2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya ukraynalı uşaqları harada gizlədir?

Mənbə: Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından Rusiyanın Ukraynada uşaq oğurluğu ilə məşğul olduğu barədə məqalə dərc edilib. Məqalənin tərcüməsini diqqətinizə çatdırırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Ukraynada apardığı müharibənin ən ağır zərbələrindən biri ukraynalı uşaqlara dəyir. Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası son hesabatında qətllərə, dağıntılara məruz qalan ukraynalı uşaqların daha bir problemindən – onların “yenidən tərbiyə olunmaq” üçün Rusiyaya göndərilməsindən bəhs edib. Əlbəttə, bu, Rusiyanın beyinləri yumaq cəhdidir və müharibə cinayəti kimi qiymətləndirilə bilər.

Ukrayna rəsmiləri bu məsələ ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə etsələr də, problemin miqyası tam aydın deyildi.

Ukraynanın uşaq hüquqlarının müdafiəsi üzrə yüksək rütbəli rəsmisi Darya Gerasimçuk 11 minə yaxın ukraynalı uşağın valideynlərdən ayrı salınıb Rusiyaya qaçırıldığı ehtimalını səsləndirmişdi.

Ötən ilin dekabrında “Vaşinqton Post” Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların övladlığa götürülməsi prosesinin sadələşdirilməsi ilə bağlı verdiyi fərmanı şərh etmiş, Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın bu siyasəti fəal şəkildə həyata keçirdiyini yazmışdı. Ukraynalı uşaqların öz kökündən ayrı salınmasına tərəfdar olan Mariya Lvova-Belova artıq ABŞ-ın sanksiyası altındadır.

Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası ABŞ Dövlət Departamentinin Ukraynada törədilən müharibə cinayətlərini sənədləşdirmək üçün dəstəklədiyi qurumlardan biridir.

Laboratoriyanın hesablamasına görə, Ukraynadan Rusiyaya 4-17 yaşlarında ən azı 6 min uşaq aparılıb. Laboratoriya gerçək sayın bundan xeyli yüksək ola biləcəyini də qeyd edir.

Hesabatda Ukraynadan aparılan uşaqların ən azı 43 müəssisədə yerləşdirildiyi bildirilir. Həmin müəssisələrin ən azı 40-ı yay düşərgəsidir və Rusiyada, həmçinin 2014-cü ildə ilhaq edilmiş Krım yarımadasında yerləşir: 7-si Krımda, 12-si Qara dəniz ətrafında, 10-u Moskva, Kazan və Yekaterinburqda, 11-i Ukrayna sərhədindən azı 800 kilometr uzaqdakı Rusiya ərazilərindədir.

Hesabat müəlliflərinin qənaətinə görə, düşərgələrdə qarşıya qoyulan əsas məqsəd ukraynalı uşaqları siyasi baxımdan yenidən tərbiyə etməkdir. Düşərgələrin 32-də bu işə daha sistematik səy göstərildiyi, təlim-tərbiyə prosesinin, mədəni tədbirlərin bütünlüklə ukraynalı uşaqları rus patriotu ruhunda formalaşdırmağa yönəldildiyi, uşaqların hərbi təhsilə cəlb olunduğu vurğulanır.

Humanitar Tədqiqatlar Laboratoriyasının hesabatına əsasən, uşaqların bəzisi düşərgələrə valideynlərinin razılığı ilə aparılıb. Valideynlər düşünüblər ki, bu sadəcə pulsuz istirahətdir, uşaqlar həm dincələcək, həm də müharibə zonasından uzaq olacaqlar, sonra isə vəd edildiyi vaxtda geri qaytarılacaqlar. Ancaq uşaqları düşərgələrdə vəd olunduğundan artıq –  bir neçə həftə, hətta bir neçə ay çox saxlayıblar. İki düşərgədə isə uşaqların geri göndərilməsi prosesinin qeyri-müəyyən müddətə dayandırıldığı üzə çıxıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, kimsəsiz uşaqları və daha çox fiziki, əqli qüsuruna görə Ukraynada dövlət müəssisələrində saxlanan uşaqları Rusiyaya ilk növbədə övladlığa, qəyyumluğa vermək məqsədilə deportasiya ediblər.

Rusiyanın davranışı beynəlxalq hüquq normalarına ziddir. Bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi BMT-nin 1948-ci ilin dekabr ayının 9-da qəbul etdiyi Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası ilə qadağandır. Bəzi beynəlxalq hüquq ekspertləri bu konvensiyanı müdafiə olunan qrupun, o cümlədən uşaqların mədəniyyətini, dilini və dinini məhv etməyə yönəlmiş əməllərə də şamil edirlər.

BMT uşaq oğurluğunu silahlı münaqişələr zamanı uşaqlara qarşı tətbiq edilən ən ağır 6 cinayətdən biri kimi tanıyır. Rusiya Uşaq Hüquqları Konvensiyasını sovet dövründə – 1990-cı ildə imzalayıb. İndi onun bu konvensiyanı pozduğu göz qabağındadır.

Yekun qərarı beynəlxalq məhkəmələr və ya tribunallar verməli olacaq. Amma o vaxta qədər Ukraynanın müttəfiqləri – ABŞ və Avropa ukraynalı uşaqları zorla köçürməklə məşğul olan Rusiya rəsmilərinə qarşı ölçü götürməlidir.

Humanitar Tədqiqatlar Laboratoriyasının hesabatında xatırladılır ki, uşaqların qanunsuz köçürülməsində əli olan rusiyalı rəsmilərdən ən azı 12 nəfəri ABŞ-ın və ya beynəlxalq qurumların sanksiyası altında deyil. O adamları təcili sanksiya altına almaq lazımdır.

24 saat” “Rusiya ukraynalı uşaqları harada gizlədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button