Rusiya Donetsklə Luqanskı atəşə tutur
Rusiya qüvvələri Kiyev və Sumi ətrafında ağır itkilər verəndən sonra hərbi hədəflərini Ukraynanın şərqinə yönəltdiyini bildirir
Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarını atəşə tutmaqda davam edir, Ukrayna qüvvələri bir neçə hücumu dəf edib, Rusiya tanklarını, maşınları, artilleriya avadanlığını məhv edib. Məlumatı Britaniyanın Müdafiə Nazirliyi aprelin 11-də yayıb.
Rusiya qüvvələrinin daha öncə Donetsk regionunda fosforlu mərmilərdən istifadə etməsi onların Mariupolda da tətbiq olunacağı ehtimalını artırır, Britaniya hərbi kəşfiyyatı bildirir. Mühasirədə olan Mariupol uğrunda döyüşlər davam edir.
Nazirliyin məlumatına görə, Rusiyanın idarə olunmayan bombalardan davamlı istifadəsi zərbə endirəndə hədəfi müəyyənləşdirmək bacarığını azaldır, bu isə mülki şəxslər arasında itki riskini artırır.
Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.
Rusiya qüvvələri Kiyev və Sumi ətrafında ağır itkilər verəndən sonra hərbi hədəflərini Ukraynanın şərqinə yönəltdiyini bildirir.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.