AZ24SAAT.ORG

Now Reading:
Rövnəq Abdullayevin belə-belə işləri

Rövnəq Abdullayevin belə-belə işləri

Rövnəq Abdullayevin belə-belə işləri

Azərbaycanda kim öz ixtisası, sahəsi üzrə iş sahibidi? Baxırsan, diplomu var, məktəbdə, universitetdə dərs deməlidi, amma oturub piştaxta arxasında, alverlə məşğuldu. Ya da olsun diplomlu taksi sürücüləri. İnaniram ki, siz də “yeri səhv düşən” belələri ilə çox rastlaşmısız.

Elə futbolumuzda da oxşar vəziyyətdi. Məsələn, SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevi futbola, topa nə bağlayır? Neft quyusu ilə top arasında yerlə-göy qədər fərq var, “abi”, “brat”, qardaş!

Bəs keçmiş polis Ramin Musayev necə oldu ki, birdən-birə Azərbaycan futbolunun vacib fiqurlarından birinə çevrildi?

Yaxşı futbolçu haqqında “topu hiss edir” deyirlər. Futbol funksioneri topu hiss etməsə də olar, amma futbolu sevməsi şərtdi. Gəlin əyri oturaq, düz danışaq, AFFA prezidenti Rövnəq Abdullayev futbolu sevirmi? Ay tövbə…

Təxminən bir ilə yaxındı “Keşlə” klubunun Müşahidə Şurasının sədri olan Zaur Axundov haqda çoxdan yazmaq istəyirdim. Bu gün mətbuatda “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun Axundov onun işlərinə müdaxilə etdiyi üçün istefa vermək məcburiyyətində qaldığı haqda xəbəri görəndən sonra “vaxtdı” dedim. Hərçənd, “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Komanda.az-a açıqlama verərək, Maksimovun istefa vermədiyini, işinə davam etdiyini deyib. Amma bu gün də olmasa, sabah, birigün Maksimov Axundovun əlindən baş götürüb qaçacaq. Mütləq qaçacaq.

Zaur Axundov kimdi? Kim deyil ki… Adamın vizit vərəqində Azərbaycan Futzal Federasiyasının prezidenti, “Araz” futzal klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə” futbol klubunun Müşahidə Şurasının sədri vəzifəsinə kimi bir çox yağlı, allı-güllü vəzifələr yazılıb. Kimdi ki, bu Zaur Axundov? Əslən Naxçıvandan və Rövnəq Abdullayevin qohumu olduğu deyilən biri. Futbol dünyasına gəlişi, burda möhkəmlənməsi, vəzifə sahibinə çevrilməsi Rövnəq Abdullayevə yaxın olan bir çox şəxslərdəki kimi – oxşar ssenariylə baş verib.

Və burda həmin o “yeri səhv düşən adam” ifadəsi yada düşür. Rövnəq Abdullayevin futbola pərçim etdiyi adamlardan biri – Ramin Musayev haqda “Neftçi”nin çexiyalı keçmiş baş məşqçisi Vlastimil Petrjelanın işlətdiyi ifadə yadınızdadı? Musayev “Neftçi”nin vitse-prezidenti olanda Petrjela da komandanın “sükanı arxasında” idi. Petrjela vətəninə qayıtdıqdan sonra Musayevlə bağlı belə bir açıqlama vermişdi: “Mən Bakıda elə bir komandada işləyirdim ki, həmin klubun vitse-prezidenti ömründə bir dəfə də futbol oynamayıb”. Yox, yox, futbol klubunda vitse-prezident, Peşəkar Futbol Liqasında prezident işləyən birinə heç vaxt futbol oynamamasını bağışlamaq olar necəsə. Məsələ təkcə futbol oynamamaqda deyil. Məsələ ondadı ki, biz Rövnəq Abdullayevin polis sisteminin astarından çıxarıb futbola ürcah etdiyi Musayevin baş məşqçilərin işlərinə müdaxilə etdiyini, oyunlar zamanı hətta hansısa futbolçunu əvəzləmək haqda göstəriş verdiyini də bilirik. Bütün bunlar isə peşəkar futbolda yolverilməzdi. Amma Rövnəq Abdullayev mərhum qardaşının dostu olmuş Ramin Musayevə bu yolu verdi və o, artıq uzun illərdi ki, Azərbaycan futbolunda yeriyir, yürüyür.

Musayev Peşəkar Futbol Liqasının prezidenti olandan sonra nisbətən kölgəyə çəkilib. Məlum, işinə müdaxilə etməyə baş məşqçi, oyunçu əvəzləməyə, transfer etməyə komanda yoxdu. Hərçənd, keçmiş polis ara-sıra Premyer Liqadakı klublara baş məşqçi, futbolçu sırımaq şakərindən qalmır. Onun son işi göz önündədi ki – “Neftçi”yə baş məşqçi təyin olunan Tərlan Əhmədov.

Zaur Axundovu Musayevin yeni davamçısı saymaq olar, özü də könül rahatlığı ilə. Adam zatən futzal federasiyasının və “Araz”ın prezidenti kimi elə açıqlamalar verirdi ki, sanki komandanın baş məşqçisi, ya da kapitanı danışır. İndi isə onun – “Keşlə”nin rəhbəri olan Zaur Axundovun Premyer Liqanın son turunda keçirilmiş “Sumqayıt”la ev oyunundan sonra (1:2) baş məşqçinin fikrini soruşmadan iki gənc futbolçunu – Rafael Məhərrəmliylə Əlibəy Məmmədlini əvəzedici komandaya göndərdiyi deyilir. Siz bu barədə Axundovun özündən soruşsaz, deyəcək ki, “haşa, mən kiməm baş məşqçinin işinə qarışım, falan-filan”. Amma edər, bu adam baş məşqçinin fikrini soruşmadan futbolçuları əvəzedici heyətə də göndərər, əsas komandanın oyunlarında əvəzetmə də. Nöşün ki, Ələddinin sehrli çırağından çıxan cin kimi, Rövnəq Abdullayevin “sehrindən” futbola gələnlər də belədi. Ramin Musayevi də, Zaur Axundovu da…

Ancaq bütün bunları normal ölkələrin normal çempionatlarında çıxış edən normal klubların prezidentləri, rəhbərləri etmir. Bir düşünün, “Çelsi”nin sahibi Roman Abramoviç, “Barselona”nın prezidenti Xosep Maria Bartomeu, hətta “Real”ın çox işə burnunu soxan rəhbəri Florentino Peres Zaur Axundovluq, Ramin Musayevlik edirmi, edərmi?

Azərbaycanda kim öz ixtisası, sahəsi üzrə iş sahibidi ki? Baxırsan, Rövnəq Abdullayevin qohumudu, dostudu, xalasının uşağı, dayısının bibisi nəvəsidi deyə, kiminsə tutmalı olduğu postu tutub…

Rəşad Ergün

(komanda.az)

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.