
Zaporojya AES-in vurulduğu cənubda vəziyyət mürəkkəbdir.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin 9-cu günü – martın 4-də Rusiya qüvvələrinin Nikolayev şəhərinə girdikləri bildirilir.
Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim deyib ki, “onları Ukrayna hərbçiləri qarşıladı. Döyüş gedir”.
Kim Rusiya hərbi karvanının Baştank şəhərinə də girdiyini, məktəbi tutaraq onun direktorunu güllələdiyini xəbər verib.
Bu gün Ukraynanın ən çox dağıntıya məruz qalmış şəhəri Xarkovdur. Şəhərin mərkəzi və yaşayış məntəqələri raket zərbələrindən dağılıb.
Ukraynanın Müdafiə Nazirliyi müharibənin 8 günü ərzində 9 min rusiyalının həlak olduğunu bildirir. Amma bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.
Rusiya iki gün öncə 500-dək əsgərinin öldüyünü açıqlayıb.
Həlledici günlər
Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu günün və qarşıdan gələn günlərin Rusiya ilə müharibədə həlledici olduğunu deyib. Onun sözlərinə görə, Çerniqov, Sumı və Xarkovda döyüşlər gedir. Müxtəlif yerlərdə Ukrayna silahlı qüvvələri əks-həmləyə keçiblər.
Zaporojye AES-in vurulduğu cənubda vəziyyət mürəkkəbdir.
Reznikov Ukrayna ordusunun itki verdiyini desə də, dəqiq say açıqlamayıb.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərləri atəşə tutub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.