Loading...
Loading...
SEÇMƏ

Sərhəd Xidmətinin hərbi qulluqçuları narkotik ittihamıyla həbs olunub

Yayımlandı: 25 İyul 2022 18:05

İttihama görə, hərbçilər 94,3 kiloqramlıq narkotik maddəni sərhəddən keçiriblər

Dövlət Sərhəd Xidmətinin (DSX) 7 nəfər hərbi qulluqçusu həbs olunub. Onlar Azərbaycan-İran sərhədinin Cəbrayıl rayonunun ərazisinə düşən hissəsindən 90 kiloqramdan artıq narkotik keçirməkdə ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə və İlkin Qasımzadə haqqında həbs qətimkan tədbiri seçilib. İstintaq dövrü üçün onların barəsində həbs qərarı Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Adları çəkilən hərbi qulluqçular Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham olunur.

Bu iş üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq idarəsində aparılır.

Adları çəkilən hərbi qulluqçularla yanaşı, bir nəfər mülki şəxs – Hikmət Xəlili də həbs olunub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, DSX-nın hərbi qulluqçuları Hikmət Xəlili və başqalarıyla əlbir olub, narkotik və psixotrop maddələrin İrandan Azərbaycana keçirilməsini təşkil ediblər.

“Qrupun İranda olan üzvləri həmin vasitələri 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən, sərhədin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlədiblər. Razılaşdırılmış plana uyğun olaraq, hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində həmin vasitələri gizlədilən yerdən götürərkən DSX-nın “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıb. Onlardan 94, 3 kq narkotik vasitələr (87, 7 kq marixuana, 7, 6 kq heroin, “metadon-40″ 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150″ 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb”, – Baş Prokurorluğun məlumatında deyilir.

Bu cinayət işi üzrə daha bir nəfər mülki şəxs – Bəşir Quliyevin haqqında da axtarış qərarı verilib.

Saxlanılan şəxslərin özləri və ya ailə üzvlərinin bu ittihamlara münasibəti məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Gecə klubunun təsisçisi: “Adım formal xarakter daşıyıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button