SEÇMƏ

Səs yazısı yayılan direktor məhkəmə qarşısına çıxarılır

Yayımlandı: 31 Oktyabr 2022 18:58

Sabiq direktorla bağlı istintaq yekunlaşıb

Bir müddət əvvəl sosial mediada Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova ilə bu məktəbin müəllimi arasındakı söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə əlavə dərs saatı üçün pul alınmasından bəhs olunurdu.

Müəllim direktoru bütün müəllimlərdən rüşvət toplamaqda ittiham edirdi. Direktor isə onun yalan danışdığını deyir, kabinetdən çıxmağı tələb edirdi:

“Kimdən almışam mən? Bundan sonra görərsən…”.

Bu səs yazısının yayılmasından sonra Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb və Mətanət Məmmədova məsuliyyətə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb.

Prokurorluqdan Meydan TV-yə verilən məlumata görə, sabiq direktorun işi üzrə istintaq artıq yekunlaşıb. Mətanət Məmmədova barəsində cinayət işi bugünlərdə məhkəməyə göndərilib.

Səs yazısını yayan müəllim iddia edirdi ki, direktor onun qarşısına şərt qoyub: ya pul verilməlidir, ya da dərs saatları alınacaq.

Mətanət Məmmədova isə onun dediklərini təkzib edib və müəllimin yalan danışdığını bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  Qızılağac sakinləri: “Hər gün 50-60 qurbağa tutub satan var”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button