Loading...
Loading...
SEÇMƏ

Rusiya Ukraynanın uzaqmənzilli silahlarını məhv edəcəyini deyir

Yayımlandı: 18 İyul 2022 13:54

Əməliyyata Qarabağdakı sülhməramlıların keçmiş komandanı rəhbərlik edir

“Hazırkı prioritet Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsidir”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vostok” qrupuna baxış zamanı deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib.

“Ordu generalı Sergey Şoyqu komandana uzaq mənzilli raket və artilleriya vasitələri ilə Donbassın yaşayış məntəqələrini atəşə tutan və qəsdən taxıl sahələri və onların saxlandığı anbarları yandıran düşmənin yüksək dəqiqli silahlardan məhv edilməsi ilə bağlı göstəriş verib. “Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov əmrin yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını vurğulayıb”, – deyə nazirlik bildirib.

Rüstəm Muradov, Foto: https://www.president.am/

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.

2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olmuş Rüstəm Muradov Dərbənddə doğulub.

R.Muradov 2017-ci ildə Suriyada hərbi məsləhətçi təyin olunub.

“Deyr-əz-Zor” istiqamətində əməliyyatdan sonra R.Muradov cəsarət və qəhrəmanlığa görə “Rusiya Qəhrəmanı” adına layiq görülüb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Zelenski naziri və Baş prokuroru vəzifədən kənarlaşdırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button