Loading...
Loading...
SEÇMƏ

Səlim Müslümovun işi: Alqı-satqı müqavilələrində rəqəmlər şişirdilib

Yayımlandı: 12 Sentyabr 2022 18:46

Şahidlər aldadıldığını deyir

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı 27 milyon manatlıq yeyinti ittihamında şəhid ailələri və Qarabağ əlilləri üçün evlərin alınması zamanı mənimsəmələr də var. İddia olunur ki, evlər alınarkən alqı-satqı müqaviləsində qiymətlər artıq göstərilib. Bunu sentyabrın 12-də Səlim Müslümovun məhkəməsində dindirilən şahidlər də təsdiqləyib. Onlar əsasən həmin evlərin əvvəlki sahibləri olub.

Gəncə sakini Ulduz Verdiyeva bildirib ki, 3 otaqlı mənzilini 36 min manata satıb. Amma alqı-satqı müqaviləsində həmin mənzilin satış qiyməti 51 min 500 manat göstərilib.

Şahid Gülnisə Həşimova isə deyir ki, Yeni Gəncə yaşayış massivində 3 otaqlı evini nazirliyə 31 min 509 manata satıb. Bu mənzillə bağlı müqavilədə də qiymət artıq göstərilib.

“Müqavilədə satış qiyməti 51 min manat göstərilmişdi. Mənzili alan makler idi, mən tanımırdım. Bankda 31 min manatı kassadan alıb çıxdım. Sonradan dedilər ki, müqavilədə 51 min manat yazılıb. Mən də dedim nə borcuma, öz pulumu almışam. Mənə demişdilər ki, evim Qarabağ əlili, şəhid ailəsi üçün alınır. Dedim ki, halal xoşları olsun…”

Qurban Nağıyev də evini satmış şahidlərdəndir. O, 3 mənzilini 35 min manata satıb: “Mən maklerə satmışam. Amma sənəddə 51 min 700 manata satmağım yazılmışdı, qol çəkdim. Evim təmirsiz idi. Dedilər ki, dövlət 51 min 700 manat ayırıb ki, ev təmirli olsun. Qalan məbləğ də təmirə xərclənəcək”.

Həmin evlərin alqı-satqısında vasitəçilik etmiş şəxslər də dindirilib. Onlar bildirib ki, nazirliyin əməkdaşlarının tapşırığı ilə o evləri tapıblar:
Sosial”ın işçiləri bizə tapşırdılar ki, əlillər üçün evlər tapaq. Biz də şəhərdə evini satan adamları tapdıq. Vasitəçiliyə görə hər ev alışından bizə 500 manat qazanc qalırdı”.

Vasitəçilərdən biri məhkəmədə deyib ki, o həm də təmir prosesində iştirak edib: “Mən usta , fəhlə komandası təşkil elədim. Bunu da məndən nazirlik işçiləri istəmişdi. Oradan da ümumilikdə 900-1000 manat mənə “hörmət elədilər”.

Məhkəmədə dindirilən başqa bir şahid Zaman Səmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin vasitəsilə aldadıldığını deyir. Onun sözlərinə görə, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb, onu özəlləşdirib. Günlərin birində nazirliyin həmin ərazini alıb, orada Qarabağ əlilləri üçün ev tikmək istədiyi bildirilib. O da satmağa razılaşıb: “O vaxt nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev idi. Onunla görüşdüm. Dedi ki, 50 min manata alırıq, mən də razılaşdım. 10 min manat verdi, dedi ki, qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Mən torpağımı geri istədim, vermədilər…”

Gözdən qaçırmayın:  “Elçin Sadıqovla Əvəz Zeynallının həbsi siyasi sifarişdir”

Onun sözlərinə görə, indiyədək nə torpağı geri qaytarılıb, nə də pulu verilib.

Başqa bir şahid Elmar Səmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyekti özəlləşdirmək istədiyi halda aldadılıb. Onun sözlərinə görə, obyektin özəlləşdirilməsi üçün nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb:
“Özəlləşdirmə üçün məndən 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar. Pulumu istəmək üçün dəfələrlə nazirliyə getmişəm. İlk dəfə 3-cü mərtəbədə Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev əsəbiləşib, məni otaqdan qovdu. Ondan sonra nə vaxt getdim, aşağıdan polislər binaya buraxmadılar. Sonuncu dəfə Əjdər Cəbiyevin telefon nömrəsini tapıb ona zəng vurdum. Məni hədələdi, ondan sonra ona zəng eləmədim…”

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsi vurulmuş 27 milyon manatlıq ziyanın 2 milyonunu ödəyib.

Səlim Müslümovla yanaşı, sabiq Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev də həbs olunmuşdu. Lakin onun haqqındakı cinayət işi sonradan ayrıca məhkəməyə göndərildi. Əjdər Cəbiyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button