Loading...
Loading...
Manşet

“Rusiyanın Qazaxıstanı da, bütövlükdə MDB məkanını da itirməsi labüddür” – ƏLİ KƏRİMLİ

“Bütün dərdləri odur ki, xalqa təlqin etsinlər, xalq heç kimdir, xalq özbaşına heç nə edə bilməz, xalq tiranlara qarşı baş qaldırmaz, hətta özbaşına sosial partlayış da edə bilməz. Təlqin edirlər ki, bütün xalq ayaqlanmalarının arxasında mütləq hansısa xarici qüvvə dayanır” – bu fikirləri AXCP sədri Əli Kərimli feysbuk səhifəsindən Qazaxıstanda baş verən hadisələrə münasibət bildirərkən yazıb.
“Azərbaycandakı rejimin rəsmi və qeyri-rəsmi xidmətçiləri hamısı səfərbər olunub. Səfirindən, deputatından müxalifət, ziyalı, ekspert maskası taxanına qədər hamısı xalqa təlqin edir ki, Qazaxıstanda baş verənlər korrupsiyadan, hüquqsuzluqdan cana doymuş xalqın sosial partlayışı yox, Rusiyanın Qazaxıstana ordu yerləşdirmək üçün planlı təxribatı imiş.
Məgər Rusiya Qazaxıstana ordu yerləşdirə bilmirdi? Qazaxıstan KTMT-in üzvüdür. Rusiyanın Qazaxıstanda günü bu gün müxtəlif statuslu 4 hərbi bazası var. Qazaxıstanın 11 milyon hektar ərazisi bu gün də Rusiyaya tərəfindən hərbi məqsədlərlə istifadə olunur, Rusiyanın uzunmüddətli icarəsindədir.
Adama deyərlər ki, Rusiya xarici ölkədə 10 minlərlə (bəlkə də 100 minlərlə) insanı eyni vaxtda ölkə boyu ayağa qaldırıb ölümə, qarşıdurmaya apara biləcək gücdədirsə, nəyə görə həmin əməliyyatı qat-qat balaca olan Ermənistanda, Gürcüstanda, Moldavada edə bilmir? Axı bu balaca dövlətlər Qazaxıstandan fərqli olaraq Rusiyaya qarşı ortaya mövqe qoyur, ona ciddi problemlər yaradır. Balaca Gürcüstan AB və NATO- ya, balaca Moldava Avropa Birliyinə üzvlüyə hazırlaşır. Rusiya xüsusi xidmət orqanları xarici ölkədə belə kütləvi xaos yarada bilirsə, nəyə görə bu xaosu, qarşıdurmanı rəsmən düşmən elan etdiyi Ukraynada yox, onsuz da bir sözünü iki etməyən Qazaxıstanda edir?
Aydındır ki, rejim xidmətçiləri yalan danışırlar. Xidmət etdikləri rejimə bu şəkildə qulluq edirlər. Xalqa təlqin edirlər ki, siz heç kimsiniz. Rejim, uzaqbaşı onun arxasında olan Rusiya isə hər şeyə qadirdir. Haqqınızı tələb etmək barədə isə qətiyyən düşünməyin.
Nəticəsinin necə olacağından asılı olmayaraq Qazaxıstanda baş verən sosial partlayışdır. 30 il davam etmiş avtoritar rejimə, hüquqsuzluğa, soyğunçuluğa, təbəqələşməyə xalqın kortəbii etirazıdır. Zorakılıq səhnələri, mağazaların, bankların qarət edilməsi isə sosial partlayışın yan təsirləridir. Bəs illərdir nə deyirik? İllərdir hakimiyyəti başa salmağa çalışırıq ki, güclü, təşkilatlanmış müxalifətin mövcudluğu hər bir ölkə üçün şansdır, uğurdur, hakimiyyət dəyişikliyinin qansız-qadasız gerçəkləşdirilməsinin əsas şərtidir. Müxalifəti məhv etməyin alternativi hər zaman sosial partlayış və xaosdur. Dediklərimiz Qazaxıstanda növbəti dəfə təsdiq olunur.
Rusiyaya gəldikdə isə, o, növbəti səhvini edir. Onun Qazaxıstana ordu yeritməsi yalnız ilk baxışda uğurdur. Əslində isə Pirr qələbəsidir və nəticələri uzunmüddətli perspektivdə Rusiya üçün ağır olacaq. Rusiyanın Qazaxıstana ordu yeritməsi bütün MDB məkanında avtoritar rejimlərin taktiki uğuru kimi görünsə də, strateji olaraq səhvdir. Bu davranışla Rusiyanın Qazaxıstanı da, bütövlükdə MDB məkanını da itirməsi labüddür və sadəcə zaman məsələsidir.”
Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun