Now Reading:
Rusiya sərhədinə yeni yol üçün 150 milyon manat ayrıldı

Natiq Cəfərli: ”Ayrılan vəsaitlər yenə də korrupsiyaya yem olub, keyfiyyətə təsir etməyəcək”

Azərbaycan prezidenti İlham Əliyev sərəncam verərək Bakıdan 45 km məsafədə yerləşən Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə yeni yolun tikintisi üçün 150 milyon manat pul ayırıb.

“Azərtac” agentliyinin məlumatına əsasən, vəsait Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Prezidentin sərəncamında deyilir ki, yeni yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.

“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək”, sərəncamda deyilir.

Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə qədər tikiləcək yeni yolun əsası dekabrın 7-də prezidentin Quba rayonuna səfəri çərçivəsində qoyulub.

Layihə çərçivəsində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir. Yolun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Yollara ayrılan pullar barədə Facebook səhifəsində yazan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, hazırki Bakı-Quba yoluna 650 mln. dollar xərclənib.

“Yola 25 il zəmanət verilmişdi, amma son 10 ildə yolun ayrı-ayrı hissələri 14 dəfə bağlanıb təqribən, 50 mln. manat (60 mln. dollar) yolun cari təmirinə xərclənib.

Son 15 ilin iri infrakstruktur layihələrinə qoyulan milyardlarla vəsait keyfiyyət dəyişikliyinə səbəb olmadığına, ayrılan vəsaitin bir qismi korrupsiya ilə həzm edildiyinə görə artıq həmin başa çatmış layihələrin saxlanılması daha baha başa gələcək”.

İqtisadçı deyir ki, hər il bitmiş yolların, körpülərin, binaların təmirənə, saxlanmasına büdcədən daha çox vəsait ayrmağa məcbur olacaqlar:

“Ayrılan vəsaitlər yenə də korrupsiyaya yem olub, keyfiyyətə təsir etməyəcək – beləcə sistem, yanaşma, idarəetmə fəlsəfəsi dəyişməsə ölkə bu “qısır döngüdə” fırlana-fırlana qalacaq. “MSM” modelinin sonu belə olmalı idi…”.

Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun ümimi təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə beton örtüklü avtomobil yolu tikilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.