2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyalıların Gürcüstan macəraları. ‘Evlərində oturub yas tutsunlar’

Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından sonrakı həftələr ərzində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaqdan imtina etdi. Bu hərəkət əhalinin çox hissəsinin qəzəbinə səbəb oldu və partiya sədri, milyonçu, ölkənin keçmiş Baş naziri Bidzina İvanişvilinin Rusiyaya sadiqliyini bir daha sübut etdi.

Eyni dövrdə Gürcüstan hökuməti Ukraynanın tərəfində döyüşmək üçün yola düşən gürcü könüllüləri daşıyan təyyarəni yerə endirdi. Bunun ardınca Ukrayna Prezidenti Volodımır Zelenski ölkəsinin Gürcüstandakı səfirini geri çağırdı, Gürcüstan hökumətinin müharibə ilə bağlı “əxlaqsız mövqeyindən” qaynaqlanan hərəkətini isə sərt tənqid etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin bu hərəkəti Gürcüstanın Rusiyaya deyil, Avropa İttifaqına (Aİ) yaxınlaşmasını istəyənləri ciddi narahat etdi.

Kapitalını 1990-cı illərdə Moskvada əldə edən İvanişvili hazırda Gürcüstanın siyasi həyatında heç bir rəsmi vəzifə tutmur. Ancaq təhlilçilər onun pərdə arxasında “Gürcü arzusu” partiyasına nəzarət etdiyini düşünürlər.

“Bu, uzun illər ərzində aydın idi. Ancaq bu müharibə ölkəni Yanukoviç (Ukraynanın 2014-cü ildə devrilmiş rusiyayönlü prezidenti Viktor Yanukoviç nəzərdə tutulur – red.) hökumətinin idarə etməsi faktını möhkəmləndirdi. Vaxtaşırı ictimai fikri yumşaltmaq üçün Aİ tərəfdarı olduğunu deyən hökumət mahiyyəti və təbiəti etibarilə xalqın müharibə və Rusiya qorxusundan rıçaq kimi istifadə edən …kollaborasionist rejimdir”, – müxalif “Avropa Gürcüstanı” partiyasının lideri Giqa Bokeriya deyir.

Gürcüstanlılar üçün Rusiyanın Ukraynaya hücumu qanlı 2008-ci il müharibəsi ilə assosiasiya olunur. Həmin müharibə Rusiyanın Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərini müstəqil dövlət kimi tanıması ilə nəticələndi. Tbilisi Moskva ilə diplomatik münasibətlərini kəsdi.

Rusiyanın Abxaziya və Cənubi Osetiyada yaratdığı münaqişələr nəticəsində Gürcüstanda köçkün kimi qeydiyyatdan keçmiş insanların sayı 300 min nəfərə çatıb.

Tbilisidə fəaliyyət göstərən Təhlil və Konsaltinq Komandasının martda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, əhalinin 87%-i Ukraynadakı müharibəni Gürcüstanın da müharibəsi sayır. İki münaqişənin detalları fərqli olsa da, Rusiya dövlətinin keçmiş sovet respublikasının ərazisinə iddialı olması əksər gürcüstanlılar üçün narahatedici amildir.

“‘Gürcü Arzusu’ tamamilə Rusiyanın dedikləri ilə oturub-durur. Onlar Qərbə və Ukraynaya hücum edir, onları Gürcüstanı müharibəyə sürükləmək …cəhdlərində ittiham edirlər. Onlar bunu Ukraynaya dəstəyi dayandırmaq üçün edirlər. Anlayırlar ki, mövqeləri Gürcüstan xalqının mövqeyindən uzaqdır, ona görə də ictimai fikri manipulyasiya etməyə çalışırlar. Onlar deyirlər ki, əgər siz Rusiyaya müqavimət göstərirsinizsə, görün başınıza nələr gələcək və bunu etməyə dəyməz”, – müxalif Droa partiyasının lideri Elene Xoştariya deyir.

“‘Gürcü Arzusu’nun Rusiya ilə guya ‘normallaşma; siyasəti Moskvanı qıcıqlandırmayıb Kremlin geosiyasi maraqlarını yola vermək və eyni zamanda hakimiyyətdən mümkün qədər bərk yapışmaqdır”, – Gürcüstan Siyasət İnstitutunun direktoru Korneli Kakaçia deyir.

“Onlar (hakim partiya) Aİ üzvlüyü istəmirlər. İçində olduqları vəziyyət belədir ki, Gürcüstan əhalisinin 85%-i Aİ tərəfdarıdır. Ona görə də buna qarşı çıxa bilmirlər və çıxmaq istəmirlər. Xüsusən də Aİ-yə kütləvi dəstək yürüşündən sonra. Buna görə də namizədliyi qəbul etməmək üçün mümkün olan hər hərəkəti etdilər. Gvaramianı (müxalif jurnalist) həbs etdilər, ədliyyə sahəsində geriyə addımlar atdılar, bütün məsələlərdə geriyə gedirlər”, – Xoştariya deyir.

Aİ namizəd statusunun əvəzinə Gürcüstana həyata keçirməli olduğu islahatların siyahısını verib. Gürcüstanın Aİ üzvlüyünə namizəd olması üçün gerçəkləşdirməli olduğu islahatlardan biri də “oliqarxsızlaşdırma” öhdəliyi götürməkdir. Bu isə İvanişvili və onun “Gürcü Arzusu”nun siyasətindəki roluna zərbədir.

“Gürcü arzusu”nun Avropadan üz döndərməsindən başqa, ölkəyə çox sayda rusiyalının gəlməsi də insanlar arasında parçalanmaya səbəb olur. Fevraldan bəri Gürcüstana 100 minə yaxın rusiyalının gəldiyi bildirilir.

Cəmiyyətdə bununla bağlı fikirlər müxtəlif olsa da, çoxları əxlaqi və şəxsi narazılıqlarını səsləndirirlər: qanlı müharibənin hələ də davam etdiyi zamanda Gürcüstandakı rusiyalılar zamanlarını və resurslarını Ukraynaya köməyə sərf etməlidirlər, şikayətlənməyə və yeyib-içməyə yox. “Onlar gözə girməməlidirlər. Müharibə məni məhv edib, evdən çıxa bilmirəm. Rusiyalılar etiraz etmirlərsə, heç olmazsa, evlərində oturub yas tutsunlar”, – Tbilisidə bir qalereyanın sahibi deyir. O, eyni zamanda rusiyalıları yeyib-içib şənlənməkdənsə, Rusiya Prezidenti Vladimir Putin rejiminə qarşı etiraza çağıran posterlərin müəllifidir.

Vətəndaşlar və müxalifət siyasətçiləri tərəfindən rusiyalılara viza rejiminin tətbiqi ilə bağlı tələblər də səsləndirilib. Çoxları Gürcüstanın rusiyalılar üçün Putinin istəklərinə uyğun olmasından və FSB-nin asanlıqla ölkəni agent və təxribatçılarla doldura biləcəyindən narahatdırlar.

“Düşünürəm ki, əhalinin bir hissəsindən qurtulmaq Putinin marağında idi. Yoxsa onları buraxmazdı. Buraxdığına görə, “Gürcü arzusu” da buna qarşı heç bir addım atmadı”, – Xoştariya deyir.

Beynəlxalq Respublikaçılar İnstitutunun bu yaxınlarda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, gürcülərin 78%-i Rusiya vətəndaşlarının Gürcüstana vizasız daxil olmasına qarşıdır. Ancaq bununla yanaşı, çox sayda rusiyalının gəlişi Gürcüstanın zəif iqtisadiyyatına çoxlu pul gətirib. “Reuters” beynəlxalq institutların Gürcüstanda 2022-ci il üçün iqtisadi artımın 10% artacağı ilə bağlı proqnozlarını yayıb.

Rusiya pulunun axınını Gürcüstanın sabitliyinə təhlükə sayanlar da var. “Əgər biz sivil Avropa dünyasının bir hissəsi olmağı planlaşdırırıqsa, Rusiya pulu və resurslarından asılı olmaq təhlükəlidir. Məqsədimiz bütün asılılıqlarımızı Avropa bazarlarına yönləndirmək olmalıdır”, – Xoştariya deyir.

24 saat” “
Rusiyalıların Gürcüstan macəraları. ‘Evlərində oturub yas tutsunlar’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button