Now Reading:
Rövşən Rzayev: “Cəbhə xəttində erməni tərəfindən qaradərili muzdlularda vuruşur”

Rövşən Rzayev: “Cəbhə xəttində erməni tərəfindən qaradərili muzdlularda vuruşur”

24saat.org Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Rövşən Rzayevlə müsahibəni təqdim edir.
– Rövşən müəllim, fevralın 24-ü axşamdan gərginləşən və fevralın 26-sı nisbətən səngiyən cəbhədəki durumu necə qiymətləndirirsiniz və sizcə nə baş verib?

– Təəssüflər olsun ki, biz həmin tarixdə bir daha erməni təxribatının qurbanları olmuşuq. Çox təəssüf olsun ki, Ermənistan tərəfi bu işğalçı siyasətindən geri çəkilmək, əl götürmək niyyətində deyil. Düşünürəm ki, Azərbaycan ordusu həmin vaxt cəbhədə erməni qüvvələrinə kifayət qədər ciddi zərbələr vurub. Güman edirəm ki, bu yaxın gələcəkdə bilinəcək. Üstəlik hesab edirəm ki, problemlər yaxın gələcəkdə də öz həllini tapacaq. Daha yaxşı olardı ki, ATƏT-in Minsk Qrupu çərçivəsində olan ölkələrin prezidentləri, həmsədr ölkələr öz mövqelərini daha ciddi şəkildə ortaya qoysunlar. Amma əfsuslar olsun ki, biz bunu görmürük. Azərbaycan Silahlı Qüvvələrinə sağ olsun ki, cəbhənin bütün istiqamətlərində düşmənin təxribatlarının qarşısını ala bilir. Mən, Azərbaycanımızın bütün şəhidlərinə allahdan rəhmət diləyirəm. Hesab edirəm ki, dünyada, xüsusilə bizim Qarabağ problemimizə münasibətdə ikili standartlar olmasaydı Azərbaycan öz problemlərini çoxdan həll etmiş olardı.
– Belə məlum olur ki, son lokal qarşıdurma zamanı Azərbaycan tərəfi 5 şəhid verib. Ancaq qəribədir ki, Ermənistan Müdafiə Nazirliyi itkilər haqda məlumat verməyib. Yəni belə çıxır ki, son döyüşlərdə itkilər ancaq biz tərəfdən olub?
– Deməli, itkilər hər iki tərəfdən var və bu birmənalıdır. Sadəcə olaraq məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi Dağlıq Qarabağda xidmətdə olan və son hadisə zamanı ölən zabit və əsgərlərinin adlarını açıqlamayıb. Üstəlik bəllidir ki, Dağlıq Qarabağda bir çox muzdlular da var ki, onlar cəbhədə durur. Hətta təmas xəttində hərbi qulluqçuların içərisində qaradərili muzdlular da var. Ona görə də, erməni tərəfi bu itkiləri gizlədir və ictimaiyyətə açıqlamır. Amma əsl həqiqət budur ki, Azərbaycan ordusu həmişə qarşı tərəfə uğurlu zərbələr vurub və bundan sonra da vuracaq.
– Demək istəyirsiniz ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon gözdən uzaq olduğundan separatçıların itkilərini gizlətmək imkanına malikdir?
– Bəli, bu hallar mövcuddur.
– Bundan sonrakı mərhələ üçün cəbhə xəttində nəyi proqnoz edirsiniz?
– Əgər dünyanın aparıcı dövlətləri tərəfindən, regionda böyük marağı olan həmsədr dövlət Rusiya beynəlxalq hüquq prinsipinə söykənərək ölçülər götürməsələr heç də yaxşı olmayacaq. Yəni yaxşı olmaya bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirmək hüququna malikdir. Lazım gəldikdə də Azərbaycan bunu edəcək. Odur ki, vəziyyətin gərginləşməməsi, habelə onun həllinə nail olmaq üçün beynəlxalq güclər, həmsədr dövlətlər vəziyyətə dəqiq və ədalətli qiymət verməlidir.
– Ötən ilin aprel döyüşlərində Rusiya tərəfi daha aktiv idi, amma fevralın sonunda bu aktivliyi biz müşahidə etmədik. Sizcə, niyə bu dəfə ruslar canfəşanlıq göstərmədi?
– Burada bir həqiqət də ondan ibarətdir ki, Ermənistanda qarşıdan seçkilər var. Fikrimcə, prezident Sarkisyan bu seçkilərdə partiyasının qələbəsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcək. Hətta Dağlıq Qarabağ kartından da maksimum yararlanmağa çalışacaq. Ola bilsin ki, bu hazırlıq da onunla bağlı olsun. Prezident Sarksiyan seçkidə qələbəsini təmin etmək üçün xoşagəlməz yollara ayaq basa bilər. Yəni belə halların baş verməsi mümkündür.
– Cəbhədə təxribatlar Ermənistandakı parlament seçkilərinə qədər davam edə bilər?
– Mənə elə gəlir ki, ciddi ölçülər götürülməli və bu problem nəhayətdə öz həllini tapmalıdır. Əks halda Azərbaycan Silahlı Qüvvələri bütün imkanlarından istifadə edərək öz ərazi bütövlüyünün təmin edilməsinə nail olacaq. Bu ağır fəsadlara səbəb olsa belə, biz ərazi bütövlüyümüzü təmin edəcək, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Buna mənim qəti şübhəm yoxdur.
– BMT-nin baş katibi Antonio Quterreş cəbhədəki vəziyyətdən narahat odluğu haqda bəyanat verib. ATƏT-də narahatlığını ifadə edərək müharibənin çıxış yolu olmadığını elan edib. Beynəlxalq reaksiyalar haqda düşüncəniz nədir?
– Bilirsinizmi, belə reaksiyalar başadüşülən və vacibdir. Ancaq belə bəyanatları verməklə yanaşı onu həyata keçirmək məsələsi də var. Yəni ikili standartlara yol vermək olmaz. Amma biz uzun illərdir ki, ikili standartları müşahidə edirik. Bu heç yaxşı hal deyil.
– Cəbhədəki fevral qarşıdurmasından sonra aktiv diplomatik təmaslar olacaqmı?
– Bəli, mən bunu gözləyirəm.
– Bəs fevral qarşıdurmasınan sonra danışıqlar prosesində güclü tərəf kim olacaq?
– Mənə elə gəlir ki, Rusiya, Birləşmiş Ştatlar və Fransa ciddi mövqe səsləndirməlidir. Vəziyyətə real və adekvat münasibət ortaya qoymalıdır. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi bəllidir və dəyişilməzdir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.