Dünən, martın 28-də Rusiya Dövlət Dumasına yalnız rus dilini bilənlərin “həmvətən” kimi tanıması haqqında qanun layihəsi təqdim olunub. Layihəni Dumanın Müstəqil Dövlətlər Birliyi ilə işlər, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin hazırlayıb.
Layihədə təklif olunur ki, yalnız Rusiya xaricində yaşayaraq rus dilini bilən, tarixən Rusiya ərazisində yaşayan xalqların üzvləri və onların nəslindən olanlar “həmvətən” hesab olunsunlar. Eləcə də Rusiya ilə “dini, mədəni və hüquqi əlaqələrin xeyrinə azad seçim edənlər”, qohumları birbaşa Rusiya Federasiyasında doğulanlar, yaxud yaşayanlar bu ada layiq görülməlidir.
İndiki qanunvericilikdə həm Rusiya vətəndaşları, həm xaricdə yaşayanlar, həm də keçmiş sovet respublikalarından çıxanlar və onların övladları “həmvətən” hesab edilir. İndi isə onlar üçün rus dili vacib kriteriya kimi qoyulur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi altı dili var və həmin dillərdən biri də rus dilidir.
O hesab edir ki, belə bir addımın atılmasının məhz indiki məqama düşməsi təsadüfi deyil: “Rusiya-Ukrayna müharibəsinin fonunda Qərbin Rusiyaya qarşı sərt sanksiyaları kəskinləşir. Eyni zamanda, ayrı-ayrı ölkələrdə rus mədəniyyətinə qarşı qeyri-adekvat davranışın da şahidi oluruq. Yəni, bu günlərdə Rusiyanın siyasi rəhbərliyinin atdığı addımların Çexovun və Tolstoyun əsərlərinə nə aidiyyəti var? Halbuki, onlar da hədəfə götürülüb və bu, düzgün olmayan addımdır”.
Deputatın fikrincə, bütün bu reallıqlar fonunda Rusiyanın hakimiyyət dairələri belə bir qərar qəbul etmək istəyirlər. Komitə üzvü qeyd edib ki, bunun Azərbaycana heç bir təsiri olmayacaq: “Əvvəla Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Digər tərəfdən, biz multikultural, çoxkonfessiyalı dövlətik və burada hər bir konfessiya öz dilində danışa bilər. Azərbaycanda rusdilli məktəblər var və bu, Azərbaycanın yürütdüyü multikultural siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.
Siyasi şərhçisi Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, Rusiya Federasiyası daxilində qəbul edilən istənilən qanun yalnız Rusiyaya aiddir: “Başqa bir ölkədə yaşayan, hətta milliyətcə rus və ya rusdilli olan şəxslərin fəaliyyət göstərməsi, hüquqları vətəndaş olduğu ölkəyə aiddir və bunun Rusiyaya aidiyyəti yoxdur”.
Amma ekspert xatırladıb ki, bütün ölkələrin üzərində beynəlxalq qanunlar var: “Ona görə də Rusiya həmin qanunu qəbul etsə belə, beynəlxalq qanunlar bunun üzərindədir və onlara uyğun hərəkət etmək lazımdır”.
Onun sözlərinə görə, Rusiya özünün imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirmir: “Ukraynadakı müharibə də bunu göstərir. Ona görə də bu layihəni qəbul edərək istər-istəməz Rusiya hakimiyyəti bir ekspansionist siyasət həyata keçirmək üçün müəyyən mənada əl-qolunu açır”.
Amma, A.Qasımlının fikrincə, bu layihəni qəbul etməsələr də, Rusiya hakimiyyətinin əl-qolu açıqdır: “Onlar nə yerli, nə də xarici qanunlara baxırlar”.
Politoloq qeyd edib ki, əsas problem böyük sayda kompakt şəkildə rusdilli əhali yaşayan ölkələr üçün ola bilər.
Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.
Leave a Reply