24saat.org Rusiya-Ukrayna arasında növbəti gərginlik - VİDEO - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Rusiya-Ukrayna arasında növbəti gərginlik – VİDEO

Ukraynada hərbi vəziyyət elan oluna bilər

Noyabrın 26-da Ukrayna parlamenti fövqəladə iclas keçirəcək. Toplantıda ölkədə hərbi vəziyyətin elan olunmasına dair Hərbi Şuranın tövsiyəsi müzakirə olunacaq.

Buna səbəb noyabrın 25-də Rusiya qüvvələrinin Krım yarımadası yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açması olub.

Hadisədən sonra Hərbi Şuranın toplantısında prezident Petro Poroşenko hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib. Ancaq bu heç də Ukraynanın hücum əməliyyatları aparacağı anlamına gəlmir.

Ukrayna mediasının məlumatına görə, Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb.

Bildirilib ki, Kiyev nə saxlanmış gəmilərlə, nə də dənizçilərlə əlaqə yarada bilir.

İnsidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi (tərcümə AzadliqRadiosunundur).

BMT fövqəladə toplantı keçirəcək

İki ölkə arasında hərbi qarşıdurma yaranacağından ehtiyatlanan BMT-nin Təhlükəsizlik Şurası da noyabrın 26-da fövqəladə iclas keçirəcəyini bildirib. Bunu Birləşmiş Ştatlarıln BMT-dəki səfiri Nikki Haley tvitində yazıb.

“Frans Pres” agentliyi diplomatik mənbələrə istinadla yazır ki, iclasın keçirilməsini Ukrayna və Rusiya xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna hakimiyyətini Kerç boğazında “qanqster taktikası”na əl atmaqda suçlayıb – ilk öncə provokasiya, daha sonra təzyiq və sonucda təcavüz ittihamları səsləndirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Ukrayna donanmasının gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girməyə cəhd edib deyə, onları dayandırmaq üçün atəş açılıb.

Ukrayna donanması isə gəmilərinin Kerç Boğazından çıxaraq Qara Dənizə qayıdarkən Rusiya sərhəd gəmilərinin hücumuna məruz qaldığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın “aqressiv hərəkətləri”ni beynəlxalq hüququn pozulması sayır və buna “beynəlxalq və diplomatik hüquqi reaksiya” veriləcək.

Noyabrın 25-də axşam qəzəbli etirazçılar Rusiyanın Kiyevdəki səfirliyi qarşısına yığışıblar.

Putin Qərbi və Trampı “mini Yalta” masasının qurulmasına vadar etmək istəyir

Məsələni öz “Facebook” səhifəsində şərh edən siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, hadisənin noyabrın 30-da G-20 zirvəsi çərçivəsində keçiriləcək

“Olayın səbəbləri ilə bağlı 3 əsas versiya var:

– Birincisi, Putin Ukrayna problemini aktuallaşdırıb, Avropanın şərqindəki bu münaqişəni hər an alovlandıra biləcəyini nümayiş etdirməklə, çoxdan arzu etdiyi kimi, Qərbi və TPutin-Tramp görüşü ərəfəsində baş verməsi diqqətçəkəndir:rampı “mini Yalta” masasının qurulmasına vadar etmək istəyir. Yəni, məsələn, “İran və Çin məsələlərində sənə kömək edə bilərəm, əvəzində Ukraynanı mənə ver” şəklində bir alver istəyi, mesajı.

– İkinci versiyaya əsasən, son həftələrdə Ukrayna Azovda qəsdən Rusiyanı kiçikmiqyaslı konfliktə təhrik edir və bu məsələdə ABŞ dövlətinin içərisindəki bəzi çevrələrin, həmçinin Britaniyanın (anqlo-saks “dərin dövləti”) rolu var. Trampın Putinlə mümkün razılaşmalarını və alverini pozmaq, eləcə də Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmaq, Avropada Rusiya ilə münasibətlərin düzəlməsini istəyən (alman-fransız böyük biznesi, İtaliya, Avstriya və s.) dairələri susdurmaq üçün həmin çevrələr Moskvanı yeni aqressiv addımlara sürükləmək ehtiyacı hiss edir.

Şahin Cəfərli
Şahin Cəfərli

– Daha çox Rusiyada səsləndirilən üçüncü versiya budur ki, reytinqi aşağı olan Poroşenko prezident seçkilərinə az müddət qalmış qəsdən vəziyyəti gərginləşdirir ki, buradan siyasi divident götürsün”.

Şahin Cəfərli deyir ki, hər üç versiyanın lehinə və əleyhinə arqumentlər tapmaq olar:

“Mən şəxsən bu avantüranın Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılması ilə nəticələnməsi ehtimalını yüksək sayıram. Skripal hadisəsi ilə bağlı ABŞ hökuməti tərəfindən yeni sanksiyalar zatən gündəmdədir, bunların tətbiqi sürətlənəcək. Konqresdə isə sanksiyalara dair bir neçə qanun təklifi var və bunları vahid layihə şəklində birləşdirmək lazımdır. Bu prosesə yəqin ki, yeni ilin ilk həftəsində Konqresin yeni tərkibi fəaliyyətə başladıqdan sonra start veriləcək.

Bərbad durumda olan Rusiya iqtisadiyyatını daha ağır günlərin gözlədiyi şübhəsizdir. ABŞ-ın bu mərhələdən sonra Ukrayna və Gürcüstanı alver predmetinə çevirməsi isə ağlabatan görünmür”.

Rusiyanı yeni sanksiyalar gözləyir

Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, baş verən hadisə Rusiyanın əleyhinə işləyəcək. O bu barədə öz “Facebook” hesabında yazıb:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Rusiya ilə Ukrayna yenə müharibənin astanasındadırlar. Hər iki ölkənin hərbi gəmiləri Azov dənizində üz-üzə gəlib. Ukrayna gəmiləri öz dəniz sularındadırlar. Rusiya isə Krımı özününkü saydığından Ukrayna gəmilərinin sərhədi pozduqlarını iddia edir. Bütün dünya və beynəlxalq hüquq Krımı və onun sahilinin Ukraynaya aid olduğunu bildirir. Bu səbəbdən beynəlxalq hüquq və Qərb dövlətləri bu mübahisədə yenə Ukraynaya dəstək verəcəklər. Rusiya Ukrayna gəmilərinin heyətini həbs etsə, bu yaxın aylar üçün növbəti regional gərginliyə səbəb olacaq. Azovdakı gərgin vəziyyət Donbasda gərginliyi artıracaq. Rusiyaya qarşı yeni sanksiyalar gəlir”.

Xatırlatma…

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib. Bu səbəbdən Azov dənizi, Kerç boğazı və Qara Dəniz gərginlik ocaqları sayılır. 2003-cü ildə Rusiya və Ukraynanın əldə etdiyi sazişə görə, Kerç boğazı və Azov dənizi birgə ərazi sularıdır.
Moskva isə bu ərazilərə nəzarəti genişləndirməyə çalışır. Mayda Krımı Rusiya ərazisi ilə birləşdirən 19 kilometr uzunluqda körpü tikilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.