2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

‘Rusiya sülh müqaviləsində o qədər də maraqlı deyil’

Dünən, noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfini dövlət sərhədinin Laçın rayonu sahəsində təxribat törətməyə cəhddə günahlandırdı. Bir gün əvvəl də nazirlik Kəlbəcər rayonu istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikasını Ermənistan silahlı qüvvələrinin atıcı silahlardan atəşə tutmasına dair məlumat yaymışdı.

Ermənistanın Müdafiə Nazirliyi isə noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatı “açıq dezinformasiya” adlandırıb. Qurum iddia edib ki, əksinə, Azərbaycan silahlı qüvvələri sərhəddə təxribat törətməyə çalışıb.

Üstəlik, noyabrın 8-də Şuşa yaxınlığında da atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar var. Noyabrın 9-da isə Rusiya Şuşa yaxınlığında baş vermiş insidentlə bağlı məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatında yazılıb: “… Şuşa rayonunda Dağlıq Qarabağın dörd nəfərdən ibarət bir qrup işçisi Azərbaycan tərəfindən atəşə tutulub, nəticədə üç nəfər yaralanıb, bir nəfər öldürülüb. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Azərbaycan və Erməni tərəfləri ilə birlikdə insidenti araşdırır”.

Saytların yığılması Saytlarin yigilmasi

E.Nəsirov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, son günlər postmünaqişə dövrünə xarakterik olmayan gərginlik müşahidə olunmaqdadır: “Qarşıda Azərbaycan və Ermənistan siyasi liderlərinin Rusiya vasitəçiliyi ilə görüşünün keçirilməsi haqqında mülahizələr səslənirdi. Amma biz nəinki görüş, yeni gərginlik ocaqlarının yaranması haqqında məlumatlar eşidirik”.

“Ermənistan məqsədyönlü şəkildə…”

O qeyd edib ki, bir yandan Ermənistan müdafiə naziri Qarabağa səfər edir, bir yandan da Ermənistan xarici işlər naziri Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində mövcudluğunun qeyri-mümkünlüyü haqqında fikirlər səsləndirir: “Nikol Paşinyanın ritorikasında da çox ziddiyyətli fikirlər yer alır. Noyabrın 8-də isə Azərbaycanda çox böyük şadyanalıq tədbirlər keçirildiyi zaman Şuşa yaxınlığında onlar növbəti təxribatçı addımlar atmağa başladılar. Son bu hadisələr deməyə əsas verir ki, Ermənistan tərəfi bütün bunları məqsədyönlü şəkildə həyata keçirir”.

Deputatın sözlərinə görə, Ermənistan dəfələrlə mühüm siyasi qərarlara imza atmağa hazırlaşarkən bu ölkədə ya terror hadisəsi, ya da inqilab baş verir: “İndi da Paşinyanın qarşıdakı danışıqlar fonunda sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı sənədlərə imza atacağı ilə əlaqədar məlumatlar yayıldığı bir reallıqda bu hadisələr baş verir”.

A.Qasımlı

A.Qasımlı

“Paşinyanın davranışında açıq sezilirdi ki…”

Siyasi şərhçisi Azər Qasımlı da AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında danışıqların olacağı, hətta sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılmışdı: “Amma sonradan bəlli oldu ki, Ermənistan cəmiyyətində bununla bağlı müəyyən etirazlar var. Sonra Nikol Paşinyanın davranışında açıq sezilirdi ki, sanki o, bütün bu prosesləri saxladı və davam etmək istəmədi, çünki daxildə ona təzyiq var”.

Onun fikrincə, bu etirazlar, üstəgəl imzalanacaq hər hansı bir sazişin Rusiyanın maraqlarına tam uyğun gəlməməsi məsələsi müəyyən bir gərginliyə yol açmış ola bilər.

“Danışıqlar dalana dirənib”

O qeyd edib ki, danışıqlar dalana dirənib: “Ermənistan rəhbərliyi hazırda taym-aut götürüb və prosesi uzatmaq istəyir. Rusiyanın açıqlamalarından da görünür ki, o özü də sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyil. Çünki bu baş versə, Dağlıq Qarabağ statusu məsələsi tamamilə bitmiş olacaq və belə olan təqdirdə Rusiya sülhməramlılarının orada qalmasının bir mənası qalmır”.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bir neçə gün öncə yaydığı bəyanatında isə bildirilir ki, Moskvanın irəli sürdüyü üçtərəfli sənədlər və mexanizmlər tərəflərə zorla qəbul etdirilməyib, maraqlar balansına əsaslanıb.

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə danışıqlara töhfə verməyə hazır olduğunu bildirib. Prezident Vladimir Putin bir müddət öncə deyirdi ki, sərhədlərin müəyyənləşdirilməsi Rusiyasız mümkün deyil.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button