Now Reading:
Rüstəm Behrudi: Anarın yaradıcı insanların adından danışmağa ixtiyarı yoxdur

Anar: ”Mən ona elə yaxşılıq eləmişəm ki, gərək ömrüboyu mənə minnətdar olsun”

“Ola bilsin, yazıçı Anar İlham Əliyevi dəstəkləyəcək, amma onun Yazıçılar Birliyinin bütün üzvləri və yaradıcı insanlar adından danışmağa ixtiyarı yoxdur”.

Bunu şair Rüstəm Behrudi Meydan TV-yə yazıçı Anarın yaradıcı insanların İlham Əliyevi dəstəkləməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) Anar deyib ki, heç bir ölkədə sənətə, yaradıcılığa bu cür diqqət və qayğı yoxdur:

“Azərbaycan prezidenti daim yaradıcı insanları diqqətdə saxlayıb, onların problemlərinin həllinə çalışıb. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq”.

Yaradıcı adam kimi hökumətdən hər hansı bir dəstək, qayğı görmədiyini və gözləmədiyini deyən Rüstəm Behrudi bildirib ki, Yazıçılar Birliyinin cəmiyyətə olan münasibətini qəbul etmədiyinə görə iki il əvvəl qurumdan istefa verib.

“Ümumiyyətlə, kiminsə başqasının adından danışması düzgün hal deyil. Əslində, yaradıcı adam müstəqil adam deməkdir. Hər bir yaradıcı insanın – bu, şair, yazıçı olsun fərqi yoxdur – müstəqil düşüncəsi, dünyagörüşü, fəlsəfi baxışı sərbəstdir. Ona müdaxilə etmək, hər hansı bir təzyiq göstərmək yanlışdır. Yenə deyirəm: Anarın bütün yaradıcı insanlar adından danışmasını düzgün hesab eləmirəm”, – deyə Rüstəm Behrudi fikirlərini sona çatdırıb.

Türkiyədə yaşayan şair Məmməd İsmayıl isə deyir ki, həqiqəti söyləmək hər yaradıcı insanın ilkin missiyasıdır:

“Özgürlüyü, demokratiyanı, insan azadlığını, dəstəkləmək hər bir yaradıcı insanın boyun borcudur. Müstəqill mövqeyim, həyata baxışım olduğu üçün nəinki mənə dəstək olunmuş, əksinə, həqiqəti müdafiə etdiyimə görə 22 ildir canımdan artıq sevdiyim vətənimdən didərgin salınmışam, vətəndə vətənsizləşmişəm”.

O deyir ki, adı hətta üzvü olduğu Yazıçılar Birliyinin bütün siyahılarından silinib:

“Nəinki mənə, hətta övladlarıma qarşı da təzyiq ediblər. Ali məktəbləri fərqlənmə diplomu ilə bitirən üç övladıma mənə görə ölkədə iş verilməyib, məcbur olub vətənlərini tərk ediblər. Budur İlham Əliyev rejiminin ziyalıları dəstəkləməyinin əsl gerçəyi”.

Yazıçı Anar isə Meydan TV-nin sualından əsəbləşib:

“Bu nədir, mənə zəng edib hər axmaq şeyi deyirsən? Jurnalistlərdə, bu, nə adətdir? Ancaq qanqaraldan şeyləri gəlib deyirlər. Mən ona elə yaxşılıq eləmişəm ki, (Rüstəm Behrudi nəzərdə tutulur-müəllif) gərək ömrüboyu mənə minnətdar olsun. İndi nə danışıbsa, öz vicdanına cavab versin”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.