Cəmiyyət

Sənaye parklarını cəmiyyət yox agentlik idarə edəcək, iş də dəyişəcəkmi?


Yanvarın 22-də Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əsasında tabeliyi dəyişmədən publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Bildirilir ki, bu Agentlik Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi, ölkədəki sənaye parkları, sənaye məhəllələri, aqroparklar sahəsində idarəetməni daha da təkmilləşdirmək, səmərəliliyi artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı

İqtisadiyyat Nazirliyin saytında yazılıb ki, Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə dekabrın 21-də ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.

Həmçinin qeyd olunur ki, ərazisi 508,14 hektar olan Parkın artıq 24 rezidenti var və bu rezidentlərin mövcud layihələri üzrə sənaye parkına 4,9 milyard manat investisiya qoyulub, həmçinin 5300-dən çox daimi iş yeri yaradılıb.

İndiyə kimi sənaye parklarına, məhəllələrə qoyulan investisiyaların nə kimi səmərəsi olub? Yeni Agentlik yaradılandan sonra nə dəyişəcək?

“Bu islahatlara ona görə zərurət yaranıb ki,…”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan” İnformasiya Agentliyinə bildirib ki, son iki-üç ildə ölkənin iqtisadi və maliyyə blokunda geniş islahatlar həyata keçirilir:

«Bu islahatlara ona görə zərurət yaranıb ki, həm dünya, həm də qonşu ölkələrin iqtisadiyyatında dəyişiliklər baş verir. Təbii ki, bu, iqtisadi və maliyyə blokun idarəetməsinin inkişafının məntiqidir. Yəni, bu islahatlar dünya iqtisadiyyatında gedən tektonik dəyişiliklərlə diktə olunub».

Deputat qeyd edib ki, müxtəlif institusional dəyişikliklər gedir:

«Cənab Prezident tamamilə fərqli strukturun formalaşdırmağa başlayıb. Fikir verin, artıq mexanizm dəyişir. Əvvəl inkişafın və idarəetmənin trayektoriyası dəyişirdisə, artıq onların mexanizmi dəyişir».

R Quliyevin sözlərinə görə, publik hüquqi şəxs statusu olan agentliklər ona görə yaradılır ki, iqtisadiyyatın resurslarından, gücündən daha səmərəli istifadə edilsin:

«Bunun üçün isə təbii ki, institusional dəyişikliklər vacibdir. Bu iqtisadiyyatının inkişafına, koordinasiyanın təkmilləşdirilməsinə , səmərəliyinin artmasına təkan verəcək»

“Bu islahatlar davam edəcək»

Deputat qeyd edib ki, islahatlar prosesi daimi gedir:

«Azərbaycan «Doing Business» hesabatında dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Artıq Dünya Bankı gedən islahatlara qiymət verib. Bu islahatlar davam edəcək».

R.Quliyev vurğulayıb ki, islahatlar neft-qaz iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçidi təmin edir:

«Bu proses də ölkədə gedir. Biz prosesin gedişatından razıyıq, amma koronavirus pandemiyasından əvvəl cənab Prezident də demişdi ki, o, qeyri-neft sənayesinin artım tempindən narazıdır. Biz qeyri-neft sənayesinin daha böyük artım tempini təmin etməliyik. İslahatların məqsədi məhz budur. İslahatlar davam edəcək, çünki mükəmməlliyin son həddi yoxdur».

Deputat hesab edir ki, yeni yaradılan Agentlik Prezident və hökümətin onların qarşısında qoyduğu vəzifələrə daha adekvat və məsuliyyətli yanaşacaq.

«Burada ciddi məmur yanaşması var”

Sənaye Pakları yaradılmasının məqsədləri

İqtisadçı Azər Mehdiyev isə Azadlıq Radiosuna bildirib ki, indiyədək texnologiya parkların, sənaye məhəllərin fəaliyyətinin nəticələri haqqında hər hansı bir hesabata rast gəlməyib:

«Düzdür, zaman-zaman onların fəaliyyəti haqqında məlumat veriblər, ancaq bütövlükdə bu siyasət nəyə gətirib çıxarıb? Ümumiyyətlə sənaye parkların, məhəllərin yaradılmasının məqsədi sadəcə bir neçə sənaye müəssisəni yaratmaq yox, ölkədə geniş həcmdə istehsal müəssisələri qurmaqdır».

O, hesab edir ki, burada ən ciddi problem proseslərə məmur yanaşmasıdır:

«Burada ciddi məmur yanaşması var. Adətən dünya təcrübəsini öyrənəndə biz görürük ki, bu cür sənaye parkların, məhəllələrin yaradılması daha çox biznes idarəetməsinə əsaslanır. Nəticəni də biznes ixtiyarına buraxırlar ki, biznes düşüncəsi əsasında inkişaf etsin. Amma bizdə indiyədək bu məsələ çox ciddi məmur nəzarəti altında olub».

A. Mehdiyevin fikrincə yeni yaradılan qurum da məmur idarəetməsinə əsaslanır: «Bunun da bir yanaşması var ki, adətən məmurlar bütün işin öz hesabatları var deyirlər. Biznes isə bu işi biznes maraqları baxımından idarə edir və bu prinsip daha yaxşı nəticələr verir».

İqtisadçı qeyd edib ki, sənaye parkların yaradılmasının məqsədlərinin biri də ölkədə qeyri-neft sektorun inkişafı olub:

«Hökümət qeyri-neft sektorun inkişaf istəyini illərlə bəyan edir. Hətta bu sənaye-texnologiya parkları, məhəllələri bu işdə bir alət kimi tədbiq olunur. Ancaq həmin parkların böyük əksəriyyəti dövlət investisiyası hesabına, yaxud da ölkədə bir neçə oliqarx biznesi hesabına yaradılır»

“Texnologiya parkların idarəolunması biznesə həvalə olunarsa,…”

Ekspertin sözlərinə görə, bu sektora xarici investorların cəlb olunması çox zəifdir:

«Yaxud da xarici investisiyalar cəlb olunsa da, bu proses son dərəcədə ciddi məmur seçimi əsasında həyata keçirilir. Yəni, bu biznes üçün deyil, məmur seçimi əsasında olur və bu şirkətlər haqqında geniş məlumat əldə etmək olmur ki, bu şirkətlər kimə məxsusdur, Azərbaycanda hansı şərtlərlə işləyir. Halbuki, xarici təcrübədə olduğu kimi texnologiya parkların idarəolunması biznesə həvalə olunarsa, açıqlıq, şəffaflıq təmin olunarsa ora gəlmək istəyən xarici investorların həqiqətən də ölkədə məhkəmə hakimiyyətindən tutmuş mülkiyyət toxunulmazlığına qədər zəmanəti olarsa bu, sektorda azad sahibkarlığın inkişafına səbəb ola bilər. Nəticədə, bu ölkədə daha çox iş yerlərin yaradılmasına gətirib çıxara bilər».

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button