2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Rusiya tarix boyu üzləşmədiyi ağır duruma düşüb” – Tarixçi professordan ilginc açıqlamalar

Tarixçi professor, Türkiyə bir neçə universitetində dərs deyən Xaləddin İbrahimli Ukrayna ətrafında baş verən hadisələr, Rusiya ilə Qərb arasındakı geosiyasi savaşın səbəbləri və perspektivi, regionun gələcəyi ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb. Müsahibəni təqdim edirik:

 

Saytların yığılması Saytlarin yigilmasi

Professor, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə bu ölkənin sərhədlərini çoxdan aşıb. ABŞ başda olmaqla, NATO və Qərb Kiyevi dəstəkləyir, silahlandırır, maliyyə yardımı edir, paralel olaraq, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir. Proseslərin gedişi nə vəd edir, yeni “soyuq müharibə” dövrünəmi qədəm qoymuşuq? 

– “Soyuq müharibə” deyimi bir metaforadır. İndi baş verənlərin adını “yeni soyuq müharibə” də qoya bilərsiniz. Amma bu, Ukraynada baş verənlərin səbəblərini, hadisələrin mahiyyətini dəyişməyəcək. Bir az da açıq ifadə etsəm, sovetlər birliyi dağılandan sonra ABŞ və Rusiya arasında gərginlik bir az səngidi, amma bitmədi, günümüzdə isə yeni – aktiv fazaya daxil oldu. Bəlli oldu ki, “soyuq müharibə” dönəmindəki qarşıdurma əksəriyyətin iddia etdiyi kimi kapitalizmlə sosializm arasındakı ideoloji tərslik və barışmazlıq deyilmiş. Ukraynadan başlanan yeni qarşıdurma onu göstərdi ki, bu geopolitikadakı təməl ikili ziddiyyətdən, yəni quru ilə su zıddiyyətindən qaynaqlanan bir qarşıdurmadır. Avroatlantiklərlə Avrasiyaçıların 100 ildən çox davam edən hegemonluq uğrunda mübarizəsidir.

– Maraqlıdır, “soyuq müharibə” dönəmində quru və su mübarizəsi hansı bölgələrdə gedirdi?

– Çoxları bunu strateji silahlara sahib olmaq uğrunda bir rəqabət və ya yarış kimi təsəvvür edirdi. Amma əsas mübarizə Avrasiyanı əhatələyən sularda gedirdi. Bura Avropanın güney bölgələri, Orta Şərqin, ayrıca İranın, Pakistanın, Koreyanın, Vyetnamın və Asya-Sakit okean hövzəsinin sahilləri daxil idi. Məşhur Amerika geopolitikaçısı Nikolas Spikmanın dediyi kimi, Rimland (sahil zolağı) uğrunda savaş gedirdi. Çünki fikir belə idi ki, Rimlanda, yəni Avrasiyanın güneyindəki sahil bölgələrinə nəzarət edən qüvvə Dünya Adasına (Avrasiyaya) nəzarət edəcək. Dünya Adasına nəzarət edən isə dünyaya nəzarət edəcək. “Soyuq müharibə” dönəmində İsrailin yaradılması, Koreya, Vyetnam, az sonra Əfqanıstan savaşları, İranda baş verən inqilab, Türkiyənin davamlı nəzarətdə tutulması siyasəti Rimlanda nəzarət uğrunda savaş idi. ABŞ və Sovet İttifaqının bu qarşıdurmasında iki ölkə – Vyetnam və Koreya Şimala və Cənuba bölündü. Sovetlər birliyinin dağılmasından sonra NATO Şərqə tərəf xeyli genişləndi, Avrasiyanın Cənub sahillərində Rusiyanın mövqeləri sarsıldı: Orta Şərqlə əlaqələri zəiflədi, İranla birbaşa quru sərhədi ortadan qalxdı və s. ABŞ-ın mövqeyi isə əksinə, xeyli gücləndi. 2015-ci ildə Rusiyanın Suriyaya geri dönməsi, Liviyada möhkəmlənmə təşəbbüsləri Mərkəzi Okean deyilən Aralıq Dənizində itirilən mövqelərinin qaytarılması yönündə atdığı ilk addımlar idi və bundan sonra, böyük ehtimalla, davamı gəlməyəcək.

– Amma ortada Çin faktoru var…

– Bəli, bu ciddi faktordur, Rusiya ilə bir arada daha ciddi faktora çevrilir. Qısaca onu deyim ki, Çin də güney sularından sıxışdırılmış durumdadır. Bütün üstünlüklərinə rəğmən, Tayvan, Yaponiya, Cənubi Koreya, Hindistan və başqa dövlətlər cənub cinahından ona qarşı ABŞ-ın yanındadırlar. Əfqanıstan və Pakistan, ən yumşaq şəkildə ifadə etsək, ABŞ-a qarşı Çinlə birgə deyillər. Rusiyanın Çini müdafiə etmək imkanları çox deyil, ən azı ona görə ki, cənub sularına çıxış imkanları çox məhduddur və Asiya Sakit okeanında müttəfiqi yoxdur. Cənubdakı ərəb dövlətlərinin, ayrıca Misir və İsrailin də ABŞ-ın yanında yer aldığını nəzərə alsaq, “soyuq savaşdan” sonrakı dönəmdə ABŞ Rimlandda mövqelərini əsaslı şəkildə gücləndirə bildi. İndi isə iç dənizlərə, qurunun dərinliklərinə gedərək, Rusiya sərhədlərinə daha da yaxınlaşmaqdadır. İsveç və Finlandiya NATO-ya qəbul edilərsə, mühasirə daha da daralacaq, təzyiq imkanları daha da artacaq.

– Belə çıxır ki, Ukraynadakı savaş əsasən Ağ Evdən qaynaqlanır?

– Elə düşünmək səhv olardı. Müharibə Kremldən qaynaqlanır. Bu, mübahisəsizdir. Səhvi edən Putindir. Bəlkə də Ağ ev zaman-zaman onu bu yanlış addımı atmağa sövq etdi. Bəlkə də Putinin atdığı səhv addımdan, həm də çox təhlükəli addımdan sui-istifadə edildi və cəzalandırılır, qarşıda hələ daha çox cəzalandırılacaq. Çünki bu müharibədə Putin Ukraynanın tamamını işğal etsə belə, məğlub duruma düşəcək. Görünən odur ki, Qərbin Rimlandın içərilərinə doğru irəliləməsi üçün Ukraynada yeni tarixi fürsətlər yaranıb və Rusiya özünü burada böyük bir bataqlığın içərisinə soxub.

– “Rusiya səhv addım atmağa sövq edildi” dediniz. Bu fikrə bir az da aydınlıq gətirmək mümkündürmü?

– Əlbəttə. Mənim müşahidələrimə görə, 2014-cü il işğalından sonra ABŞ və bəzi qərb ölkələri Ukraynaya ciddi dəstək verməyə başladı. Onun ordusu yenidən quruldu və həm nəzəri, həm də praktik-maddi baxımdan əsaslı şəkildə hazırlandı. Hətta ola bilsin, Ukrayna ordusu işğal olunmuş torpaqların azad edilməsinə hazırlanırdı. Ola bilsin, Putin, “bir az da ləngisək, onlar başlayacaqdı” deyəndə bu məqama işarə edir. Ancaq bütün hallarda, Putin Ukraynaya müdaxilə etməməli idi. Ukraynanın öz torpaqlarını azad etmək uğrunda başlayacağı mübarizə bəlkə də Rusiyaya daha çox diplomatik manevr etmək imkanı verəcəkdi. İndi isə haradan baxsan, haqsız duruma düşdü. 

Müharibənin ilk günlərindən çoxsaylı Rusiya ordusuna heç kəsin gözləmədiyi dirənişin göstərilməsi, deyilən hazırlığın və Qərbin dəstəyinin savaş başlayandan sonra başlaması fikrinin yanlış olduğunu isbatlayan əsas dəlildir. Liderlərin söylədikləri fikirlərdə, əlbəttə, yayındırıcı və təbliğat elementləri vardır.

Ona da əminəm ki, Rusiyanın Ukraynaya müharibə edəcəyinə dair ABŞ kəşfiyyatında ilk günlərdən məlumat var idi. Çünki 200 minlik bir ordunu müharibəyə səfərbər etmək, hazırlamaq bir-iki ayın məsələsi deyil və bunu gizli saxlamaq da imkansızdır. Fikrimcə, ABŞ-ın Əfqanıstandan tələm-tələsik çıxmasının səbəbi də Rusiyanın müharibəyə hazırlaşması ilə bağlı kəşfiyyatdan gələn dəqiq informasiyalarla bağlı idi. ABŞ Əfqanıstandan çəkildi və Ukraynaya hədəfləndi. Qarabağ və Qazaxıstan olaylarına diqqət edəndə Rusiyanın da öncədən “arxa bağçada” bəzi hazırlıqlar apardığını iddia etmək mümkündür.

– ABŞ-ın Ukraynaya hərbi-siyasi dəstəyinin miqyası məlumdur. Maraqlıdır, Vaşinqton nədən bu ölkəyə belə önəm verir? 

– Təkcə ABŞ yox, həm də İngiltərə, yəni Avroatlantik blok. Ukrayna böhranı Avropanı qorxudacaq tək böhran ola bilərdi. ABŞ bilirdi ki, Rusiyanın hücumu Avropa Birliyi (AB) ölkələrini qorxudacaq və NATO-nun ayağından bərk yapışmağa məcbur edəcək. Belə də oldu. Tramp AB ilə Avroatlantik alyans arasında xəfif çat yaratmışdı. Yeri gəlmişkən, Putini aldadan məsələlərdən biri də AB-nin bölündüyü barədə illüziya idi.

Ukraynanın geopolitik önəmi böyükdür. Z.Bzejinskinin də dediyi kimi, bu dövlət bölgədə Rusiyaya alternativ olacaq, onun qarşısında dura biləcək tək gücdür. Bu fikir özünü doğrultdu. Belə imkan postsovet və postsosialist məkana daxil olan heç bir dövlətdə yoxdur, hətta çox ciddi mövqeyə sahib olan Polşada da yoxdur. Qərb Ukraynanın dirəniş gücünü gördü və dördəlli ondan yapışdı. Bundan sonra çətin ki, yaxaladığı imkanı əldən versin. Rusiya tarix boyu üzləşmədiyi ağır bir duruma düşüb. Putin müqavimət göstərdikcə hər gün mövqeyini zəiflədir, Rusiyanın problemlərinin sayını isə artırır, vəziyyətini pisləşdirir.

– Qarabağ demişkən, buradakı son hadisələri necə dəyərləndirirsiniz?

– Məncə, Paşinyanın üzərində ciddi basqılar var, bu da onun konkret mövqe seçməsinə əngəl olur. Ermənistanda təhlükəsizliyə cavabdeh hələ ki, Rusiyadır. İstədiyi vaxt iqtidarı zorla dəyişdirə bilər. Bunu 1999-cu ildə də göstərdi. Siyasi hakimiyyətin təhlükəsizliyini təmin edəcək daxili və xarici güc olmadığından, ölkədə Rusiyanın hərbi bazasının varlığı üzündən Ermənistan siyasi rəhbəri Moskvanın girovluğundan qurtula bilmir. Ona görə də Moskvadan dönən kimi Kremlin ağzı ilə danışmağa məcbur olur. Qafqaza Kremlin təsiri zəiflədikcə Ermənistan real siyasət yürütməyə başlayacaq, başqa çarəsi yoxdur. Qarşıda biz bunu daha aydın görəcəyik.

Azərbaycan bir az da səbir etməlidir. Rusiya əvvəlki Rusiya olmayacaq. Qərb də Rusiyadan əl çəkən deyil, onu təhlükəsiz həddə qədər zəiflədəcək. Bu zaman bütün postsovet məkanı yeni dönəmə girəcək. Gürcüstan da, Azərbaycan da, Moldova da illərlə yığılıb qalan problemlərini çox qısa zamanda həll etmək imkanı qazanacaq. Arxasında Türkiyənin dayandığı Azərbaycanın isə şansları daha çoxdur; yetər ki, ortada səmimiyyət olsun. Zəngəzur dəhlizi açılmalı, bu kiçik bölgədə Türkiyə və Türküstan arasında yaradılan süni, həm də geopolitik çat ortadan qaldırılmalıdır.

– Türkiyə mediasına baxanda belə fikir yaranır ki, sanki Ankara Rusiyanın zəifləməsini istəmir…

– Belə görüntü var. Türkiyə Rusiyanın güclü olmasını istəmir, eyni zamanda, bölgədə ABŞ-ın da güclü olmasından yana deyil və bunun üçün kifayət qədər ciddi səbəbləri var. ABŞ-ın Türkiyənin Cənubunda süni dövlət yaratmaq istiqamətindəki çalışmaları ortadadır. Amma Türkiyə Ukraynanın haqq işini dəstəkləməkdən bir an da olsun vaz keçmir. Bizim media bəzən bu iki məsələni bir arada dəyərləndirmək istəmir. Amma bu iki amili bir-birindən ayırmaq olmaz. 

Ümumilikdə Türkiyənin maraqları postsovet məkanında Azərbaycanın və 4 Orta Asiya dövlətinin möhkəmlənməsindən və Türk Dövlətləri Təşkilatının güclü bir təşkilat halına gəlməsindən yanadır. Bu da Rusiyanın təsirinin zəifləməsi ilə sıx bağlıdır. Ancaq bu məsələ təkcə Türkiyədən asılı deyil. Haqqında bəhs etdiyimiz ölkələr Rusiyaya çox bağlıdırlar, hətta bəzi sahələrdə müstəqil siyasət yürütməkdə çətinlik çəkirlər və əsas problem də bu ölkələrin ciddi birliyə hazır olmamasıdır. Bu dövlətlərin bəziləri az qala Moskva ilə şərikli idarə olunur. Hətta Moskvadan müəyyənləşdirilən şəriklər bəzən bir olmur, təhsil, hərbi, təhlükəsizlik, siyasi idarəçilik kimi strateji sahələri əhatə edirlər. Dövlət idarəçiliyi şərik tanımaz, şərik qəbul etməz. Bu durum dəyişməlidir. Qarşıdakı illərdə türk dövlətlərini Kremlə bağlayan iplər zəifləyəcək, bir az da içəridən, yəni özümüzdən istək və cəhd olsa, qırılması asanlaşacaq. Vacib vektorlardan biri milli dillərin statusunu özünə qaytarmaqdır. Bu məsələni gələcək nəsillərin üzərinə yükləmək lazım deyil. Günü sabahdan işə başlamaq olar. Azərbaycan kimi kiçik informasiya məkanında 340 rus məktəbinin olması təhlükəlidir. Bu, içəridən işğal və ya bayırdan işğala hazırlıq anlamına gəlir.

Turqut

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button