Loading...
Loading...
SEÇMƏ

Şəhid anasının təşəkkür borcu…

Belə bir borc yoxdur

Prezidentin saytından vaxtaşırı yazıram, faktlar ortaya qoyuram, saxtakarlığa etiraz edirəm. Belə yazılara görə bəzən qınayırlar, vaxtı başqa işlərə sərf etməyi məsləhət görürlər. Ancaq olmur, gördüyünü yazmaq, bilməyənləri bilgiləndirmək jurnalistin peşə borcudur. Düzdür, çoxdandır yazmasam da, hər gün izləyirəm, xüsusilə sayta “göndərilən” məktublar diqqəti çəkir. Son çağlar bir az süstlük var idi, xalqımız 44 günlük zəfərdən sonra məktubla tərif yağışına tutduğu Ali Baş Komandana nədənsə az yazırdı. 2020-ci ilin sonlarından üzü bəri belə deyildi, ardıcıl və saysız məktublar qoyulurdu sayta. Bu yayda məktublar birdən-birə səngiyib. Quru yollarla sərhədimiz açıq da deyil ki, xalqımızın xaricə üz tutduğunu düşünək…

Çox uzağa getməyək, sentyabrın 1-də sayta 3 zəhmətkeş məktubu qoyulub, 2-də də 3 məktub, 3-də 2 məktub, 4-ü bazar gününə düşdüyündən zəhmətkeşlər də istirahət edib. 5-də 3 məktub, 6-da 2 məktub, 7-də 3 məktub, 8-də 2 məktub, 9-da 3 məktub, 10-da 3 məktub, 11-də xalqımız yenə dincəlib, bazar günüdür axı. 12-də 2 məktub, 13-də 2 məktub. Qarabağda təxribat və şəhidlər xəbəri sanki xalqı yenidən silkələyib. Prezidentə məktublara start verilib. Şübhə yoxdur ki, getdikcə məktub sayı artacaq. Məktublarda yenə adamların vətənpərlik hissi aşıb-daşır. Qocası da, cavanı da Müzəffərin əmrinə hazır, müntəzir olduğunu bildirir. Maraqlı bir məqam da var, adi günlərdə məktub sayta ən yaxşı halda saat 12-dən sonra qoyulur, kütləvi yazmaq göstərişi verilən günlərdə saat 10-dan sonra. Sentyabrın 14-də 9 məktub yazılıb və ilk məktub Gəncədən, Xəyal Tanrıverdiyevdən gəlib, saat 10.48-də də sayta qoyulub:

“Müzəffər Ali Baş Komandan.

Laçın, Kəlbəcər və Daşkəsən istiqamətlərində Ermənistan terrorçularının törətdikləri təxribatlara qarşı Sizin hər bir göstərişinizi dəstəkləyirəm və hər bir əmrinizə hazıram.

Sizə olan inamımız və sevgimiz sarsılmazdır, tükənməzdir. Nə yaxşı ki, Azərbaycanın Sizin kimi Ali Baş Komandanı vardır.

Sizinlə fəxr edirik. Yaşasın cənab İlham Əliyev! Yaşasın Azərbaycan!”

Sentyabrın 15-də 11 məktub qoyulub sayta, bunlardan biri İsraildən gəlib, şəhidlərimizə görə başsağlığı veriblər. Sentyabrın 16-da isə sayta 15 məktub qoyulub.  Ümid edirik ki, növbəti günlərdə ucqar kəndlərimizdən belə xalqımızın Şanxay məclisi ilə bağlı təəssüratlarını da oxuya biləcəyik…

İki gündə 70-dən artıq şəhid verilməsindən, görünür, bəzi məktub sahiblərinin xəbəri yoxdur. Yoxsa niyə belə bir məktub yazsınlar?!.

“Hörmətli cənab Prezident.

Mən bir vətəndaş olaraq, öz dövlətimin qüdrətinə, Azərbaycan Ordusunun gücünə həmişə inanmışam. Siz elə bir müdafiə sistemi qurub, elə bir ordu formalaşdırmısınız ki, baş verənləri çox böyük heyranlıqla izləyirəm. Sizin qətiyyətiniz, cəsarətiniz, yüksək özünəinam hissiniz sanki bütün əsgərlərimizə sirayət etmişdir.

Gözdən qaçırmayın:  Prokurorluq hərbçinin qardaşının dediklərini araşdırır

Azərbaycan adına etdiyiniz hər şey üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, Əliyev Həsən, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

Bu məktublardan bəzilərini, həqiqətən, adam ürək ağrısı ilə oxuyur. Görəsən, başqa hansısa ölkədə prezidentə belə məktublar yazılırmı? Kiçik bir araşdırma gözlədiyimiz nəticəni vermədi. Məsələn, diktator dediyimiz Belarus Prezidenti Lukaşenkonun saytında yoxdur bu məktublar. Heç Rusiya Prezidenti Putinin saytında da bu tipli məktublarla qarşılaşmadıq. Türkmənistan prezidentinin saytında belə bir bölmə yoxdur. Özbəkistan prezidentinin saytında da ancaq prezidentə müraciət qaydası var. Əslində, o prezidentlər, onların komandası düz edir, çünki məktub iki nəfər arasında olan məhrəm münasibətlə bağlı olur, nahaqdan deməyiblər: “Özgəsinin məktubunu oxumaq ədəbsizlikdir”. Çox təəssüf, bizi bu ədəbsizliyə məcbur edirlər. Məsələn, sentyabrın 17-də sayta qoyulan bu məktubu birlikdə oxuyaq:

“Hörmətli cənab Prezident.

Hazırda Neftçala rayonunun Aşağı Surra kəndində elektrik xətlərinin yenilənməsi işi geniş vüsət almışdır. Bu isə öz növbəsində dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminat deməkdir. Bu işlər kənd əhalisinin böyük rəğbətinə səbəb olmuşdur.

Hörmətli cənab Prezident, Sizə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və kənd ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Doğma Azərbaycanımızın gələcək inkişafı naminə Sizə uğurlar arzulayırıq.

Hörmətlə, Rəhmanov Abbasağa Böyükağa oğlu, şəhid atası,

Tağıyev Ənvər Abdul oğlu, şəhid atası,

Əsgərova Püstəxanım Yaşa qızı, şəhid anası,

Nəcəfov Nəcəf Mənəf oğlu, müharibə əlili,

Mehdiyev Eyvaz Cəfər oğlu, müharibə əlili,

Quliyev Məmmədağa Balamməd oğlu,

Mehtiyev Əşrəf Soltan oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu, Aşağı Surra kəndi.

Neftçala rayonu. Mənbə: Neftçala İH

Neftçalanın Aşağı Surra kəndində elektrik xətləri yenilənir, sıradan bir işdir, yəqin, sovetlərin vaxtından qalanı dəyişirlər. Buna görə heç “Azərişığ”a da təşəkkür etməyə dəyməz, birincisi, vəzifə borclarını yerinə yetirirlər, ikincisi, Allah bilir, nə boyda yeyinti var o işdə, yenə tenderdə öz şirkətləri qalib gəlib, üçüncüsü, daha çox pul yığmaq üçün bütün rayonlarda xətləri dəyişib sayğac quraşdırırlar. Bu işə görə nə üçün şəhid anası, şəhid atası, müharibə əlili prezidentə təşəkkür etməlidir. Şəhid ailəsinin, qazilərin, müharibə əlilləri və veteranlarının qayğısını çəkmək hökumətin borcudur, ona görə kimsə kiməsə təşəkkür etməməlidir. Şəhid anası adından məktub yazmaq isə çox ayıb işdir…

İşıq xətləri yenilənən kəndlərdən birinin yoluna baxın.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button