Xəbərlər

Ruhani nüvə sazişinin ‘intibahına’ ümid edir

İran və dünyanın 6 gücü arasında 2015-ci ildə imzalanmış tarixi nüvə sazişinin dirçəldilməsi məqsədilə Vyyanada keçirilən beynəlxalq danışıqlar ikinci gününə qədəm qoyub.

İran prezidenti Həsən Ruhani bu danışıqların 2015-ci il sazişinin “intibahına” gətirib çıxaracğına ümid bəslədiyini deyib.

Aprelin 6-da başlanmış danışıqlar ABŞ prezidenti Co Baydenin, rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan bu sazişin dirçəldilməsi istiqamətində ilk cəhdidir.

O hələ seçki kampaniyası zamanı keçmiş prezident Donald Trampın ABŞ-ı birtərəfli qaydada bu sazişdən çıxarmaq qərarını pisləmişdi.

Saziş İran mühafizəkarlarının müqavimətinə baxmayaraq beş il əvvəl Vyanada imzalanmışdı.

Ruhani aprelin 7-də verdiyi bəyanatda deyib ki, bu sənədə daha yaxşı alternativ yoxdur:

“Odur ki, biz Vyana nüvə razılaşmasının intibahına ümid edirik”.

ABŞ və İran rəsmiləri sazişin dirçəldilməsi üçün kimin birinci addımı atmalı olduğu məsələsinə dair açıq mübahisə ediblər.

ABŞ İranın əvvəlcə saziş üzrə öhdəliklərinə qayıtmasını, İran isə əvvəlcə Tehran üzərindən sanksiyaların qaldırılmasını istəyir.

ABŞ danışıqlardan razıdır

Bu sazişin imzalanması Ruhaniyə onun birinci prezidentlik müddətində böyük siyasi kapital qazandırmışdı.

Ölkənin ali rəhbəri və əsas söz sahibi Əli Xameneyi razlılaşmanın əleyhinə olsa da, sənədin imzalanmasına xeyir-dua vermişdi.

Həsən Ruhani bildirib ki, sazişə qayıtmaq istədiyini deyən ABŞ niyyətinin nə qədər ciddi olduğunu isbat etməlidir.

Danışıqların ilk günündən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Vaşinqton Vyana müzakirələrini “konstruktiv” hesab edir.

O bildirib ki, İran tərəfi ilə birbaşa danışıqlar aparılmasa da, Vaşinqton müzakirələrin açılmasını alqışlayır.

Qonşu otellərdə

Hazırkı mərhələdə sazişin Avropa tərəfdaşları ABŞ və İran rəsmiləri arasında vasitəçi rolunda çıxış edirlər.

İran və ABŞ rəsmiləri Vyanada qonşu otellərdə qalırlar.

İranın baş nüvə danışıqçısı Abbas Araqçi dövlət televiziyasına deyib ki, onun sazişdə qalan tərəflər – Britaniya, Fransa, Almaniya və Rusiya ilə danışıqları “konstruktivdir”.

Rusiyanı Vyana danışıqlarında təmsil edən Mixail Ulyanov müzakirələrin “uğurla” başlandığını deyib.

Ulyanov deyib ki, sanksiyaların qaldırılması və nüvə məsələləri üzrə iki ekspert qrupu sazişin bərpası üçün Vaşinqton və Tehranın konkret olaraq atacağı addımları müzakirə edir.

Rusiya səfiri ayrıca yazdığı tvitdə qeyd edir ki, nüvə razılaşmasının bərpası müəyyən vaxt istəyəcək.

24 saat” “Ruhani nüvə sazişinin ‘intibahına’ ümid edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button