Loading...
Loading...
Xəbərlər

Səfər Mehdiyev Gömrük Komitəsi sədrliyindən uzaqlaşdırılıb

1999-cu ildən Gömrük Komitəsində müxtəlif vəzifələrdə olan Səfər Mehdiyev 2018-ildən Komitənin sədri idi

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən çıxarılıb. Bununla bağlı Azərbaycan Prezident İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

49 yaşlı Səfər Mehdiyev (o, 1973-ci il Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində doğulub) 2018-ci ildən Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri idi.

Dövlət Təhlükəsizlik Xidməti bir gün əvvəl-iyulun 15-də Dövlət Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Bunlardan biri gömrük generalı, Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovdur.

Digər saxlananlar Komitə yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərovdur.

Rəsmi məlumata görə, Məsum Rəsulov müsadirə edilmiş siqaret məhsullarını hərbi qulluqçulara paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, əməkdaşına təhvil verib. Bununla da külli miqdarda siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu bildirilir.

Komitənin adı çəkilən digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri və başqa xidmətlərin göstərilməsi adı altında çox sayda şirkətin hesabına köçürülən külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Hələki ittihamlarla bağlı saxlanılan şəxslərin yaxınları və ya vəkilləri açıqlama verməyiblər.

O, 1999–2004-cü illərdə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevralından birinci müavini vəzifəsində olub.

2018-ci aprelin 23-də isə Prezidentin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Səfər Mehdiyevdən əvvəl Dövlət Gömrük Komitəsinin sədri indiki Fövqəladə Hallar naziri (1995-2006 sədri) Kəmaləddin Heydərov olub.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Bakı və Yerevan atəşkəs pozuntusu ilə bağlı bir-birini ittiham edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button