Dünya

Rusiya Ukraynaya zərbələr endirir, Xersonda ‘döyüşlərin ən ağırına’ hazırlaşır

ABŞ Prezidenti Co Bayden oktyabrın 25-də Rusiyaya xəbərdarlıq edib ki, Ukraynada taktiki nüvə silahından istifadə “ağlasığmaz ciddi səhv olar”

Rusiya Ukraynaya zərbələri davam etdirir, infrastruktura ziyan vurur, dinc sakinlərin ölümünə səbəb olur. Bu arada Moskva strateji Xerson cənub vilayətində döyüşə hazırlaşır. Məlumatı Ukrayna rəsmiləri və ordusu yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 26-da bildirib ki, bir gün öncə Rusiya 40-dan çox məntəqəni vurub. Bu zaman raket və mərmilərdən istifadə olunduğu bildirilir.

Mərkəzi Dnepr şəhərində biri hamilə qadın olmaqla azı iki nəfərin Rusiya bombardmanı nəticəsində həlak olduğu bildirilir.

Cənubi Xerson şəhərində isə Rusiya qüvvələri “döyüşlərin ən ağırına” hazırlaşır, bunu Prezidenti Volodimir Zelenskinin müşaviri Aleksey Arestoviç deyib.

Ukrayna bu vilayətdə əkshücuma keçərək Rusiya qüvvələrini nisbətən geri oturda bilib. Ancaq vilayət paytaxtı Xerson səkkiz ay öncə başlamış işğalın ilk günlərində Rusiyanın əlinə keçib.

“Xersonda hər şey aydındır. Rusiyalılar orda qruplaşmalarını tamamlayır, gücləndirirlər”, – Arestoviç oktyabrın 25-də onlayn videoda deyir.

Onun sözlərinə görə, yerli sakinləri Dneprin şərq sahilinə köçürür, çünki özləri şəhərin müdafiəsinə hazırlaşırlar.

“Bu o deməkdir ki, heç kəs geri çəkilməyə hazırlaşmır. Əksinə, Xersonda döyüşlərin ən ağırı olacaq”, – Arestoviç vurğulayıb.

Zelenski isə oktyabrın 25-də Xersonu geri almaqla bağlı vədini bir daha dilə gətirib. Xersonun itirilməsi Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsində böyük uğursuzluq olar.

Rusiyanın Ukraynanın ötən ay ilhaq etdiyi dörd vilayəti içində Xerson strateji baxımdan ən vacibi sayılır.

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım vilayətinə yeganə quru yolu, Ukraynanı ikiyə bölən Dnepr çayının mənsəbi Xersondan keçir.

Bu arada ABŞ Prezidenti Co Bayden oktyabrın 25-də Rusiyaya xəbərdarlıq edib ki, Ukraynada taktiki nüvə silahından istifadə “ağlasığmaz ciddi səhv olar”.

Moskva ötən həftəsonu Ukraynanın öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda iddialar səsləndirib. Birləşmiş Ştatlar, Ukraynanı müdafiə edən digər ölkələrsə bu iddiaları dərhal rədd edib.

Kiyev və müttəfiqləri Rusiyanın bununla Ukraynaya çirkli bomba hücumu üçün bəhanə hazırlamasından şübhələnir.

“Yalnız onu deyə bilərəm ki, Rusiya taktiki nüvə silahına əl atarsa, inanılmaz ciddi səhvə yol verər. Bunun gizli əməliyyat olmasına zəmanət verə bilmərəm. Bilmirəm. Amma bu, ciddi səhv olardı”,Bayden jurnalistlərə deyib.

Kremlin sözçüsü Dmitri Peskovun oktyabrın 25-də jurnalistlərə dediyinə görə, Vaşinqtonun Rusiyanın xəbərdarlığına əhəmiyyət verməməsi “haqqında danışdığımız hədənin ciddiliyinə uyğun deyil”.

Gözdən qaçırmayın:  Bir vilayətdə 200-dən çox etirazçı məhkum edilib

Çirkli bomba adi döyüş başlığı törədilən partlayışın ətrafa radioaktiv, bioloji və kimyəvi materiallar yaymasıdır.

24 saat” “
Rusiya Ukraynaya zərbələr endirir, Xersonda ‘döyüşlərin ən ağırına’ hazırlaşır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button