2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya artıq Azərbaycan hakimiyyətinə kömək iqtidarında deyil

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin Azərbaycana əvvəlcədən planlaşdırılmayan səfəri i Azərbaycan hakimiyyəti ətrafında yaranan gərgin geosiyasi vəziyyətlə bağlıdır. Xəbər agentliklərinin görüşdən yaydıqları məlumatda bu məqam açıq şəkildə ifadə olunub. Düzdür, belə situasiyalarda həmişə olduğu kimi terrorizmlə mübarizə sahəsində əməkdaşlığın müzakirə edildiyi bildirilib, amma aydındır ki, Patruşevin tələm-təsik Bakı səfərinin başlıca məqsədi ekstremizm və terrorçuluq problemlərinin müzakirəsi deyildi.
Görüşdə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlıq ifadə edilib, bəzi ölkələrin informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışığı qeyd edilib. Patruşevin Bakı səfərinin mahiyyəti məhz bu açıqlamada gizlənir. Sentyabrın 4-də Böyük Britaniyanın “Guardian” qəzetinin Azərbaycan hakimiyyətinin üç milyard dollarlıq çirkli pulyuma əməliyyatını faktlarla açıqlaması ilə başlayan proses çox geniş, şəbəkələşmiş və davamlı ifşa əməliyyatı xarakteri alıb. Demokratik təmayüllü dünya mətbuatı, beynəlxalq təşkilatlar, parlamentlər bu ifşa kampaniyasının iştirakçısına çevriliblər. Elə gün olmur ki, Avropa və ABŞ mətbuatı Azərbaycanın çirkli pul camaşırxanasından, siyasi məhbus sayına görə dünya liderliyindən, vətəndaş cəmiyyətinə, siyasi institutlara qarşı əzici repressiyalarından yazmasın. Eyni zamanda, Avropa Şurası çox gec də olsa, özünün böyük rüsvayçılıq ünvanı olan İlqar Məmmədov məsələsində qətiyyət göstərməyə qərarlı görünür. İlqar bəyi azad etmək üçün Azərbaycan hakimiyyətinə oktyabrın sonunadək vaxt verilib və əks halda qurumdan çıxarılacağı ilə hədələnib. Avropa Birliyinin daha kəskin mövqeyi korrupsiya araşdırmaları ilə bağlı hərtərəfli və dərin araşdırma başlatmaqda və bu məqsədlə, zəruri hüquqi prosedurların təkmilləşməsində ifadə olundu. Ən sərt və təsirli təzyiq isə, heç şübhəsiz ki, ABŞ-dan gəldi. Sanksiya hədəsinin təzyiqi altında Mehman Əliyev azad edildi. Amma, ABŞ da, demokratik ictimaiyyət də gözəl anlayır ki, Azərbaycanda Mehman bəy kimi hüquq və azadlıqlarını həyata keçirdiyinə görə şərlənib həbs edilənlərin çevrəsi daha böyükdür və ölkə 150-dən çox siyasi məhbusla Avropa liderliyini etibarlı bir şəkildə əlində saxlayır. Məhz buna görə də ABŞ Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Kristofer Smit və Demokratlar Partiyasının üzvü Cim MakQovern tərəfindən Azərbaycan rəsmilərinin “Global Maqnitski Akt”ının təsir dairəsinə salınmasını və onlara qarşı viza və hesabların dondurulması kimi sanksiyaların tətbiqini tələb edən qətnamə layihəsi təqdim edildi. Bu layihə ölkəmizdə insan hüquqları və demokratiya sahəsində yaranmış dözülməz şəraitin aradan qaldırılmasına, sərt repressiyaların durdurulmasına hesablanıb. Bu təşəbbüsün ardınca Helsinki Komissiyası oktrabr ayının 3-nə “Avropanı çirkli pullarla ələ alan oğru hakimiyyətlər” mövzusunda dinləmələr təyin etdi. Aydındır ki, burada da əsas hədəf çirkli pul camaşırxanasında ifşa olunmuş Azərbaycan hakimiyyətidir. Azərbaycan prezidentinin ABŞ-a səfəri və orada yəhudi lobbisi vasitəsilə vəziyyəti düzəltmək cəhdləri də görünür ciddi bir nəticə verməyib. Bu geniş və şəbəkələşmiş beynəlxalq ifşa kampaniyasının hansı nəticələr doğura biləcəyini yəqin ki, yaxşı təxmin edən Azərbaycan iqtidarı həmişə olduğu kimi “dosta zəng” şansından istifadə edib və hakimiyyətinin əsas dayağı olan Rusiyadan kömək istəyib. Putinə “Guardian” və “Washington Post”dan, Avropa Şurası və ABŞ Konqresindən şikayət olunur, yəqin ki, Azərbaycan hakimiyyətinə qarşı bu sərt mövqe Rusiya ilə yaxın münasibətlərlə əlaqələndirilir və “biz sizinlə yaxınlığımıza görə cəzalandırılırıq, bizə kömək edin” mesajı verilir. Amma görünən odur ki, bu gün dünya liberal demokratiyasının Azərbaycan rejiminə münasibəti heç də işğalçı Putin administrasiyasına münasibətindən loyal deyil. Rusiya əlbəttə ki, özünün qalan nadir tərəfdaşlarından birini xilas etmək istəyərdi, ancaq özünü xilas etmək iqtidarında olmayan rejimdən bunu gözləmək sadəlövhlük olardı. Görünən odur ki,Rusiyanın başı əhəmiyyətli dərəcədə öz daxili problemlərinə qarışıb və o böyük təşvişlə neftin gələn ilin ikinci rübündə baş verəcək kəskin ucuzlaşmasını gözləyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button