Rusiya Amerika və Avropanı hədələdi: kosmik stansiya başınıza düşə bilər
Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edərkən, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu sanksiyalara qarşı Putin administrasiyasından “biz də eyni şəkildə cavab verəcəyik” pıçıltıları eşidilir.
“24 saat” xəbər verir ki, Rusiya Kosmik Agentliyi də Kosmik Stansiyaları ABŞ və ya Avropaya “yağdırmaqla” hədələyərək sanksiyalar müzakirəsinə “töhfəsini verib”.
Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə münaqişələr şiddətləndiyi üçün ABŞ və Aİ ölkələri Rusiyaya qarşı sanksiyalarına hər gün yenisini əlavə edirlər.
Rusiyadan bu sanksiya qərarlarına qarşı “təhlükəli” açıqlama gəlib.
Rusiyanın “Roskosmos” kosmik agentliyinin rəhbəri iddia edib ki, Rusiyaya qarşı sanksiyalar nəticəsində Beynəlxalq Kosmik Stansiya (BKS) orbiti tərk edərək ABŞ və ya Avropaya çırpıla bilər.
“ZƏMANƏT YOXDUR”
Bu təhdid ABŞ prezidenti Co Baydenin Rusiyanın aviasiya sənayesinə, o cümlədən kosmik proqramlarına zərər verəcək yeni sanksiyaları elan etməsindən sonra ortaya çıxıb.
“Əgər siz bizimlə əməkdaşlığa mane olsanız, Beynəlxalq Kosmik Stansiyanın (BKS) nəzarətsiz şəkildə orbiti tərk edib ABŞ və ya Avropaya çırpmayacağına zəmanət yoxdur”, – deyə Roskosmosun idarəedici direktoru Dmitri Roqozin Twitter hesabında yazıb.
O, qeyd edib ki, stansiyanın orbiti və kosmosdakı mövqeyi Rusiya istehsalı olan mühərriklər tərəfindən idarə olunur.
Digər tərəfdən Rusiya, Avropa ilə kosmos araşdırmalarını dayandırmaq qərarına gəldiyini açıqladı.