Dünya

Rusiyalıların Lımandan qaçışı. ‘İtkiləri böyük idi’

Ihorla Vasıl qida və sursatları bol olsa da, hər əsgərə bir forma və cəmi bir cüt çəkmə verildiyini, əsgərlərin hamısına qış paltarı çatmadığını deyir

Strateji dəmiryol qovşağı Lıman Rusiya qüvvələrinin əlində olanda Donetsk bölgəsinin əsas şəhərləri Slovyansk və Kramatorska hücumlarda platsdarm kimi istifadə edilirdi. Buraya yerləşdirilmiş əsgərlərin çoxu hazırda Ukrayna morqlarındadır. Ukrayna qüvvələrinin mühasirəsində qalan Rus qoşunları sonda geri çəkilməli olub. Bu, Ukraynalıların Xarkov və Donetsk bölgələrində əldə etdiyi ən böyük qələbələrdən biridir.

Ukrayna əsgərləri rusların geri çəkilərkən nəhəng həcmdə silah-sursatı geridə qoyduğunu deyirlər.

“Hər şey gözəl və səliqəli edilib”, – 30 yaşlı əsgər Oleksandr deyir.

Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 1-də rus qüvvələrinin Lımandan geri çəkildiyini bəyan edib. Rusiya bu şəhəri üç ay öncə işğal etmişdi. Bundan bir gün öncə isə Kremldə keçirilən və televiziyada yayımlanan xüsusi mərasimdə Prezident Vladimir Putin Ukraynanın dörd qismən işğal edilmiş vilayətinin bundan sonra Rusiyaya məxsus olması haqda əsassız sənədləri imzalamışdı. Donetsk bu regionlardan biridir.

Rusların şəhərdəki mövqeləri ilk dəfə sentyabrın əvvəllərində Ukraynanın Donetskin şimalında yerləşən qonşu Xarkov regionuna güclü əkshücumu zamanı zəifləməyə başladı. 3 min kvadrat kilometrdən çox ərazinin azad edilməsi ilə nəticələnən bu əkshücum sayəsində Lımandakı Rusiya qoşunlarının şimaldan gələn təchizat xətləri kəsildi. Bundan sonra Ukrayna qüvvələri Lıman ətrafındakı kəndlərə qədər irəlilədilər və şəhəri üç tərəfdən mühasirəyə alıb çıxış marşrutlarına artilleriya zərbələri endirməyə başladılar.

AzadlıqRadiosuna müsahibələrində əsgərlər qələbənin əsas səbəbkarı kimi NATO silahlarını göstərdilər.

Artilleriya birliklərində döyüşən Oleksandr və 25 yaşlı Dima deyir ki, NATO dövlətlərinin verdiyi artilleriya silahları rusları qaçmağa məcbur edib.

“Onların itkiləri böyük idi”, – Oleksandr söyləyir. Lımana daxil olan və buradan çıxan rus qoşunları iri dəstələrlə hərəkət etdiyindən dəqiq artilleriya zərbələri qarşısında həssas durumda qalıblar. Əsgərin sözlərinə görə, Ukrayna tərəfinin itkiləri çox az olub. Əsgərlərin soyadları təhlükəsizlik səbəblərindən dərc edilmir.

Oleksandr deyir ki, rus əsgərləri onlara köməyə gələn dəstənin Drobışeve yaxınlığında ukraynalılar tərəfindən darmadağın etməsindən sonra qaçmağa məcbur olublar.

Ancaq ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, ruslar qaçmağa o qədər gec başlayıblar ki, o vaxta qədər şəhərdən çıxmaq üçün yolların, demək olar, hamısı kəsilib. Təkcə şimal-şərqdəki Torske kəndinə gedən yol açıq qalıb. Bu yol da Ukrayna artilleriyasının nəzarətində olub.

Bundan sonra Rusiya birliklərinin arasına panika düşüb. Bu birliklərin arasında elit dəstələr, o cümlədən 144-cü motoatıcı diviziya və 752-ci motoatıcı briqada da olub.

“Biz havaya qalxanda onlar artıq qaçmışdılar”, – artilleriya qüvvələrinə hədəfləri dəqiqləşdirməkdə dronlarla kömək edən dəstənin döyüşçüsü Dima deyir.

Lımana aparan meşə yollarından birində yeddi hərbi maşından ibarət karvan sıradan çıxmış vəziyyətdə düzülüb. Sursat maşınının daşıdığı yüzlərlə AK-47 gülləsi isə yerə səpələnib. Ruslar hərbi forma və tibbi ləvazimatı da burada qoyub qaçıblar.

Rusların bu döyüşlərdə nə qədər əsgər itirdiyi məlum olmasa da, qonşu Luhansk vilayətində çalışan yüksək vəzifəli Ukrayna rəsmisi Serhiy Hayday deyir ki, qüvvələrini geri çəkdiyi gün Rusiyanın şəhərdə 5 mindən çox əsgəri olub.

Növbəti gün, oktyabrın 2-də Prezident Volodımır Zelenski Ukrayna qüvvələrinin Lımana tam nəzarət etdiyini bildirib.

ISW-nın təhlilində rusların məğlubiyyətində rol oynaya biləcək başqa bir amil də göstərilir: Putinin fevralın 24-də hücuma başlamasından sonra Rusiya elit dəstələri ağır itkilər verib. Nəticədə qalan birliklər effektiv döyüşə bilməyib.

Oleksandrla Dima deyirlər ki, rus əsgərləri pis təchiz edilməyib. Onlar rus əsgərinin döyüş meydanında buraxılmış cəsədini göstərərək onun üzərindəki zirehin 2022-ci ildə istehsal olunduğunu deyirlər. Lımanın girişindəki buraxılış məntəqəsində xidmət edən əsgər Vasılsa rusiyalıların qoyub qaçdıqları sursatı zarafatyana “rus lend-lizi” adlandırır. ABŞ-ın Ukraynaya dəstək proqramı “2022-ci il Ukraynada Demokratiyanı Müdafiə üçün Lend-liz Aktı” adlanır.

Əsgər deyir ki, NATO ölkələrindən gələn silahlarla rusların qoyub getdiyi silahların kombinasiyası Rusiya hücumunun ilk günləri ilə müqayisədə böyük fərq yaradır.

“Əvvəllər günə bircə paket “Qrad” raketimiz olardı. Beşi işləməzdi, üçü də ziqzaq vurub harasa düşərdi”, – Oleksandr deyir.

Ancaq müasir Qərb silahları və təlimi Ukrayna hərbi birliklərində bu zamana qədər olmayan şeylərdir.

Buraxılış postundakı Vasıl İhorun xidmət etdiyi Ukrayna ərazi müdafiə qüvvələri minimal təlim görmüş, döyüşçülərinin çoxunun müharibənin ilk günlərindən cəbhədə olduğu birlikdir.

Vasıl deyir ki, o və aid olduğu dəstə hücumun başlanmasından sonrakı ilk iki ay ərzində Kyiv yaxınlığında döyüşüb. Bundan sonra bir ay təlimdə olan birlik artıq dörd aydır ki, yenidən ön cəbhədədir.

Vasılın sözlərinə görə, dəstənin aldığı təlim və komandanlığın strukturu minimaldır. Birliyin qərar verməyə ixtiyarının olub-olmadığı haqda suala isə o, çiynini çəkərək və qımışaraq belə cavab verib: “Müəyyən qədər mərkəzsizləşmə var”.

Ihorla Vasıl qida və sursatları bol olsa da, hər əsgərə bir forma və cəmi bir cüt çəkmə verildiyini, əsgərlərin hamısına qış paltarı çatmadığını deyir.

Ukrayna artıq həftələrdir ki, irəliləyir. Əsgərlər nikbin və özlərinə əmin görünürlər. Putinin cəbhəyə yüzminlərlə yeni rus əsgəri gətirə biləcək son səfərbərlik əmrindən söz düşəndə isə Vasıl “yeni hədəflərin” gəldiyini deyir.

24 saat” “
Rusiyalıların Lımandan qaçışı. ‘İtkiləri böyük idi’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button