Rusiyadan Qafqaza, Orta Asiyaya pul köçürmələri artıb
Rusiya ötən ilin fevralında Ukraynanın işğalına başlayandan sonra rusiyalılar Orta Asiya və Qafqazdakı hesablara son on ildə ən böyük pul köçürmələrini ediblər. Bu, yüzminlərlə rusiyalının öz ölkəsini tərk etməsi fonunda baş verib. Məlumatı “RBK” portalı yayıb.
Ötən il Rusiya sakinləri Gürcüstana 2 milyard dollar köçürüblər və bu 2012-ci ildən bəri ən yüksək köçürmə məbləğidir. Qırğızıstana isə 2005-ci ildən ən böyük məbləğ – 2.5 milyard dollardan çox vəsait köçürülüb. RBK Ermənistana 3 milyarddan çox pul göndərildiyini yazır.
Özbəkistana köçürülən 14.5 milyard dollar 2021-ci ildəkindən iki dəfə artıqdır. Qazaxıstana Rusiyadan 775 milyon dollar göndərilib.
Rusiya Prezidenti Vladimir Putin fevralda Ukraynanın işğalı əmrini verəndə rusiyalıların ölkədən ilk axını başlayıb. Müharibə başlanandan dərhal sonra Qərb Moskvaya maliyyə və ticarət sanksiyaları açıqlayıb. Bu isə bir çox rusiyalının işləməsini, tranzaksiyalarını çətinləşdirib.
Rusiyalılar dollar hesabları və Qərb texnologiyasına asan çıxış əldə edəcəkləri Qafqaz və Orta Asiyaya üz tutublar.
Sentyabrda Putin 300 min nəfər üçün qismən səfərbərlik elan edəndə isə rusiyalıların ölkədən daha bir axın dalğası başlanıb.
RBK ötən il Qafqaz və Orta Asiyaya son beş ildə ən çox rusiyalının səfər etdiyini bildirir.
Miqrantlar 2022-ci ildə nağd transferlərə də təkan veriblər.
Rusiyada Orta Asiya və Qafqazdan milyonlarla miqrant işləyir və mütəmadi olaraq ailələrinə pul göndərirlər.
Ukraynanın işğalı və bunun ardınca Qərbin iqtisadi sanksiyaları Rusiyada resessiyaya səbəb olub.
Nəticədə bir çox miqrant işini itirib, evinə qayıtmağa, pulunu da özüylə aparmağa məcbur olub.
2023-cü ildə daha çox miqrant işsiz qala bilər. Müharibə davam etdiyi bir vaxtda Rusiya iqtisadiyyatının ikinci il ardıcıl kiçiləcəyi gözlənir.