2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyalı partizanlar hərbi komissarlıqları yandırır və qatarları məhv edirlər

Onların bir mərkəzdən idarə olunmadığı bildirilir

Müharibə başlayandan Rusiyada dəmir yollarında qəzaların sayı kəskin surətdə çoxalıb, ölkə boyu isə hərbi komissarlıqlar yandırılmağa başlanıb. “The Insider” hücumların arxasında duran partizan qrupları ilə söhbət edib və gizli müqavimətin necə təşkil olunduğunu, bir mərkəzdən idarə olunmamağın onu niyə xüsusilə effektli etdiyini aydınlaşdırıb. 

Hərbi komissarlıqların qəsdən yandırıldığı iddia olunur

Fevralın sonundan bəri Rusiyada hərbi komissarlıqlara minimum 23 hücum olub ki (bunlar barədə KİV və “Telegram”-kanallar yazıb), onlardan 20-si bilavasitə qəsdən yandırılıb. Ötən il analoji insidentlərə rast gəlinməyib. Bu yanğınlarda əsas etibarilə yandırıcı maddələrlə dolu butulkalardan istifadə olunub. Bu cür butulkaların necə hazırlanması barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sayt yazır ki, bu yanğınlar vahid koordinasiya olunmuş kampaniya deyil, onların arxasında sol anarxistlərdən və ukraynayönlü fəallardan tutmuş ultra-sağ qruplaradək dayanıb. Bəzən bunlar özlərini heç bir hərəkata aid saymayan ayrı-ayrı şəxslər olub. Məsələn, Udmurtiyadakı hərbi komissarlığın iki binasının yandırılmasına görə may ayının sonunda 48 yaşlı rəssam və sabiq kənd müəllimi İlya Farber həbs olunub.

“Nəyə qadir olduğumu bilmək istəyirdim. Öyrənmək istəyirdim ki, görəsən… bunu bacaracağammı”, – o, istintaq zamanı öz hərəkətini bu cür qiymətləndirib.

Hakimiyyət qəsdən yandırılma faktlarını susdurmaqda yetərincə çətinlik çəkib, çünki partizanların özləri bu barədə fəal surətdə sosial şəbəkələrdə videolar yayırlar.

Məqalədə qeyd olunur ki, hərbi komissarlıqların yandırılması faktları gizlədilə bilməsə də, partizan mübarizəsinin digər cəbhəsini – rels müharibəsini həmişə hansısa texniki nasazlıqların ayağına yazmaq mümkündür. Rusiya hakimiyyəti məhz bunu etməyə çalışıb. Bununla belə, rəsmi statistika qaranlığı aydınlığa çıxarır: müharibə başlayandan dəmir yolları əzalarının sayı kəskin şəkildə artıb.       

Rels müharibəsi

Ukraynada tammiqyaslı müharibə başlayandan sonra dəmir yollarında təxribatlar haqqında xəbərlər az qala hər gün yayılır. Belə ki, mayın 1-i təxribat nəticəsində Kursk vilayətində yük qatarlarının hərəkəti üçün nəzərdə tutulmuş körpü partladılıb. 

“The Insider” hesablayıb: təkcə KİV-in məlumatına görə, 2022-ci ilin may ayından Rusiyada 63 yük qatarı relsdən çıxıb. Bu, elə ötən ilin həmin dövründə baş verən bu cür olaylardan hardasa bir yarım dəfə çoxdur. Özü də vaqonların relslərdən çıxmasının coğrafiyası qərbə tərəf meyllənib, qatarların bir hissəsi isə hərbi hissələrin yaxınlığında qəzaya uğrayıb.

Rusiya Dəmir Yollarının versiyasına görə, qəzaların böyük bir hissəsi dəmir yollarının bərbad vəziyyətdə olması ilə bağlıdır.

“Dövlət Dəmir Yolları Nəzarətinin məlumatına görə, cari ilin 4 ayının yekunlarından belə aydın olur ki, qatarların qəzaya uğramasının 55,3%-i bu və ya digər halda yolların vəziyyəti ilə bağlı olub”, – RDY-nın rəsmi nəşri “Partnyor.ru” yazır.

Lakin hakimiyyət dəmir yollarında təxribatların baş verməsi faktını qulaqardına vura bilmir. Hələ müharibənin ilk günü, fevralın 24-ü Nəqliyyat Nazirliyi cənub vilayətlərindəki dəmir yollarında təhlükəsizliyin səviyyəsini qaldırmağı əmr edib. Aprel ayında isə Ukrayna Kəşfiyyatının Baş İdarəsi bir teleqram aşkar edib ki, həmin sənəddə Rostov vilayəti və Krasnodar diyarında müəyən dəmir yolları hissələrinin rəhbərləri dəmir yollarında təhlükəsizliyin təmin olunması üçün FTX və polislə əməkdaşlıq etməyə çağırıb.    

Lakin bütün bu tədbirlərin hələ ki faydası azdır, qəzalar baş verməkdə davam edir, özü də xüsusilə tez-tez sərhədyanı vilayətlərdə. Belə ki, aprelin 12-də Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Titovka kənd sakinləri partlayış səsinə oyanıblar. Sözün hərfi mənasında bir saat ərzində qubernator Qladkov vəziyyəti aydınlaşdırmağa çalışıb:

“Şebekinsk şəhər dairəsində dəmir yolları zədələnib. Qurban və zərərçəkənlər yoxdur. Sadəcə dəmir yolu xətti dağıdılıb. Hadisə yerində operativ qrup işləyir. Səbəblər barədə daha sonra xəbər verəcəm”.

Belqorod qubernatoru hadisəyə aydınlıq gətirməyib. Olay yerində çəkilmiş fotolardan görünür ki, dəmir yolu xətti yuxarı doğru əyilib, relslər pas atıb, körpünün dayaqları aşağı düşüb.   

Titovkada (Belqorod vilayəti) dəmir yolunun dağıdılması

Artıq aprelin 21-də elə həmin Belqorod vilayətində, «Kreyda» stansiyasında yeni qəza baş verib – yük qatarı relslərdən çıxıb.

Aprelin 27-də isə FTX guya Belqorod vilayətində yeni təxribat hazırlayan iki rusiyalını yaxalaması barədə hesabat verib. FTX-nin versiyasına görə, yaxalananlar “Ukrayna nasizmi tərəfdarlarıdır” və “onlar Ukraynanın “Mirotvorets” saytına Rusiya ordusunun hərbi xidmətçiləri barədə məlumat göndəriblər”. Lakin nə təxribatçıların adları, nə də onlar barədə şəxsi məlumatlar barədə xəbər verilməyib. “RİA Novosti”nin yayınladığı videoda saxlanılanların üzləri qaralanıb, onlar əzbərlənmiş cümlələrlə danışır, birinə isə qəsdən üzərində Böyük Britaniya bayrağının şəkli olan futbolka geyindirilib. Rəsmi xəbərlərə əsasən, onlara qarşı təxribata hazırlıq ittihamı irəli sürülüb (RF CM-nin 1-ci maddəsinin 281-ci müddəsi). Lakin “The Insider” Belqorod vilayətinin məhkəmələrində bu cür ittihamlarla həbs olunmuş şəxslər barədə heç bir məlumat tapa bilməyib.    

Dövlət KİV-ləri tərəfindən təxribatçılardan biri kimi qələmə verilən anonim saxlanılan
Mənbə: RİA «Novosti»

Mayın 1-də digər dəmir yolu körpüsünün partladılması barədə Kurs vilayətinin qubernatoru Roman Starovoyt danışıb. O, hadisəni «təxribat» adlandırıb, İstintaq Komitəsi isə terror aktı ilə bağlı cinayət işi açıb. May ayının sonunda isə «Ostorojno, Moskva» nəşrinin yaydığı xəbərdə deyilir ki, FTX hansısa «Anarxist-kommunistlərin döyüşçü təşkilatı»nın üzvlərini axtarır. Onlar Moskvaətrafı Sergiyev Posaddakı dəmir yollarında təxribat hazırlayıblar. İstintaqın versiyasına görə, onlar səkkiz qaykanı çıxarıblar, relsləri sökərək onları qismən aralayıblar. Qatarlar həmin relslərlə 14258 saylı hərbi hissəyə (Müdafiə Nazirliyinin 12-ci Baş idarəsinin ölkənin nüvə təhlükəsizliyinə görə məsuliyyət daşıyan məxfi təlim-taktiki mərkəzi) gedirmiş.

FTX «hərbi anarxistləri» tuta bilməyib. Əvəzində buna “The Insider” müvəffəq olub. “Anarxist-kommunistlərin döyüşçü təşkilatı”nın (AKDT) nümayəndələri xəbər verib ki, daha bir hərbi hissəyə – Kirjaç ətrafında (Vladimirsk vilayəti) yerləşən 55443 saylı hərbi hissəyə gedən qatarları saxlayıblar. Orada RF Müdafiə Nazirliyinin Baş raket-artilleriya İdarəsinin arsenalı yerləşir. “Təəssüf ki, təxribatın üstü iyunun 25-i axşam açılıb. Bununla belə, hətta bu vəziyyətdə təxribat ziyan vurub, belə ki, hərbi sursatlarla dolu qatarların hərəkətini ləngidib və dəmir yollarının fəaliyyətinin bərpası ilə bağlı iqtisadi ziyana səbəb olub”, – təşkilatın nümayəndələri “The Insider”ə danışıb.

Hərbi hissəyə aparan dəmir yolu xəttində təxribat. Siqnal cərəyanı nəticəsində dövrə
açılmasın deyə, relslər naqillə qapadılıb. «Anarxist-kommunistlərin döyüşçü təşkilatı»

Anarxistlərin özlərinin etiraf etdiyinə görə, onlar əsassən Belarus partizanlarından ilhamlanıblar. Belə ki, bu partizanlar müharibənin lap əvvəlində Rusiya qoşununun Belarus ərazisindən keçərək Ukraynaya soxulmasının qarşısını almaq üçün əllərindən gələni ediblər.  

Belarus partizanları

Rusiya qoşunları ilk dəfə Belarus sərhədini keçərək Ukraynaya soxulanda, – məqsəd Kiyevə ani şəkildə hücum etmək idi, – onlar təchizat və möhkəmlənmə üçün şaxələnmiş dəmiryolu xətlərindən istifadə etmək istəyiblər. Lakin onların planları dəmiryolu infrastrukturuna hücum çəkən Belarus partizanları şəbəkəsi tərəfindən pozulub. Belə ki, onlar dəmir yolları siqnallarını idarə edən şkafları sıradan çıxarıblar. Nəticədə qatarlar günlərlə ləngiyib ki, bu da rusları öz qoşunlarının ehtiyatını avtonəqliyyatla doldurmağa vadar edib. Hazırda Belarusda «rels partizanları» işi üzrə onlarla adam həbs olunub.    

Dəmir yollarına ziyan vurmaq və Belarusda qatarları ləngitmək cəhdi hələ 2021-ci ildə başlayıb. Hakimiyyət dinc etiraz aksiyalarına kütləvi həbslərlə, işgəncələrlə və böyük müddətli həbs cəzaları ilə reaksiya verəndən sonra etiraz edənlərin bir hissəsi daha qətiyyətli fəaliyyətə keçib. Beləcə, “Suprasiy” qeyri-rəsmi hərəkatı yaradılıb ki, az sonra ona “Kiberpartizanlar” və “Buslı lyas” hərəkatları qoşulub. Elə həmin partizan təşkilatları dəmiryolu infrastrukturuna bir mərkəzdən idarə olunmayan hücumlar təşkil etməyə başlayıb. 

İştirakçıların özləri bütün bu aksiyaları həmçinin “qeyir-zorakı” adlandırırdılar, belə ki, onların əsas məqsədi dəmiryolu xətlərinə müdaxilə və maddi ziyanın vurulması idi.

“Biz Lukaşenkonun partnyorlarına, o cümlədən Rusiyaya onun etibarsız olduğunu və belarusların özlərinə müqavimətin davam etdiyini göstərmək istəyirdik”, – belarus partizan hərəkatının nümayəndələrindən biri “The Insider”ə deyib.

2021-ci ilin noyabrında Belarus hökuməti hərəkatı terrorçu adlandırıb. Bundan bir neçə həftə sonra partizanlar DİN-in daxili qoşunlarının “Volovşina” təlim bazasına dronla yandırıcı maddə tullayıblar. “Biz antiterrorla məşğuluq: rejimin dinc əhalini terror etməsinə qarşı çıxırıq. “Suprasiy” rejimin yox edilməsi üzrə final kontterror əməliyyatına hazırlaşır”, – o vaxt “Busla” bəyan edib.

Müharibə başlamazdan bir ay əvvəl (yanvarın 24-ü) “Suprasiy” fəalları Belarus dəmir yoluna hücum edib. Təşkilat üzvləri bu hücuma çoxdan hazırlaşıb. Belə ki, onlar serverlərin əsas hissəsini şifrələyiblər və bekapları məhv ediblər.

“Məqsəd yolların işini ləngitmək və məhv etməkdir. Qəza vəziyyəti yaranmaması üçün avtomatika və təhlükəsizlik sistemi şüurlu şəkildə kiberhücuma məruz qalmayıb”, – partizanlar bəyan edib. Bununla yanaşı, əsas ideya sadəcə Rusiya hərbi texnikasının mənzil başına çatdırılmasının ləngidilməsi olmayıb: kiberpartizanlar daha çox tibbi yardıma ehtiyac duyan 50 siyasi məhbusun azadlığa çıxarılması və Rusiya qoşunları qruplaşmalarıın ölkə ərazisində toplaşmasının dayandırılması qarşılığında serverlərin işini bərpa etməyə hazır idilər.          

Qomel stansiyası, 2022-ci il 26 yanvar. Hərbi eşelonlar qəbul-göndərmə parkı yollarının
yarısını tutub

Belarus Dəmiryolu Qurumu informasiya sistemini çətinliklə bərpa edib. “Bu işlərlə məşğul olan mütəxəssisi siyasi fəaliyyətinə görə hələ ötən il işdən çıxarmışdılar. Məsələ burasındadır ki, texnologiya köhnədir və gənc mütəxəssislər ondan baş çıxara bilmir”, – dəmiryolunda “Raboçaqa ruxu”nun nümayəndəsi Sergey Voytexoviç deyib.

Döyüşçü anarxistlər

Rusiyada daha fəal müqavimət qüvvəsi anarxist-kommunistlərdir. “The Insider”in aşkarladığı kimi, müharibə başlayandan sonra “Telegram”da bir sıra kanallar peyda olub. Həmin kanallarda qatarları necə dayandırmaq və ya dəmir yolunda necə qəza təşkil etmək barədə instruksiyalar dərc olunub. Bu yazıların müəllifləri özlərini hansısa “Anarxist-kommunistlərin söyüşçü təşkilatı”na aid edib. Onlar mart ayından etibarən təxribatlar üzrə instruksiyalar dərc edib və uğurlu “əməliyyat”larla bağlı hesabat veriblər. Belə ki, “anarxist-kommunistlər” təkcə relslərin çıxarılması və dəmir yollarında təxribatların gerçəkləşdirilməsinə görə deyil, həm də mobil əlaqə qüllələrinin yandırılması hadisələrinə görə də (məsələn, Belqorod vilayətinin Belomestnoye kəndində) məsuliyyət daşıdıqlarını söyləyiblər. Onlar hətta rejim tərəfdarlarının maşınlarını yandırdıqlarını söyləyiblər.    

Koordinasiya və yeni üzvlərin cəlb olunması üçün anarxistlər hətta bot işə salıblar. İnsanlar bu bot vasitəsilə öz şəhərlərində təşkilata anonim üzv ola biliblər. “The Insider” onların elektron poçtuna bir sıra şifrəli sual göndərib, həmçinin təşkilatın anonim üzvlərindən biri ilə – İvanla (ad dəyişdirilib) söhbət edib. Təşkilat üzvləri təsdiqləyirlər ki, AKDT artıq bir neçə il mövcuddur, lakin təşkilat yalnız Ukraynada müharibə başlayandan sonra özü barədə ictimai şəkildə bəyan edib. Onlar ideyanı Belarus partizanlarından alıblar.

Anarxistlər bot işə salıblar ki, həmin bot vasitəsilə insanlar öz şəhərlərində təşkilata üzv ola bilərlər.

“Dəmir yolunda sabotaj rəqibin ordusuna ziyan vurmaq üçün yetərincə effektli və icrası nisbətən asan başa gələn üsuldur. Bu vaxt düzgün icra etdikdə mülki əhali üçün də risk minimumdur”, – anarxist-kommunistlər “The Insider”ə cavablarında söyləyirlər.      

Onların dediyinə görə, təchizatda və kommunikasiyada istənilən pozuntu və ləngimə hərbi maşının işinə mane olur:

“Bu o deməkdir ki, döyüşdə həlledici anda daha az tank və ya mərmi olacaq. Qatarı isə yoldan çıxarmaq mümkün olarsa, – biz də buna ümid bəsləyirik, – texnika sadəcə ləngiməyəcək, həm də zərər çəkəcək. Həmçinin qatarlara, dəmir yollarına və s.-yə ziyan dəyəcək. Bütün bunlarsa Rusiya silahlı qüvvələrini ciddi şəkildə zəiflədə və müharibənin tez bitməsinə təsir göstərə bilər”. 

Anarxistlər təsdiqləyirlər ki, onların işlənib-hazırlanmış metodikaları var. Bu metodika sərnişin qatarlarının qəzaya uğramasının qarşısının alınmasına imkan yaradır. Odur ki, dinc sakinlər onların fəaliyyətindən zərər çəkmirlər.

Anarxist partizan hərəkatı hələ ki mərkəzləşdirilməyib. “Həm təşkilatlanmış hücrələr, həm də insanların spontan hərəkətləri var. Bir mərkəzdən idarə olunmamaq bizi daha mobil və ələkeçməz edir, lakin işıqlandırılmaya mane olur və say hesabının qiymətləndirilməsinə əngəl törədir. Represiya şəraitində yenə də bu cür daha yaxşıdır. Aprel ayına olan qiymətləndirilməyə görə, Rusiyada 20-dən 40-dək bu cür hücrə fəaliyyət göstərir. Amma indi böyük ehtimal daha çoxdur”, – hərəkat üzvü İvan deyir. Onun sözlərinə görə, dəmir yollarında baş vermiş problemlərin heç də hamısı xəbər obyektinə çevrilmir. Xırda təxribatlar – rels şkaflarının zədələnməsi – adətən, KİV-in diqqətindən kənarda qalır. “Bu cür aksiyalar barədə təkcə onların müəllifləri xəbər yayır. Amma onlar da sayca azdır. Mətbuata yaxalanan bütün aksiyaları uğurlu saymaq olar – uğursuzları heç kəs işıqlandırmır, axı nəticədə heç nə baş verməyib”, – İvan deyir. Qrup maliyyələşməni donatlar vasitəsilə fəal şəkildə yığmağa cəhd edir.      

Skrinşot: Conflict Intelligence Team, 2021-ci il, dekabr

Anarxistlərin dediyinə görə, rels müharibəsində iştirak üçün heç bir xüsusi hazırlıq tələb olunmur. İştirakçılar bütün məlumatı hərəkatın yaydığı metodoloji sənədlərdən götürür.

Bu cür aksiyaları təkcə dəqiq ideologiyaları olan fəallar təşkil etmir. “The Insider”lə əlaqəyə Yeqor adlı (ad dəyişdirilib) şəxs çıxıb. O, Ukrayna müharibəsində iştirak edən rusiyalı hərbçilərə kömək fondunun təsisçisi Natalya Abiyevanın maşınını yandırıb. Onun dediyinə görə, məsləkdaşları ilk növbədə hakimiyyətin əməlləri ilə razı deyil: “Aramızda həm anarxistlər, həm də millətçilər (lakin sosnuncular azdır) var. Hər birinin öz tarixçəsi var. Biz didtem əleyhinə təşkilatıq, siyasi idarənin incəliklərini isə rejim yıxılandan və ya heç omasa zəifləyəndən sonra çözəcəyik. Putin Rusiyanın gələcəyini əlindən alır. Əgər biz bu gün siyasi mübahisələrin içində itib-batarıqsa, sabah mövcud olmayacağıq. Putin dünyanı nüvə müharibəsi ilə hədələyir, dünyanı Rusiyaya qarşı qoyur, həmvətənlərimiz günü-günüdən kasıblaşır, insanlar hakimiyyət haqqında düşüncələrini dilə gətirməyə çəkinirlər. Heç nə etməmək – ömrünün sonunadək əclafların hakimiyyəti altında yaşamaqdır. Biz məgər bu cür gələcək istəyirik?”

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button