SEÇMƏ

Səlim Müslümovla bağlı cinayət işi: Şöbə müdirləri Bakıya çağırılıb və külli miqdarda pul alınıb…

Məhkəmədə şahidlər şişirdilmiş rəqəmlərdən, verdikləri “şirinlik”dən danışıblar

27 milyon manatlıq yeyintidə ittiham olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işi üzrə məhkəmə iclasları davam etdikcə şəhid ailələrinə, əlillərə verilən evlərin alınması, tikintisi və təmiri zamanı korrupsiya hallarıyla bağlı yeni-yeni faktlar üzə çıxır. Oktyabrın 24-də keçmiş nazirin məhkəməsində dindirilən şahidlər həm evlərlə bağlı sənədlərdə qiymət şişirtməsindən, həm də nazirliyin tabeliyindəki qurumların rəhbərlərindən vəzifədə qalmaq üçün rüşvət alınmasından danışıblar.

Hazırda ev dustaqlığında olan Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında dindiriln Mingəçevir sakini Abbas Əsgərov evini nazirliyə satanlarlan biridir. O deyir ki, ev əslində 35 min manata satılıb, ona da bu qədər vəsait ödənilib. Amma alqı-satqı müqaviləsində 46 min 500 manat göstərilib. Onun atası Münasib Əsgərov da dediklərini təsdiqləyib. Rəsmi sənədlərdəki qiymət fərqinə etiraz etməmələrini isə belə izah edib:

“Bizə evə görə danışdığımız məbləği almaq vacib idi”.

Məhkəmədə dindirilən şahid Nigar İsmayılovanın adına olan “Talalı” MMC isə nazirliyin tenderində qalib elan edilib, Qazaxda Qarabağ əlilləri üçün iki ev tikintisi ona həvalə edilib. Lakin Nigar İsmayılova deyir ki, şirkət onun adına olsa da, həyat yoldaşı İbad İsmayılov idarə edib:

“Mən sənədləşmələrə qol çəkmişəm, tikinti işlərini yoldaşım həyata keçirib. Yoldaşım evdə telefonla danışanda bilmişəm ki, hər evin tikintisi üçün Natiq Əzizova 4 min manat verilib. Mən özüm Natiq Əzizovu tanımamışam”.

Natiq Əzizov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tikinti idarəsinin rəisi olub.

Daha bir şahid Əliabbas Qurbanov “Memar İnşaat- 0963” şirkətinin həmtəsisçisi olmaqla yanaşı, həm də Natiq Əzizovun tələbə yoldaşı olub. Onun adına açılan şirkətə Qazax rayonunda əlillər üçün ev tikintisi məqsədilə pul ayrılıb. Şahid deyir ki, cəmi bir ev tikiblər, özünə də qazanc qalmayıb:

“Natiq Əzizov tələbə yoldaşım olub, məndən nə işlə məşğul olduğumu soruşdu. Bildi ki, işləmirəm. Təklif elədi ki, bu işlə məşğul olum. Dedi ki, bir mütəxəssis tapıb, birlikdə bu işi görərəm. 59 min pul ayrılmışdı evin tikintisinə. Evi tikəndə məlum oldu ki, 7000 verməliyəm. O pulu verdik, özümə heç nə qalmadı“.

Dövlət Sosial Müdafiə Fondunun Zərdab, Şirvan, Xocavənd, Yevlax, Şəmkir, Ağdam, Kəlbəcər şöbələrində rəhbər vəzifələrdə çalışmış şəxslər də məhkəmədə dindiriliblər, hər yoxlamadan sonra onlardan pul alınmasından danışıblar.

Vaxtilə Dövlət Sosial Müdafiə Fondunun Zərdab şöbəsinin müdir müavini vəzifəsində çalışmış, hazırda isə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru olan Nazim Hüseynov bildirib ki, müdir müavini olduğu dövrdə yoxlama nəticəsində bəzi nöqsanlar aşkarlanıb. Yoxlama nəticəsində vəzifəsini itirməmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşüb və ona 8000 manat pul verib.

Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Əvəz Sadıqov da bənzər ifadə verərək bildirib ki, yoxlamadan sonra işdən çıxarılmamaq üçün 10 min manat verib:

“Pulun yarısını işçilərdən yığmışdım, yarısını da özüm kredit götürmüşdüm. Çünki mənimlə yanaşı, işçilər də işlərini itirə bilərdilər. Pulu verəndən sonra nazirin əmrilə bizə töhmət verildi, amma işdən çıxarılmadıq”.

Gözdən qaçırmayın:  MeyArt – Keçmiş siyasi mühacir Elmir Mirzəyev Bakıda konsert keçirib

Kəlbəcərdə 2016-2020-ci illərdə şöbə müdiri vəzifəsində çalışmış Novruz Çıraqov dindiriləndə məlum oldu ki, o, bu vəzifədən əvvəl 10 il Kəlbəcərin icra başçısının müavini işləyib.

Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər şöbəsinin müdiri olduğu 4 il ərzində iki dəfə yoxlama keçirilib, nəticədə ondan 8000 və 10000 olmaqla, ümumilikdə 18000 pul alınıb:

“Mən 35 il dövlət qulluğunda işləmişəm. Yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vurub nazirliyə çağırdı. Getdim, dedi ki, kömək lazımdı. Mən də çıxarıb 8 min manat verdim. Qorxdum ki, o hörməti eləməsəm, işdən çıxarılaram. Fikirləşdim ki, idarənin tapşırığıdır, verməliyəm. Bilirdim ki, nəyə görə çağırıb, ona görə də hazırlıqlı getdim. İkinci dəfə 2018-ci ilin yanvarında yoxlama gəldi. Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Bildim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim. Biz kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik”.

2008-2020-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsinə rəhbərlik etmiş Zərifə Əzizova məhkəmədə danışıb ki, yoxlamadan əvvəl Nizami Xanlarov hansısa rayona gedəndə yolüstü Yevlaxa dəyib. Ondan az sonra yoxlama göndərilib:

“Yoxlama zamanı nöqsanlar aşkarlandı. Məni Bakıya çağırdı, gəldim, 20 min manat hörmət elədim. Bütün çatışmazlıqları aradan qaldırdı. Nəticədə mənə hörmətli nazirimiz Səlim Müslümovun əmri ilə töhmət verildi”.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini İlqar Mirzəyevin sürücüsü Qurban Kazımov da məhkəmədə dindirilib. Onun adına açılan “Şirvan-S” şirkəti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində evlərin tikintisi zamanı yeyinti olduğu iddia olunur.

Qurban Kazımov bildirir ki, adına olan şirkətin fəaliyyətindən xəbəri olmayıb. Şirkəti isə onun adına sürücüsü olduğu məmurun oğlu Nicat Mirzəyev açıb. Onun sözlərinə görə, Nicat Mirzəyev özü polis orqanlarında çalışırdı.

“Nicat Mirzəyev mənə dedi ki, tikinti işlərilə məşğuldur, mənim adıma şirkət təsis eləmək istəyir. Mən də razılaşdım. Həmin şirkət vasitəsilə evlər tikilib. Nicat xəstəliyə tutulub, vəfat elədi. Məni Səlim Müslümovun işi üzrə istintaqa çağıranda xəbər tutmuşam ki, 16 min manat mənimsəmə olub. Gəlib İlqar müəllimə dedim, pulu verdi, aparıb ödədim”, – Qurban Kazımov ifadəsində bildirib.

Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button