çaypulu verilir. ABŞ-da bu, 15-25 faiz arası dəyişir. Hətta bəzi cəmiyyətlərdə bu elə bir ənənəyə çevrilib ki, onu verməyən insanın ənənəni pozduğunu düşünürlər”.

Müsahibimiz son vaxtlar “servis haqqı”nın aktuallaşması məsələsinə toxunub və bununla bağlı müştəriyə əvvəlcədən xəbər verməyin gərəkli olduğunu vurğulayıb:

“Xidmət haqqı çaypulundan fərqli anlayışdır. Birinci – hesabda qeyd olunur, digəri könüllü xarakter daşıyır. “Servis haqqı” hesabda əks olunan digər məbləğlə birlikdə kassaya daxil olur, digərini isə elə həmin an masaya xidmət edən personal götürür. Amma ikisi də nəticədə personala çatmalıdır.

Düzü, “servis haqqı” bu gün Azərbaycan üçün yenilikdir, dünyada çoxdan belə təcrübə var. Sadəcə, bu haqda müştəri əvvəlcədən məlumatlandırılsa, daha yaxşı olar. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərə rast gəlirik. Məsələni tənzimləmək lazımdır ki, narazılıqlar olmasın. Məsələn, onunla bağlı məlumat menyuda əks oluna bilər. İstehlakçı məsələdən mütləq xəbərdar olmalıdır. Əgər xəbərdarlıq edilməyibsə, müştəri “servis haqqı”ndan imtina edə bilər”.

Samir Dübəndi restoran rəhbərliyinin “servis haqqı”nı da personala verməli olduğunu bildirib:

“Bəzi hallarda restoran rəhbərliyi onu işçilər arasında bölmür, biz bunu qınayırıq. Çünki həmin pul servisi göstərən şəxsə çatmaldır. Bəzi restoranlarda hətta könüllü verilən çaypulu da xidmət göstərən şəxsin əlindən alınır. Bu, səhv addımdır. Məlumdur ki, restoranlarda personalın maaşı o qədər yüksək olmur. Ona görə də əksəriyyət bu sahəyə gələndə çaypulu, “servis haqqı” kimi əlavə gəlirlərinin olacağını düşünərək belə addım atır”. (oxu.az)

24 saat” “Restoranlarda “servis haqqı” kimin cibinə gedir? – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button