Loading...
Loading...
SEÇMƏ

Rusiya Azovstalda həlak olan ukraynalı döyüşçülərin cəsədlərini təhvil verir

Əksəriyyəti tanınmaz halda olan cəsədlərin Kiyevdə DNT analizi aparılacaq

Rusiya dağıdılmış Mariupol şəhərindəki Azovstal polad zavodunda həlak olan ukraynalı döyüşçülərin cəsədlərini təhvil verməyə başlayıb.

Bu barədə yazan “Associated Press” Agentliyi bildirir ki, hərbçilərin cəsədləri Kiyevə aparılıb.
Ötən həftə isə UkraynaRusiya bir-birinə 160 hərbçinin cəsədini təhvil verib. Proses Zaporojye vilayətində həyata keçirilib.

Azov alayının sözçüsü “Associated Press”-ə bildirib ki, hazırda Rusiya tərəfindən işğal olunmuş və bombalanmış xarabalıqlarından götürülən və tanınmaz vəziyyətdə olan cəsədlərin kimə məxsus olduğunu bilmək üçün Kiyevdə DNT analizi aparılacaq.

Azov alayı Rusiyanın qurudan, dənizdən və havadan hücumları altında mayda təslim olanadək təxminən üç ay polad zavodunu müdafiə edən Ukrayna bölmələri arasında olub.

“Azov” batalyonunun mətbuat katibi Anna Qolovko meyitlərin azı 52-sinin Azov döyüşçülərinə məxsus olduğunu deyib. Alayın keçmiş komandiri Maksim Jorin də dəyişdirilən cəsədlər arasında “Azovstal”da həlak olanların meyitlərinin olduğunu təsdiqləyib.

Hazırda “Azovtsal”da nə qədər hərbçinin həlak olması barədə dəqiq say yoxdur. İyunun 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsirliyində “Azovstal”dan 2500-dən çox ukraynalı döyüşçü olduğunu açıqlayıb.

“Azov” alayı döyüşçüləri martın əvvəlindən Mariupol liman şəhərini müdafiə edib. Sonra onlar Azovstal zavoduna sığınıb. Mayın 16-dan döyüşçülər işğal altında olan Donbas ərazisinə çıxarılmağa başlanıb. Bundan 5 gün sonra, mayın 21-də Rusiya Azovstal-ın tamamilə nəzarətə alındığını bildirib.

Həmin vaxt zavodda olan 2439 döyüşçünün əsir alındığı bildirilib. Ukrayna döyüşçülərin bir gün dəyişdiriləcəyini, Rusiya tərəf isə onların etdiklərinə görə yarğılanacağını açıqlayıb.

2014-cü ildə könüllü batalyon kimi yaradılan “Azov” əsasən ifrat sağçı fəallardan təşkil edilib. Sonradan neonasist olmadıqlarını bildirən əksər Azov döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olub.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 104-cü günü: yenilənən xəbərlər

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button