Gündəm

Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayır

Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.

APA-nın xəbərinə görə, diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.

“Azərbaycan və AB rəsmiləri bildirir ki, yeni müqavilə, demək olar, hazırdır. Amma “demək olar” kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı”, – o qeyd edib.

Səfir deyib ki, AB və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: “Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil”.

K.Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın AB ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına göstərə bilər.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

24 saat” “Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button