2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya və Paşinyan üçün sınaq

Ermənistanın baş naziri Nikol Paşinyan çox dar dairədə bildirib ki, hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Rusiya variantını imzalamayacaq. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. Paşinyan onu da bildirib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyadan gələn təhdidlərdən qorxmur.

Burada ən maraqlı məsələ Rusiya variantının rədd edilməsidir. İndiki şəraitdə həm İrəvanın, həm də onun dəstəklədiyi Qarabağ separatçılarının maraqlarına sülh müqaviləsinin məhz Rusiya variantının daha çox cavab verdiyini nəzərə alsaq, bu çox qəribədir.

Hazırda hərtərəfli sülh müqaviləsində məhz Bakı israr edir. Bakının tələbinə görə, sülh müqaviləsinin mətnində Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı və gələcəkdə Azərbaycana qarşı hər hansı ərazi iddialarından açıq şəkildə imtina etməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Moskva isə əksinə, Qarabağ məsələsinin ümumən həll edilməmiş, havada asılı qaldığı, problemin “gələcəyə” ötürüldüyü yarımçıq “sülh variantı” təklif edir. Əslində, hər şeyi saqqız kimi uzatmağı xoşlayan erməniləri bu variant qane etməlidir – axı belə olan halda separatçılar öz “DQR”ləri ilə birlikdə heç yerə getməyəcəklər, Rusiya sülhməramlı kontingenti isə Qarabağda nə qədər istəsə, o qədər də qalacaq. Bəs Paşinyan niyə birdən-birə buna qarşı çıxır? Məsələ nədədir? Bu, Nikolun son vaxtlar yaxınlaşmağa müvəffəq olduğu Qərb ölkələrinin tələbidir, yoxsa başqa nəsə var?

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.

O, hesab edir ki, böyük ehtimalla bu sualın cavabını Nikol Paşinyanın özünün məqalələrində tapmaq olar. Xatırladaq ki, bir neçə həftə əvvəl “Haykakan Jamanak” qəzetində anonim materiallar dərc edilmişdi və məqalələrdən biri “Rusiya nə istəyir?” başlığı ilə çıxmışdı. Hamı bilir ki, bu qəzet Paşinyan ailəsinə məxsusdur. “Hazırda onun həyat yoldaşı bu nəşrin rəhbəri və baş redaktoru vəzifəsində işləyir. Və əgər orada hansısa anonim materiallar dərc edilirsə, deməli, onların müəllifliyi Nikol Paşinyana məxsusdur. Bunu Ermənistanda bilirlər və hesab edirəm ki, bu versiya doğrudur”, – deyə politoloq bildirib.

“Yəni, əgər “Hraparak” qəzetinin mənbələri etibarlıdırsa və Paşinyan həqiqətən də dar çevrədə buna bənzər sözlər deyibsə, məncə, cavabları Ermənistanın baş nazirinin imza qoymadığı bu məqalələrində axtarmaq lazımdır. Məqalələri nəzərdən keçirəndə isə Paşinyanın belə bir fikrinin formalaşdığını görürük – o, hesab edir ki, Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanı asılı vəziyyətdə saxlamaq üçün yaradılıb, çünki Rusiya bundan öz xeyri üçün faydalana bilir. Nə qədər ki münaqişə davam edir, Ermənistan regional əlaqələrindən məhrumdur, ölkədəki qeyri-sabitlik səbəbindən isə xaricdən hər hansı potensial investoru cəlb edə bilmir. Bundan belə çıxır ki, böyük neft və qaz ehtiyatlarına, eləcə də açıq nəqliyyat dəhlizlərinə malik olan Azərbaycan nəzərə çarpan iqtisadi artım əldə edə bilər, Ermənistan isə geriləyəcək və deqradasiya baş verəcək”, – deyə Əlili davam edib.

Odur ki, Qarabağ münaqişəsi və bu münaqişədən geri qalanların tezliklə həll olunması indi Paşinyan üçün çox vacibdir. Çünki yalnız bu halda Ermənistanın iqtisadi inkişafı üçün perspektivlər açıla bilər. Və bu baxımdan, Paşinyanın anonim müəllif kimi yazdığı məqalələrə qayıdaraq, onun bütün bunları necə təsəvvür etdiyini görürük – o hesab edir ki, Rusiya və ya hansısa başqa güc mərkəzinin regionumuza nəzarət edə bilməsinin ən böyük bədəlini ermənilər özləri və Ermənistan ödəyir. 

“Ermənistan buna görə başqalarından daha çox əziyyət çəkib və hesab edirəm ki, Nikol Paşinyan artıq bu vəziyyəti davam etdirməyə razı deyil. Amma bütün bunlar Rusiyanın Ermənistana təsir edib-etməyəcəyinin sınağına çevriləcək. Görək, Paşinyan söz verdiyini, yəni, Azərbaycanla sülh müqaviləsinin Rusiya variantını imzalamamağı bacaracaqmı. Bu, Ukraynadakı müharibədən sonra Rusiyanın Ermənistandakı təsirinin nə qədər zəiflədiyini və ya dəyişməz qaldığını göstərən sınaq olacaq. Bu addım bizə çox şey göstərəcək”, – deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov

24 saat” “Rusiya və Paşinyan üçün sınaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button