2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rus “alkaş”ına qibtə etmək

Seymur Verdizadə

Dostluq etdiyimiz 12 il ərzində ilk dəfəydi onun deyindiyinin şahidi olurdum: “İvan qədər də olmadıq. Yayda arvadı, qışda isə məşuqəsiylə gəzintiyə çıxır. Bəxtəvərin balası ildə ən az bir dəfə Aralıq dənizində selfi çəkdirir. Mən isə burdan Ucara gedə bilmirəm”.

Həbib müəllimdən İvanın kim olduğunu soruşanda, belə cavab verdi: “Tələbə yoldaşımdır. Kuybışevdə bir yerdə oxumuşuq. “Alkaş”ın biri idi. Gündə iki dəfə “smetan” almağa göndərirdik. Amma indi mənə xarici ölkələrdə çəkdirdiyi şəklləri göndərir”.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət əsnasında məlum oldu ki, Həbib müəllim 30 il əvvəl İvanla bir institutda təhsil alsalar da, sovet hökuməti dağılandan sonra əlaqələri kəsilib. Dediyinə görə, onu 2 il öncə “Odnoklassniki” sosial şəbəkəsində tapıb. O vaxtdan da kişinin nə gecəsi var, nə gündüzü. Səbəb də odur ki, bizim Həbib müəllim İvan kim gəzib-dolaşa, yeyib-içə bilmir…

Növbəti yazımın qəhrəmanı öz ayağı ilə gəlib çıxdığı üçün onu sorğu-sual etməyə başladım: “Müəllim, siz niyə xarici ölkələrə gəzməyə getmirsiniz? Allaha şükür, ev-eşiyiniz də var, pulunuz da…”

Sualıma dərhal cavab vermədi. Gözlərini uzaq bir nöqtəyə zilləyib, fikrə getdi, Danışmağa başlayanda, bayaqkı çılğınlıqdan əsər-əlamət qalmamışdı: “Uşaqlar balaca olanda ev tikdirdim. Altı il əlimdə-ovcumda olanı evə xərclədim. Sonra uşaqlar böyüdülər. Əvvəl Ayselə, sonra da İlkinə müəllim tutdum. Bu gün sən Şahinin üstündə necə əsirsənsə, mən də uşaqların üstündə elə əsirdim. Manatın hörmətli vaxtlarında hər ay müəllimlərə 350-400 AZN pul verirdim. Uşaqlar ali məktəbə qəbul olandan sonra da yüküm azalmadı. İki tələbə oxutmaq sənə asan gəlməsin”.

Söhbətin bu məcraya yönələcəyini nəzərə almadığım üçün çaşıb qalmışdım. Həbib müəllimin ürəyi dolu olduğu üçün qısa pauzadan sonra sözünün davamını gətirdi: “İvanın da bir oğlu, bir qızı var. Qızı öz başı ilə Tibb Universitetinə qəbul olub. Oğlu isə yaxşı oxumur. Amma dədəsinin vecinə də deyil. İvan deyir ki, əyin-başını alıram, yeməyini verirəm. İstəyir oxusun, istəmir oxumasın. Gedib daş qaldıranda ağlı başına gələcək”.

Araya yenə sükut çökdü. Bayaq olduğu kimi, sükutu bu dəfə də Həbib müəllim pozdu: “İvan məndən ağıllıdır. Seryojanın cəmi 16 yaşı var. Amma indiyə kimi dünyanın 6 ölkəsini gəzib. Oxumasa belə, görüb-götürdüyü ona bəsdir. Mənim uşaqlarım isə Qəzyandan o tərəfə keçməyiblər”.

Uşaq olanda valideynlərimiz bir dəfə bizi özləri ilə Kislovodskə aparmışdılar. Bir ay boyunca Kislovodskini, Yessentukini qarış-qarış gəzdik. O yaşıl xiyabanlar, o güllü bağçalar indiyə kimi gözümün qabağından getmir. Həmin günləri xatırlamaq üçün tez-tez ailə albomumuzu vərəqləyirəm…

Növbəti il Kislovodskə gedə bilmədik. Köhnə hamamımız qonaq otağını nəmləndirdiyi üçün yayda başımız yeni hamam tikməyə qarışdı. Bir sonrakı il tövlə inşa elətdirdik. Üçüncü il də səyahətə çıxmaq bizə nəsib olmadı. Valideynlərimiz il ərzində topladıqları pulu verib evimizi təmir elətdirdilər. O da yadımdadır ki, bir dəfə də həyətimizə daşdan hasar çəkdirdiyimiz üçün Kislovodsk səfərini təxirə salmalı olduq. Sonra nələrin baş verdiyini isə hamınız blirsiniz. 1993-cü ildə Cəbrayıl işğal olundu və bizim uzun illər ərzində qurub-yaratdıqlarımızın hamısı ermənilərə qaldı.

Ötən yay ailəlikcə iki həftə Kiyevdə istirahət etdik. Açığı, səfərə çıxmazdan əvvəl əlimdə olan beş-on manat pulu Ukraynada dağıtmaqdan ehtiyat edirdim. Aradan beş-altı ay keçsə də, həyatımızda heç nə dəyişməyib. Ötən il necə yaşayırdıqsa, indi də o cür davam edir. Bizə qalan o gözəl Kiyevin övladlarımın yaddaşında buraxdığı silinməz iz oldu.

Mən “dünya beş günlükdür, onun da biri bazara düşür”, – deyən məsuliyyətsiz adamlardan deyiləm. Amma dəqiq bilirəm ki, insan bu dünyadan özü ilə beş metr kəfəndən başqa heç nə aparmır. Odur ki, Allahın bəxş etdiyi ömrü adam kimi yaşamaq lazımdır…


Qafqazinfo.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button