Xəbərlər

Şəhidlik zirvəsinə ucalan Ağaəmi

Loading...

Paytaxtın səs-küylü, tıxaclı yollarından keçib üzü Buzovnaya doğru gedirik. Qəsəbənin girişində İkinci Qarabağ döyüşlərində şəhid olan Buzovna sakinlərinin lövhələri yerləşdirilib. Bir qədər irəlidə cəbhəyə könüllü yollanan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olan Ağaəmi Heybətovun doğulub boya başa çatdığı ev yerləşir. Şəhid atası Elçin Heybətov yaşadıqları evlərinin önündə şəhid bulağı inşa etdirib, oğlu kimi döyüşlərdə qəhrəmancasına şəhid olanların xatirəsinin əbədləşdirilməsi üçün xatirə lövhəsi qoyub. Həyətin girəcəyində divarda Azərbaycan və Türk bayraqları həkk olunub, bir qədər irəlidə isə hər iki dövlətin bayraqları dalğalanır. Divarlara şəhidin xatirəsini əks etdirən fotoşəkillər düzülüb… Şəhidin xatirəsini əbədiləşdirən bulağın və xatirə lövhəsinin müəllifi isə Ağaəminin həmkəndlisi Aydın Babayevdir.

Bizi qapıda Ağaəmin ailə üzvləri qarşılayır.

Söhbətə şəhidin bacısı Həlimə Heybətova başlayır. Deyir ki, qardaşı dost-tanışları, qohum-əqrəbaları, qəsəbə sakinləri arasında sayılıb-seçilib, oxuduğu məktəbdə, təhsil aldığı universitetdə həmişə hörmət qazanıb.

 “Qəsəbədəki 125 saylı orta məktəbi bitirib. Savadlı, nümunəvi şagird olub. Qardaşım bir neçə dil bilirdi, musiqi təhsili almışdı. Orta məktəbi bitirdikdən sonra İqtisadiyyat Universitetinə qəbul olunmuşdu. Məktəbdə olduğu kimi, ali məktəbdə də nümunəvi tələbə adı qazanmışdı”.

İqtisad Universitetindən məzun olan Ağaəmi hərbi xidmətə yollanır. Gəncədəki N saylı hərbi hissədə qulluq edir. Bir müddət sonra isə Aprel döyüşləri başlayır. Onun bu döyüşlərdə iştirakından ailə üzvləri illər sonra – ötən ilin oktyabrında Ağaəmi şəhid olduqdan sonra xəbər tuturlar.

 “Onun Aprel döyüşlərində iştirak etməsi ilə bağlı bizim məlumatımız olmayıb. Bu barədə şəhid olduqdan sonra xəbər tutmuşuq”.

Hərbi xidmətdən sağ-salamat dönən Ağaəmi əvvəlcə “Veysəloğlu” şirkətində, daha sonra Müdafiə Sənayesi Nazirliyin  İqlim Elmi-İstehsalat Müəssisəsində  işləyib.

Burada onun xatirəsi yad edilir və ailəsi ilə müntəzəm əlaqə saxlanılarq, mənəvi və digər zəruri dəstək verilir. Bacısı deyir ki, 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri Ağaəmiyə çox pis təsir edir, özünə qapanır. Məhz Tovuz hadisələri onun taleyində ciddi dönüş nöqtəsi olur. Belə ki, hərbi əməliyyatlar başlayan kimi Ağaəmi ailə üzvlərinə xəbər vermədən sentyabrın 29-da könüllü cəbhəyə yollanır. Ailə üzvləri ilə telefon əlaqəsi saxlayan Ağaəmi böyük ruh yüksəkliyi ilə onlara “hər şey yaxşı olacaq, heç nədən nigaran qalmayın” deyir.

Sonuncu dəfə Ağaəmi ötən il oktyabrın 16-da anası ilə telefonda danışıb:  “Həmin gündən sonra əlaqə saxlaya bilmədik. Oktyabrın 24-də evimizə zəng vurub qardaşımın şəhid olması xəbərini verdilər”.

Şəhid bacısı deyir ki, qardaşı müharibə zamanı döş cibində qoruyub saxladığı bayrağı döyüşçü yoldaşına verib və deyib ki, əgər mən şəhid olsam bu bayrağı bizim evə apararsan: “Döyüşçü yoldaşlarına deyib ki, bilirəm şəhid olacağam. Öləndə də kişi kimi öləcəyəm. Amma bacıma, atama deyin, arxamca ağlamasınlar”.

Hər dəfə ailə üzvlərinin, doğmalarının yuxusuna girdikdə onlara ölmədiyini deyir, ağlamamağı tapşırır.

Ölümündən sonra Ağaəmi Heybətov Vətən Uğrunda medalı, Suqovuşan uğrunda şücaətə görə, “Cəsur döyüşçü “medalı ilə təltif olunub.  Müharibənin artıq bir ili tamam olub. Vətən uğrunda canından keçənlərin il dönümü qeyd olunmaqdadır. Oktyabrn 16-da  27 yaşlı Ağaəminin də ildönümüdür…

Onun məzarı bu gün  gül-çiçək əhatəsindədir…

Buzovna qəsəbəsi Vətən müharibəsində onlarla şəhid verib. Şəhidlər xiyabanında Birinci və İkinci Qarabağ savaşında şəhid olanlar dəfn edilib.  Onların uyuduğu, gül-çiçəklə bəzədilən bu məkan qəsəbə sakinlərin müqəddəs ziyarətgahına çevrilib.

 

https://www.<a data-autolink-id="15" target="_self" href="https://www.az24saat.org/?s=youtube" >youtube</a>.com/watch?v=2meos9cFS2s

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button