2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın Ukraynadakı uğursuzluğu Azərbaycan-Ermənistan danışıqlar prosesinə necə təsir edə bilər?

Ekspertlər birmənalı cavabların olmadığı qənaətindədirlər

Rusiyanın Ukraynada uğursuzluqları və beynəlxalq aləmdə təklənməsi Ermənistanda zaman getdikcə ictimai fikrin dəyişməsinə və tezliklə Rusiyadan uzaqlaşmaq imkanının yaranmasına yardım olacağı təsəvvürü yaradıb.

Bu ölkədə belə bir fikir formalaşıb ki, Rusiya Ukraynada uğursuzluğa düçar olduqdan sonra Ermənistanın Azərbaycanla problemlərinin həll edilməsində ABŞ və Fransaya arxalanaraq daha məqbul şərtlərlə sülh müqaviləsi imzalamaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu baxımdan eyni sual Azərbaycan ictimaiyyətinin də müzakirə mövzularından biridir. Rusiyanın hər-hansı bir uğursuzluğu Cənubi Qafqaza necə təsir göstərəcək, Ermənistanla münasibətlərin normallaşması prosesi hansı istiqamətdə gedə bilər və nəhayət, Qarabağ probleminin həllinə yanaşma necə olar bilər?

“Ermənilər Rusiyanın zəifləməsindən istifadə edəcəklər”

Meydan TV üçün sualları cavablandıran “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan münasibətləri və Rusiyanın bu proseslərdə iştirakı fərqli məsələlər və yanaşmalardır.

O qeyd edib ki, Ukraynada Rusiya-Qərb qarşıdurmasıdır, ruslar özləri də NATO ilə savaşdıqlarını deyirlər.

“Reallıq da ondan ibarətdir ki, Ukraynada ABŞ, yaxud NATO-Rusiya daxili münasibətləri həll olunur və bu məsələnin öz gündəliyi var. Cənubi Qafqazda, Azərbaycan-Ermənistan münasibətlərinin gündəliyində də Rusiya-Avropa Birliyi və ABŞ bir yerdə iştirak edirlər. Mən bu iştirakda heç bir qarşıdurma görmürəm və Azərbaycanın maraqları baxımından da səmərəli iş gedir”, – o deyib.

Mehman Əliyevin hesab etmir ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri mütləq bu prosesə təsir göstərməlidir.

“Əgər Rusiya əvvəlki Ermənistanın arxasında dayansaydı, o zaman Moskvanın Ukraynada zəifləməsi bu bölgədə də zəifləməsinə gətirdiyini və müsbət şərait yaratdığını deyə bilərdik. Əslində, indi vəziyyət fərqlidir, Rusiya hələ ki bizə qarşı deyil. 12-13 sentyabr hadisələri göstərdi ki, Ermənistanın müraciətlərinə baxmayaraq Rusiya və müttəfiqləri müdaxilədən çəkindilər, halbuki, əsaslı da ola bilərdi. Yəni top Azərbaycanın tərəfindədir, sadəcə, yanaşmalar fərqlidir”.

Rusiyanın uğursuzluğunun Ermənistanın xeyrinə ola biləcəyi barədə erməni cəmiyyətində formalaşmış fikrə münasibət bildirən agentlik rəhbəri vurğulayıb ki, Ermənistan müstəqillik əldə edəndən sonra üzünü Qərbə tutub.

Onun fikrincə, Ermənistan həm Qarabağ məsələsinə görə, həm də şimaldan maddi və iqtisadi imkanlarından bəhrələnməsi üçün Rusiyayla münasibətləri “dostluq” səviyyəsində saxlamağa çalışırdı.

“Ancaq “sualtı” fəaliyyəti həmişə qərbyönümlü olub. Onlar Azərbaycandan da öncə Avropa Birliyi ilə strateji saziş imzaladılar. Rusiyanın zəifləməsi də bu prosesi tezləşdirəcək. Bu, artıq görünür”, – Mehman Əliyev deyib, və misal kimi Pelosinin Yerevana səfərini və onun “əgər bizə üz tutsanız, sizi Rusiyadan qoruyacağıq” sözlərini göstərib. O qeyd edib ki, bundan sonra ermənilər fəallaşıblar.

Agentlik rəhbəri vurğulayıb ki, Rusiyanın zəifləməsi, Ermənistanın bu ölkədən ayrılması prosesi ilə nəticələnəcək və ermənilər Rusiyanın zəifləməsindən istifadə edəcəklər.

Mehman Əliyev, Foto: Meydan TV

“Sonuncu mesajları da göstərir ki, Ermənistan cəmiyyətində təkcə iqtidar yox, bütün təbəqələrdə vahid mövqe formalaşır. Hətta sabiq prezident Robert Koçaryan da deyir ki, Qarabağ erməniləri Azərbaycanla dil tapmalıdırlar. Yəni onlar güzəştə getməyə hazır olduqlarını bəyan edirlər. Bunun müqabilində isə ABŞ və Qərb tərəfindən böyük imtiyazlar veriləcək. Söhbət təhlükəsizlik təminatlarından, Ermənistanın Qərbə qovuşmasının təmin olunması və böyük yatırımlardan gedir. Bu, strateji olaraq Ermənistana lazımdır, bu da baş verəcək”, – o deyib.

Bununla belə, Mehman Əliyev qeyd edib ki, Rusiyanın Ukraynada uğursuzluğunun danışıqlar prosesinə heç bir aidiyyatı yoxdur.

“2020-ci ilin müharibəsi, ardınca ABŞ-la qarşıdurma, sonra yaxınlaşma baş verib, Ukrayna savaşı, Moskvanın sanksiyalar altında olmasına baxmayaraq Rusiya-Azərbaycan münasibətləri sabit qalıb. Paralel olaraq Azərbaycan-Ermənistan münasibətlərində gərginlik qalır, təkcə bu il 3 hərbi əməliyyat olub. Hesab etmirəm ki, Azərbaycan Rusiyanın zəifləməsindən istifadə edərək Moskvaya qarşı hansısa bir addım atacaq”, – o deyib.

“Rusiyanın zəifləməsi Azərbaycan-Ermənistan münasibətlərində ciddi əngəlin ortadan qalxmasına səbəb olacaq”

Siyasi icmalçı Şahin Cəfərli isə hesab edir ki, bu, birmənalı cavab üçün çətin sualdır.

“Vəziyyət hər an dəyişdiyindən suala hadisə konkretləşdikdən sonra mənzərəyə baxaraq daha dəqiq qiymət vermək olar. Amma hər halda Rusiyanın Ukraydakı məğlubyyəti onun postsovet məkanında və hətta qlobal miqyasda mövqelərinin zəifləməsinə səbəb olacaq. Yəni Rusiya qlobal və regional proseslərə Ukrayna müharibəsindən əvvəlki səviyyədə və dərəcədə təsir imkanlarına malik olmayacaq”, – ekspert deyib.

Onun fikrincə, bu, bir tərəfdən ümid yaradır ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi daha maneəsiz gerçəkləşsin. Amma bununla belə Şahin Cəfərli qeyd edib ki, Rusiyanın zəifləməsi avtomatik olaraq o mənaya gəlmir ki, Azərbaycanla Ermənistan masaya oturub dərhal sülh sazişi imzalayacaqlar, bununla da məsələ bitəcək.

“Azərbaycanın Ermənistanla konflikti məlumdur və bu, bir günə həll olunacaq məsələ deyil. Sadəcə, Rusiyanın zəifləməsi ciddi əngəlin ortadan qalxmasına səbəb olacaq. Çünki hamıya Rusiyanın konfliktin tam çözümə maraqlı olmadığı məlumdur. Rusiya Azərbaycanın ərazilərini geri qaytarmasına göz yumsa belə, yenə də sülhməramlı qüvvələrini son anda bölgəyə yeridirək regionda maraqlarını qorudu”, – siyasi icmalçı deyib.

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Şahin Cəfərli vurğulayıb ki, Rusiyanın zəifləməsi uzunmüddətli sülhə şərait yaradacaq, amma bu, məsələnin avtomatik olaraq Azərbaycanın xeyrinə həllinə rəvac vermir.

“Çünki Rusiyanın zəifləməsi Qərbin gücünün artmasına gətirəcək. Amma onlar da Qarabağ ermənilərinə müəyyən hüquqların verilməsini istəyirlər və bunu tələb edəcəklər. Ona görə deyə bilmərik ki, Rusiyanın zəifləməsi ilə Azərbaycan bütün şərtlərini Ermənistana qəbul etdirəcək. Bu cür yanaşma yanlışdır”, – ekspert bildirib.

Bundan başqa, Şahin Cəfərli erməni tərəfinin də Rusiyanın uğursuzluğu nəticəsində uğur əldə edə biləcəkləri ilə bağlı eyforiyaya düşməsinə səbəb görmür.

“Bu fikri irəli sürən ermənilər bəlkə də qərbdəki lobbilərinin müəyyənedici rol oynayacaqlarını düşünürlər. Yaxud lobbilərinin təsiri ilə Qərb ölkələrinin daha ermənipərəst mövqe tutacaqlarını hesablayırlar. Amma bu yanaşma qismən doğru olsa da, tam deyil. O baxımdan doğru hesab etmək olar ki, Qərb bu məsələni o şəkildə həllində maraqlıdır ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına və təhlüksizliyinə təminat versin. Əgər ermənilər bunu nəzərdə tutursa, onların mövqeyini qismən doğru hesab etmək olar. Ancaq tutaq ki, Qərb bu məsələdə onların tərəfini saxlayıb Azərbaycana təzyiq göstərəcək, yaxud ciddi status tələb edəcək, bunları gözləmirəm. Qərb tərəflərin mənafelərinin təmin olması şərtilə sülhdə maraqlıdır”, – siyasi icmalçı bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button