2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Azərbaycanda bioloji silah axtarır

Rusiya növbəti dəfə Azərbaycanı guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlər saxlamaqda ittiham edib. Rusiya Müdafiə Nazirliyinin bir neçə il ərzində təkrarladığı bəyanat bu dəfə Moskvanın BMT-dəki nümayəndəliyi tərəfindən səsləndirilib. İttihamların hədəfi təkcə Azərbaycan deyil, Ukrayna, Gürcüstan, Ermənistanın adı da Kremlin siyahısındadır. 

Hələ 2018 və 2020-ci illərdə Moskva Gürcüstanda əvvəlcə “insanlar üzərində təcrübə aparan”, daha sonra isə “xəstəliklər yayan həşəratlar” üzərində eksperimentlər aparan bioloji laboratoriyaların olduğunu iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin iddiasına görə, bu eksperimentlər Tbilisidəki “Richard Lugar” adına ictimai sağlamlıq mərkəzində aparılır. İddiada həm də bu eksperimentlərin ABŞ-ın dəstəyi ilə həyata keçirildiyi yer alıb. Həmin vaxt Rusiya öz mütəxəssislərinə bu laboratoriyaya və onun bütün sənədlərinə giriş verilməsini tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tbilisidə Rusiya tərəfinin bu ittihamlarını dezinformasiya adlandırıblar və xatırladıblar ki, sözü gedən laboratoriya Gürcüstanda hələ sovet dövründən fəaliyyət göstərir.

Bundan başqa, Rusiya fevralın 24-də hücum etdiyi Ukrayna ərazisində də oxşar bioloji laboratoriyaların mövcudluğunu iddia edib. Belə bir iddianı Rusiyanın Müdafiə Nazirliyi 2022-ci il aprelin 6-da yayıb.

Nazirliyin aprelin 14-də yaydığı məlumatda isə deyilir ki, Ukrayna ilə yanaşı, keçmiş sovet respublikalarından Gürcüstan, Moldova və Azərbaycanda da elmi-texniki mərkəzlərdə bioloji proqram sahəsində 5 mindən çox elmi -araşdırma layihələri həyata keçirilib. 

Ermənistana gəldikdə, bu ilin yanvarında Rusiya və Ermənistan arasında sözügedən laboratoriyaların təftiş edilməsi haqqında anlaşma imzalanıb. Sənəddə göstərilib ki, Rusiya mütəxəssisləri elmi-tədqiqat mərkəzlərində təftiş aparacaqlar. 

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) isə Azərbaycanda üçüncü ölkənin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi ilə bağlı Rusiya tərəfindən səslənən iddiaların əsassız olduğunu bildirir.

Xidmət hesab edir ki, bununla Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb.

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.”

DTX bildirir ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, o cümlədən ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. 

“Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur”.

Məlumatın sonunda vurğulanır: “Tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda, onların araşdırılmasına hazır olduğumuzu bildiririk”.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Pressklub.az-a şərhində bildirib ki, Rusiyanın bu bəyanatı Azərbaycana müdaxilə etmək üçün əllərində guya əsas sayıla biləcək bəhanədir: “Rusiya Ukraynaya da “denasifikasiya”, “ demilitarizasiya” bəhanəsi ilə hücum etdi. 2014-də də bəhanəsi, guya “rusdillilərin təhlükəsizliyini təmin etmək” idi. Ötən ilin payızında İran da bizə hərbi güc göstərmək üçün guya “sionist rejim sərhəd yaxınlığında möhkəmlənir” bəhanəsini tez-tez səsləndirirdi. İstər Rusiya, istərsə də İran heç bir sübut, fakt göstərə bilmirlər, çünki real heç nə yoxdur. DTX-nın yaydığı məlumatda “bu mülahizələrin respublika ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması” vurğulanıb. Bu narahatçılığı yaradan məhz Rusiyanın bu tip bəhanələrlə ölkələrə, konkret olaraq Ukraynaya təcavüz etməsidir. Rusiyanın bu tip bəhanələrlə Bakıda, Qarabağda da təxribatlar törətməsi mümkündür. Bu mənada DTX-nın yaydığı məlumat zamanında verilib. Sayıq olmaq lazımdır”.

Politoloq Fərhad Məmmədov da Pressklub.az-a deyib ki, bu ittihamlar yeni deyil, bir neçə ildir, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrə qarşı səsləndirilir. “Daha çox Ukrayna və Gürcüstanda bioloji laboratoriyaların işi ilə bağlı ittihamlar irəli sürülürdü. Hətta məsələni Ukraynada gülünc həddə çatdırıb dedilər ki, bu laboratoriyalarda slavyanlara qarşı epidemiyalar yaradan viruslar hazırlanır və göyərçinlər vasitəsi ilə Rusiyaya gətirilir”, -ekspert xatırladır. 

F.Məmmədovun sözlərinə görə, Ukraynaya qarşı müharibə başlayandan sonra daxili auditoriyanı belə miqyassız yalanlarla idarə etməyə çalışırlar və nəticədə geri dönüşü olmayan prosesə daxil oldular.

F.Məmmədov xatırladır ki, bu cür bəyanatlar əvvəllər Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən səsləndirilmişdi, amma indi BMT səviyyəsinə qaldırılır və bu zaman da nazirliyin sözügedən bəyanatlarına istinad olunur: “DTX da buna cavab verdi, çünki bu o qədər çeynənilmiş mövzudur ki, ona cavab verilməliydi,  nəticədə bu cür spekulyasiyalara nöqtə qoyuldu. Onlara çatdırıldı ki, Ukrayna müharibəsində bir çox kartlardan istifadə edirsiniz, amma ora Azərbaycanı salmağa ehtiyac yoxdur. Salsanız da əhəmiyyəti yoxdur, nə vaxtsa işə salıb bir hərəkət də edilsə, gözlənilən nəticəni verməyəcək”.

Bu il laboratoriyalarla bağlı Rusiya və Ermənistan arasında bir komissiya qurulmuşdu və təftiş aparılması nəzərdə tutulurdu. Azərbaycandan da bu tələb edilə bilərmi?

F.Məmmədov deyir ki, bunlar ABŞ-ın Ermənistanda maliyyələşdirdiyi cüzi büdcəli mərkəzlərdi: “Ermənistanda məsələ tamamilə fərqlidir. Erməni ekspertləri də bildirirdilər ki, Moskva bunu prinsip məsələsinə çevirmişdi ki, Paşinyan Rusiyanın təzyiqi ilə bu addımı atacaq, yoxsa yox. Nəticədə məsələ həll olundu, kağız üzərində komissiya yaradıldı, amma bu günə qədər hər hansı təftiş həyata keçirilməyib. İkincisi, ABŞ maliyyələşdirsə belə, bu, onun laboratoriyası demək deyil, çünki Ermənistanın özünə məxsusdur. 

Əgər Azərbaycana qarşı belə bir ittiham irəli sürülürsə, Azərbaycan ancaq qarşılıqlı səviyyədə təftiş aparılmasına razılıq verə bilər. Yəni biz Rusiyada istədiyimiz laboratoriyanı təftiş edirik, onlar da bizdə. Bunu ancaq bərabərhüquqlu əsaslarla etmək mümkündür. Rusiya Azərbaycana qarşı bunu təzyiq elementi seçibsə, bu, çox uğursuz seçimdir”

Turqut

24 saat” “Rusiya Azərbaycanda bioloji silah axtarır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button