Loading...
Loading...
SEÇMƏ

Şəmkir sakini: “Ötən hər gün qızımın və ailəmin həyatına təhlükədir”

Dilqəm Yusifov: “Təəssüf ki, rayon prokurorluğu haqq-ədaləti bərqərar etmək əvəzinə başqa yol tutdu”

Şəmkir sakinləri Dilqəm Yusifov və Bəsti Yusifova övladları Yeganənin həyatının təhlükə altında olduğunu iddia edir. Deyirlər ki, səbəb Yeganə Yusifovanın rayonda iş adamı Arzu Cabbarovun ölümüylə bağlı həqiqətləri Meydan TV-yə danışmaqla ictimailəşdirməsidir.

Valideynlərin sözlərinə görə, Yeganə Yusifova təzyiq və təhdidlər üzündən xeyli vaxtdır qaçıb gizlənib.

Qızımı polis şöbəsində döyüblər”

Dilqəm Yusifov hesab edir ki, Arzu Cabbarovun ölümündə əli olan şəxslər məsuliyyətdən kənarda saxlanılır. Şəmkir sakini buna görə rayonun prokuroru Azər Hətəmov və işin istintaqını aparan müstəntiq Nicat Məmmədlini ittiham edir. Deyir ki, onlar gerçək vəziyyəti bilə-bilə iş adamının ölümündə əli olan polislərin əməllərini ört-basdır eləmək üçün müxtəlif yollara əl atırlar.

Onun sözlərinə görə, qızı yalan ifadə vermək üçün günlərlə işgəncəyə məruz qalıb:

“Prokuror Azər Hətəmovun göstərişilə qızımı tələsik axşam saat 10 radələrində evdən polis idarəsinə aparıldı. Polislər Yeganəni evdən aparanda ailəmə deyiblər ki, guya Arzunun adamları onu axtarır, birdən öldürərlər, bunlar da onun təhlükəsizliyinin qayğısına qalırlar. Yeganəni günlərlə polis şöbəsində saxlayıblar. Mayın 8-dən 13-nə qədər Yeganə hər gün anasına zəng edir ki, polis şöbəsindəyəm. O müddətdə qızımı şöbədə döyüb, ekspertdən də xəsarətlər barədə rəy alıblar. Belə rəsmiləşdiriblər ki, guya Arzu Cabbarov ölümündən əvvəl qızımla dalaşıb, ona xəsarətlər yetirib…”.

Polislər Gəncədə kirayə ev tutub, qızımı ora yerləşdiriblər”

Dilqəm Yusifov deyir ki, mayın 13-də Yeganəni Şəmkir Rayon Polis Şöbəsindən çıxarıb Gəncəyə aparıblar. Atasının dediyinə görə, onu Yeni Gəncə adlanan ərazidə kirayə tutulan evə yerləşdiriblər. O iddia edir ki, Yeganə Yusifovanı aparanlar Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Etibar Yaqubov və Firuz İbrahimov olub:

“Həmin gün Etibar yaşadığımız evə gəlib deyib ki, nəvəm Emiri aparmalıdır. Yoldaşım Etibardan soruşub ki, nəvəmi hara aparırsan? Deyib ki, Arzu Cabbarovun adamları uşağa da nəsə edə bilərlər, ona görə Yeganənin yanına aparır. Yeganə Gəncədə qaldığı müddətdə bank kartına Etibar, Firuz, Bayram dəfələrlə pul göndərib”.

Yeganə Yusifovadan videokamera qarşısında ifadə alınıb ki, mərhum Arzu Cabbarov onunla görüş zamanı dərman atıb, bunun təsirindən adekvat olmayan hərəkətlər edib. Bu üzdən aralarında mübahisə yaranıb:

“Həm dərman atmışdı, həm də içkili idi, ona görə gözü heç nə görmürdü. Mənimlə dava eləməyə başladı. Mən ona müqavimət göstərirdim. Mənə xəsarət yetirirdi. Bu zaman köməyə polisləri çağırdım. Arzu da polisləri görüb əsəbiləşdi, özünü doğramağa başladı…”.

“O videodan əvvəl qızıma nələr etdirib, mənə məlumdur”

Dilqəm Yusifov deyir ki, qızının polis şöbəsindəki təzyiqlərdən sonra bu ifadəni verməkdən başqa çarəsi olmayıb. Onun sözlərinə görə, bu ifadə də müstəntiqin fantaziyasının nəticəsidir:

“Onun fantaziyasına uyğun ifadə verməsəydi, işgəncə günlərlə davam edəcəkdi. İndi mənə deyir ki, “sənin qızına güldən ağır söz deməmişəm, video ilə dindirmişəm”. O videodan əvvəl qızıma nələr etdirdiyi mənə məlumdur…”

Atası bildirib ki, Yeganə Yusifova başına gələnləri Meydan TV vasitəsilə ictimailəşdirəndən sonra onlara qarşı təzyiqlər də artıb. Qızının təzyiqlər üzündən gizləndiyini deyən Dilqəm Yusifov uzun müddət ondan xəbər tuta bilmədiklərini, övladının başına gələcəklərə görə çox narahat olduqlarını vurğulayıb.

“Xahiş edirəm, Baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov bu məsələyə həssas yanaşsın. Mən həm övladımın, ailəmin təhlükəsizliyinin təmin olunmasını, həm də Arzu Cabbarovun qanının batmasına imkan verilməməsini xahiş edirəm. Arzu Cabbarov çox dəyərli insan idi, onun başına bu oyunu açdılar. Bu cinayətdə əli olanların heç biri məsuliyyətdən kənarda qalmamalıdır. İstər Arzu Cabbarovun başına gələnlər, istərsə də sonra qızıma qarşı olanlarla bağlı ciddi sübutlar var. Sadəcə, araşdırıb günahkarı cəzalandıran lazımdı. Çox təəssüf ki, rayon prokurorluğu haqq-ədaləti bərqərar etmək əvəzinə başqa yol tutdu. Hətta cinayəti gizlətmək üçün Arzuya xəsarət yetirilən evin sahibinə də qondarma ittihamla iş başlayıblar. Ötən hər gün qızımın və ailə üzvlərimin həyatına təhlükədir. Şəmkirdə yüzlərlə insan bu dəstənin qurbanıdır. Sadəcə, hamı oturub gözləyir ki, onlardan heç olmasa, biri tutulsun, gəlib bir-bir hamı faktını deyəcək…”

Gözdən qaçırmayın:  Prokurorluq döyülən yeniyetmə ilə bağlı araşdırma aparıldığını deyir

Yeganə Yusifova əvvəl Meydan TV-yə nə deyib?

Yeganə Yusifova müsahibəsində bildirmişdi ki, bir neçə aydır Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayondakı sahibkarları onların şəxsi həyatına aid rüsvayedici məlumatları yayıb, biabır etməklə hədələyib, onlardan pul alırdı. Dediyinə görə, polislər ona həmin sahibkarların nömrələrini verir, o da zəng edib tanış olur, onlarla rəfiqəsinin evində görüşürdü. Görüş zamanı əvvəlcədən orada olan polis əməkdaşı çıxıb, onları yaxalayır və baş verənlərlə bağlı məlumatın, görüntülərin yayılmamasından ötrü kişidən pul tələb edilir.

Bu üsulla indiyədək bir sıra şəxslərdən pul alındığını deyən Yeganə Yusifovanın sözlərinə görə baş verənlərdən polis şöbəsinin rəhbərliyi rəis müavini səviyyəsində məlumatlıydı.

O bildirib ki, Arzu Cabbarovla görüşməsi də polislərin plan və təlimatı əsasında həyata keçirilib. Mayın 7-də onu rəfiqəsi Təranənin evinə aparıb. Orada olduqları vaxt gizlənən polis əməkdaşı Firuz İbrahimov əlindəki mobil telefonla çəkib:

“Arzu onların hərəkətlərindən bezmiş şəkildə etirazını bildirdi. Bu zaman aralarında mübahisə, hətta dava düşdü. Firuz İbrahimov dava zamanı qapının qırılmış şüşəsinin qırıntısını yerdən götürüb, Arzunun bədəninə zərbələr vurdu. Zərbələrdən biri Arzunun sol qolundakı arteriya damarına dəydi. Dərhal mən həmin vaxt çöldə gözləyən başqa polislərdən Etibara zəng eləyib içəri çağırdım. Evdə divardakı qan ləkələrinə görə Firuz zəng elədi ki, sprey boya alıb gətirsinlər. Etibar Arzunu öz maşınına qoyub xəstəxanaya apardı…”

Mərhum Arzu Cabbarov yolda olarkən “Whatsapp” proqramı vasitəsilə qohumlarına səsli mesaj göndərərək, doğranıldığını xəbər verib, xəstəxanaya gəlmələrini istəyib.

Daxili İşlər Nazirliyi: “Mahiyyəti dəyişmək istəyirlər”

Şəmkirdə sahibkar Arzu Cabbarovun polislərin ssenarisinə uyğun olaraq, evə gətirilməsi və polis əməkdaşının yetirdiyi xəsarət nəticəsində ölməsi haqda iddianı Daxili İşlər Nazirliyi təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bu haqda deyilənlər əsassızdır, böhtan xarakteri daşıyır.

“Ailə üzvləri Arzu Cabbarovun ölümünün təşkil olunduğunu deməklə, onun Yeganə Yusifovanın evində olması və s. halların mahiyyətini dəyişmək istəyir. Ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktlar ört-basdır olunsun, ölümün səbəbkarı kimi Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var.

Yeganə Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun “Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır”.

DİN rəsmisi əlavə edib ki, Yeganə Yusifovanın özünün də dələduzluq əməllərilə bağlı 5-dən çox epizod üzrə cinayət faktı var və istintaq gedir.

Nazirliyin məlumatında iddia olunur ki, polis əməkdaşları hadisə yerinə Yeganə Yusiufovanın müraciəti əsasında gedib. Polislər ora gələndə onunla Arzu Cabbarov arasında mübahisənin davam etdiyini görüblər:

“Bu zaman Arzu Cabbarovla profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar. Lakin Arzu Cabbarov aqressiv hərəkətlərini davam etdirib, polisin qanuni tələblərinə tabe olmayaraq, evin qapısındakı pəncərənin şüşəsini sındırıb, həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, az sonra vəfat edib”.

Cinayət işi Şəmkir Prokurorluğundan alınıb

Arzu Cabbarovun ölümüylə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Baş Prokurorluqdan Meydan TV-yə bildirilib ki, bu cinayət işinin istintaqı əvvəl Şəmkir Rayon Prokurorluğunda aparılsa da, sonradan oradan alınıb, Baş Prokurorluğun İstintaq idarəsinə verilib:

“Cinayət işinin istintaqı davam edir. Qeyd edilən cinayət işi üzrə zəruri ifadələr alınmış, ekspertizalar təyin edilmiş, digər zəruri prosessual hərəkətlər icra edilir”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button