2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın hərbi-təbliğat maşını niyə fəallaşıb?

Laçın dəhlizində baş verən hadisələr fonunda əvvəllər də anti-Azərbaycan bəyanatları ilə seçilən rusiyalı təbliğatçılar fəallaşıblar. Birinci olaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti (artıq keçmiş) Mixail Aleksandrov səsini qaldırdı. O, Rusiya təbliğat kanallarından birində çıxış edərək bəyan etdi ki, Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Rusiya Federasiyası Azərbaycana raket zərbələri endirməlidir.

“Biz raket atmalıyıq və Azərbaycanın bütün neft sənayesini və enerji sistemini tamamilə məhv etməliyik. Əgər biz onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu, neftin qiymətini xeyli artıracaq. Onların neft hasilatına, enerji sisteminə zərbə vurmaq lazımdır”.

Buna cavab olaraq, rəsmi Bakı Aleksandrov barəsində media vasitəsilə təcavüzkar müharibəyə açıq çağırışlar, terror aktları törədilməsi hədəsi və etnik ədavətin qızışdırılması maddələri ilə cinayət işi açıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan həmçinin, Aleksandrovun İnterpol xətti ilə həbsini tələb edir. Bakı, tərəfdaş ölkələrin müvafiq qurumlarına Aleksandrovun bu ölkələrin ərazisinə daxil olacağı təqdirdə onun ekstradisiyasını təmin etmək üçün sorğular göndərib.

Lakin məsələ bununla bitməyib. Növbəti şəxs tanınmış hərbi ekspert, Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının sədr müavini Konstantin Sivkov olub.

“Ukraynada 1000 kilometrlik cəbhə xətti ilə bağlı məsələni həll edəndən sonra Azərbaycanla məsələni də həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Rusiya rəhbərliyi və ümumilikdə ölkəmiz Azərbaycan liderlərinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını unutmayacaq”, – deyə Sivkov hədələyib.

Bir neçə gün sonra o, Azərbaycanın bombalanması ilə bağlı söylədiyi sözlərə görə hədələndiyindən şikayətlənməyə başlayıb.

“Mən artıq fiziki zorakılıqla, ailəmə qarşı zorakılıqla hədələnirəm. Azərbaycan diasporu açıq şəkildə bəyan edib ki, mənim başım üçün ov elan edib”, – deyə Sivkov şikayət edir. Ekspert, təhlükəsizlik qüvvələrinin onu öz ölkəsində “düşmən hədələrindən” xilas etməsi üçün Federal Təhlükəsizlik Xidmətinə müraciət etməklə hədələyir.

Dövlət Dumasının anti-Azərbaycan mövqeyi ilə məşhur olan bədnam deputatı Konstantin Zatulin də “ayılıb”. O, belə bəyanatla çıxış edib: “Mənim fikrimcə, Bakının hərəkətləri həm də Rusiya sülhməramlılarının regiondakı missiyasını ləkələmək və fəaliyyətini pozmaq cəhdidir. Görünür, Bakı güman edir ki, Rusiyanın Ukraynada Qərblə qarşıdurması Zaqafqaziyada təsir rolunu zəiflətmək üçün əlverişli məqamdır. Azərbaycanın belə düşünməsi üçün hələ tez deyildimi? Mən öz adımdan və Beynəlxalq “Lazarev Klubu” Şurası adından Dağlıq Qarabağın blokadasına son qoyulmasını tələb edirəm. Ümid edirəm ki, Rusiya Federasiyasının rəhbərliyi, diplomatları və hərbçiləri vəziyyəti normal axarına qaytarmaq üçün tutarlı dəlillər tapacaqlar. Gələcək və mümkün nəticələrə görə məsuliyyət tamamilə Azərbaycan tərəfinin üzərinə düşür”.

Təbliğatçıların bu fəallığının nə ilə bağlı olduğu çox maraqlıdır. Bu, belə demək mümkünsə, onların aşağıdan gələn şəxsi təşəbbüsüdür, yoxsa təbliğatçılar Rusiya hakimiyyətinin yuxarı hissəsində kiminsə tapşırığı ilə hərəkət edirlər? Və bu cür fəaliyyətin məqsədi nədir? Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq? Nə üçün?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun suallarını cavablandırıb:

– Rusiya və Azərbaycan hakimiyyəti arasında münasibətləri normal hesab etmək olar. Eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada Rusiya ilə Azərbaycan arasında imzalanmış 43 maddədən ibarət müttəfiqlik bəyannaməsi də dövlətlərarası münasibətlər baxımından dəyərləndirilməlidir. Hələlik hər iki hakimiyyətin bir-birinə müəyyən ehtiyacı var. İndi bu münasibətləri tamamilə korlamaq tərəflərin maraqlarına uyğun deyil. Məsələn, rəsmi Bakı hər zaman Kremlin maraqlarını nəzərə alan siyasət aparıb. Fərqli mövqe o zaman başa düşülə bilər ki, Azərbaycanın köklü maraqlarına ciddi təhlükə yaransın.

Rusiya hazırda Ukrayna ilə müharibəyə görə çox çətin vəziyyətdədir. Öz resursları get-gedə quruyur və kənardan könüllü dəstək vermək istəyənlər isə yoxdur. Bir çox sahələrdə “müttəfiqlərdən” maddi, hərbi və digər dəstək gözlənilir. Lakin onların əksəriyyəti Rusiya ilə Qərbin münaqişəsində Rusiya ilə yanaşı durmaq istəmir. Yəqin ki, Rusiyanın bağlı qapılar arxasında Azərbaycandan almaq istədiyi çox şey var.

Ukraynada qələbə ehtimalı azaldıqca Rusiya hakimiyyətinin aqressivliyi artır. Hətta normal münasibətləri olan dövlətlərlə belə, hədələyici ritorika ilə danışırlar.

Demokratik idarəetmə sistemi olmadığından Rusiyada bütün açıq informasiya və təbliğat resursları hakimiyyətin təsiri altındadır. Bu mənbələrdən gələn rəy və bəyanatların əksəriyyəti də dolayısı ilə hakimiyyətin mövqeyini ifadə edir. Putin hökuməti müəyyən səbəblərdən özünün açıq deyə bilmədiklərini ifadə etmək üçün “kənar dillərdən” istifadə edir.

Putin 2022-ci il noyabrın 22-də Soçidə Əliyevlə keçirilən son görüşdə Azərbaycandan istədiyini ala bilmədi. Rusiya sülhməramlılarına orada yaşayan ermənilərin “təhlükəsizliyini təmin etmək” üçün Qarabağda qalma müddətinin uzadılmasına icazə verilmədi. Bu, Rusiyanın Cənubi Qafqazda işğal siyasətinə son qoyacaq başlanğıc sayıla bilər.

Azərbaycan öz neft və qazından əlavə, son vaxtlar Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa bazarlarına nəqli üçün Türkiyə ilə fəal işləyir. Rusiya da Qərbə əsas təzyiq alətlərindən birini itirilir.

Rusiya hökuməti indiki hərbi-siyasi şəraitdə Türkiyə və Azərbaycanla açıq hərbi münaqişəyə gedərsə, bu, ABŞ-ın maraqlarına daha çox xidmət edəcək. Ona görə də Kremlin Azərbaycana qarşı hərbi güc tətbiq etməsi real deyil. Lakin o, hədələyici ritorikası ilə rəsmi Bakını qorxuya salacağına ümid edir.

Rauf Orucov

The post Rusiyanın hərbi-təbliğat maşını niyə fəallaşıb? appeared first on 24 saat.

24 saat” “Rusiyanın hərbi-təbliğat maşını niyə fəallaşıb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button