Loading...
Loading...
Dünya

Rusiyalı sərhədçilər Syunikdə nəzarət məntəqələri qurur

Meğrinin meri bu məntəqələrin yerli turizm üçün müəyyən problemlər yaratdığını etiraf edib

Ermənistanın İranla sərhədinə nəzarət edən Rusiya sərhədçiləri cənubi Syunik vilayətində bir neçə yolda nəzarət məntəqələri quraşdırıblar. Buna narkotik qaçaqmalçılığının və digər qanunsuz sərhəd fəaliyyətinin artması səbəb göstərilir.

Meğrini digər şəhərlərlə birləşdirən yolda məntəqələrin fotoları bu həftənin əvvəlində internetdə yayılıb. Bu isə Syunikdən Azərbaycan üçün tranzit marşrutunun açılmasına mümkün hazırlıq getməsi haqda spekulyasiyaya səbəb olub.

Atəşkəs bəyanatında nəzərdə tutulanlar

Azərbaycan Syunik vasitəsilə Naxçıvan eksklavına magistral yol və dəmiryolu əlaqəsi əldə edəcəyni gözləyir. Bu, Qarabağda atəşkəslə bağlı 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub. Sənədə görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ermənistandan keçən nəqliyyat marşrutları üzrə təhlükəsizliyi təmin etməlidir.

Yerevan sözügedən yollar üzərində suverenliyini saxlayacağını deyir. Bakı isə həmin yola “Zəngəzur dəhlizi” deyir, onun Laçın dəhlizinin statusunda olacağını bildirir.

2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Paşinyanın təklifi

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında dəhliz məntiqini bur daha rədd edərək deyib ki, Azərbaycan elə bu gündən təkcə Syunikdən deyil, Ermənistanın bütün ərazisindən, Ermənistan qanunvericiliyinə uyğun olaraq, tranzit məqsədiylə istifadə edə bilər.

Paşinyanın bu çıxışından öncə Qarabağda vəziyyət gərginləşib, Laçın dəhlizi yaxınlığında atışmalarda azı iki erməni əsgəri və bir azərbaycanlı əsgər öldürülüb.

Qarabağdakı separatçı erməni hakimiyyəti isə elan edib ki, ermənilər sentyabradək Laçın dəhlizi boyunca bir neçə kəndi boşaltmalıdır. Ermənilərin gələn aydan Laçın dəhlizinə alternativ yoldan istifadə edəcəyi bildirilir.

Meğrinin meri Baqrat Zakaryan avqustun 9-da AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Syunikdə Rusiya sərhəd keçid məntəqələri bir neçə ay əvvəldən qurulub. O, Meğrini Syunikdə bir neçə şəhər və kəndlə birləşdirən yolda beş belə məntəqənin qurulduğunu sözlərinə əlavə edib.

Sərhəd pozuntuları

FSB-nin Ermənistandakı Sərhədçilər Departamenti isə bildirib ki, bu, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər pozuntuların qarşısının alınması üçün Ermənistan hakimiyyəti ilə koordinasiya çərçivəsində edilib.

FSB bu yaxınlarda Ermənistan-İran dövlət sərhədinin Meğri hissəsində gərgin vəziyyətin yarandığını, buna İrandan Ermənistana narkotik qaçaqçılığı cəhdlərinin səbəb olduğunu deyir.

Sərhədin ekstremist və terrorçu qrup üzvləri tərəfindən pozulması hallarının da baş verdiyi qeyd edilir.

Ermənistanın hökuməti rəsmiləri Syunikdə yollarda Rusiya nəzarət məntəqələrinin qurulmasını hələlik, şərh etməyiblər.

Gözdən qaçırmayın:  Rusiya Ukrayna qüvvələrini Donetskdən çıxarmağa çalışır

Meğrinin meri bu məntəqələrin yerli turizm üçün müəyyən problemlər yaratdığını etiraf edib

“Turistlər burada bəzi kənd yerlərinə getmək üçün pasport nəzarəti prosedurlarından keçməlidirlər”, – Zakaryan vurğulayıb.

24 saat” “
Rusiyalı sərhədçilər Syunikdə nəzarət məntəqələri qurur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button