Loading...
Loading...
Cəmiyyət

Səfərbərliklə orduya çağırılanlar aksiya keçirib: Bizə status verin

İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslərdən bəziləri bu gün, sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakıdakı binası qarşısında etiraz aksiyası keçirib. Onlar “müharibə iştirakçısı” statusunun verilməməsindən şikayətləniblər.

“Qarda, palçıqda xidmət etmişik”

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar: “Biz arxa cəbhədə olmuşuq. Əlimizdə silah da olub. Qarda, palçıqda xəstə əsgərlərin əvəzinə xidmət etmişik. Hərbi hissənin yarısı döyüş əmrində olub. Qalanlar isə həmin döyüşənlərlə bir yerdə status alıb. Onlardan bizim fərqimiz nədir? Hətta İkinci Dünya müharibəsində arxa cəbhədə olan şəxslərə müharibə iştirakçısı statusunu verirdilər”.

Onların sözlərinə görə, Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət ediblər: “Gah deyirlər ki, ilin axırı veriləcək, gah deyirlər ki, siz tamamlama olmusuz, sizə düşmür. Niyə düşmür?! Məni səfərbər edib komissarlığa göndərmisən. Mən “voenkomat”dan çıxmışamsa, deməli, döyüş əmri ilə hərbi hissəyə daxil olmuşam. Hətta orada təlimdə olmuşam”.

Daha sonra aksiya iştirakçılarından beş nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub. Aksiya insidentsiz başa çatıb.

Bundan əvvəl də status ala bilməyən keçmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi qarşısında aksiyası olub. Onlara şikayətlərinin araşdırılacağı bildirilmişdi.

Nazirlikdən aksiyaçılara cavab

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti “Müharibə veteranı” adının verilməsi tələbi ilə keçirilən aksiyaya münasibət bildirib.

Turan”ın xəbərinə görə, bildirilib ki, “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir: “Təqdim edilmiş sənədlər və daxil olmuş müraciətlər araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir”.

Qurumdan bildirildiyinə görə, sentyabrın 12-də doqquz nəfər Müdafiə Nazirliyində qəbul edilib. “Diqqətlərinə çatdırılıb ki, səfərbərliklə cəlb edilərək tamamlama məntəqələrində olduqlarına və birbaşa döyüş əməliyyatlarında iştirak etmədikləri üçün onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil”, – açıqlamada vurğulanır.

24 saat” “Səfərbərliklə orduya çağırılanlar aksiya keçirib: Bizə status verin” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button