Loading...
Loading...
24 saat

Səssizliyin səsi

Məmməd İsmayıl

Bilənlər bilir nə qədər ki, ölkədən çıxmaq zorunda qalmamışdım, toplumun etiraz aksiyalarına istər şəxsi iştirakım, istərsə də yazılarımla hər zaman dəstək vermişdim. İyirmi ildən çoxdur ki, ölkəni talayıb çapan rejimin kəramətindən vətəndə baş verən olayları uzaqdan uzağa seyr etmək zorunda qalmışam. Və hər mitinqdən sonra hesablamalar aparan iqtidar mənsublarının mitinqlərə qatılanların azlığını bir həftə, on gün cızma-qaralarıyla bayram etmələrini izlədikcə gizləmirəm, ürəyim sıxılır. Qırqovul misalı başını kola soxub quyruğundan “xəbərsiz olan” bu adamlar(?) özlərini elə aparırlar ki, sanki dünyadan xəbərləri yoxdur. Halbuki onların son iyirimi dörd ildə dünya arenasında ölkəmizin imicinə nə qədər zərbə vurduqlarını bilmək üçün  sadəcə beş-on gün xarici mətbuatı izləmək  yetərlidir. Amma iqtidar mənsublarını dərk etmək elə də çətin deyil. 24 ildə əyri yollarla 240 ilin sərvətini yığdıqlarından,  mənsub olduqları cinayət şəbəkəsini dörd əllə müdafiə etmələrində qeyri-adi heç nə yoxdur.

Məni heyrətləndirən halalına haram qatılan xalqımızın susqunluğu, taleyi ilə barışıq içində olmasıdır. Ona görə də, növbəti mitinq ərəfəsində mənim sözüm xalqımadır.

Mənim cəfakeş xalqım, yəni hər gün ətrafında baş verənləri görmürsənmi, yoxsa görüb görməzlikdənmi gəlirsən?! Sağında, solunda, gözlərinin önündən  yağışdan sonra göbələklər kimi yüksələn villalara, göydələnlərə, nə bilim nələrə baxıb heçmi düşünmədin bu binalar hansı sərmayə ilə ucaldılıb və onların gerçək sahiblərində bir bu qədər pul hardandır? Axı Sovet  dövləti yıxılalı heç bir qərinə belə olmadı. Bu adamların varidatı dədə-babalarından da qalmayıb. (Qala bilməzdi də!) Elə isə hardandır bu ünvanı bəlli olmayan sərmayə qaynağı?

Təkrar biliyin anasıdır, xalqım, məcburam sənin məndən yaxşı bildiyini təkrarlamağa. Əgər  dərindən araşdırsan,  görəcəksən ki, onlar sənin mənim, onun cibinə girərək, payına düşəni oğurlayaraq bu varidata sahib olmuşlar. Bir  qəpik də dövlət vergisi ödənməyən bu villa və göydələnlər hələ aysberqin görünən tərəfidir, o zaman gör arxada hansı nələr baş verir. Aldadılan, qandırılan  başıbəlalı xalqım, gözün görə-görə mayana haram qatılır, cibinə girilir və sən susub baxır, nəyəsə ümid edir, nəyisə gözləyirsən. Amma nəyi? Gözləmək də bir gün olar, bir ay olar, bir il, lap deyək beş il olar, daha 25 il yox ki?!

Bir millətin düşməni kənarda olanda ona qarşı  mübarizə aparmaq çətin olmur, çünki ünvanı bəllidir. Amma o düşmən sənin öz içindədirsə və ümidlə özününkü saydıqlarındırsa, öküzün belində dən dənləyən sağsağanlar kimi belinə çıxan  tanrı tanımazlardırsa, onda necə? Səni idarə edənlər sənin şərəfini qorumaq yerinə, sadəcə ölkə daxilində deyil, bütün dünyada səni, sənin vətən dediyin müqəddəs torpaqları  rüsvay etməklə məşğuldurlar. Və sən hələ dözür, hələ gözləyirsən, amma nəyi? Bıçaq sümüyə dayanıb, yəni sənin bundan da  pis günün olacaq? Cavabın yəqin ki, hazırdır; deyəcəksən bir parça çörək pulu üçün imtahana çəkilməkdəyəm, nə edim əlimdən nə gəlir ki? Yəni əlindən gələcəklərdən xəbərin yoxdur, yəni sənin səssizliyin səsi olmağa, o səsləri daha da gurlaşdırmağadamı  gücün çatmır?

Dərdlərimiz birdimi, beşdimi, hansı birini sayım,saysam da qurtaran deyil ki?Sənin üçün elə bir şablon uyğulanır ki, hər addımda yalan, hər addımda rüşvət,aldadılmaq, yalanla göz boyamaq! Paytaxtın dediyin Bakıda sənin dilində arasan, tək bircə reklam da tapa bilməzsən reklamı yabançı dildə olan şəhərin elə sahibi də sən yox, yabançılardır. Və işğal altında olan Göycə mahalı, Zəngəzur, Qarabağ deyil yalnızca, həm də sənin mədəniyyətin, mənəviyyatın, arzuların və gələcəyin də işğal altındadır, həm də özününkü saydıqlarının işğalı altında. Yəni hər axşam sənin baxmaq zorunda buraxıldığın ölkə televiziyalarında  evinə soxulan əxlaqsızlaşdırma gizli siyasətinin aşkar görüntüləri deyilmi? Bu siyasətin arxasında manqurtlaşdırmaq, vətənsizləşdirmək olduğunu yəni hiss etmirsən?

Tərəfini seçmək bu qədərmi çətindir? Sən axı seçməyi bacaransan! Bağında meyvə verməyən ağacı, qapında damazlıq olmayan heyvanı saxlamaz, damazlıq olmayan toxumu sahibi olduğun torpağa səpməzsən. Seçməyi hamıdan yaxşı bacaran, xalqım, özünə iqtidar seçməyi necə, bacara bildinmi?

Oktyabrın yeddisindəki mitinq meydanı sənin yolunu gözləyir, top-tüfəngli davaya, ölümə-qana   getmirsən, mitinqə- demokratik haqlarını tələb etməyə və bu haqlarını əlindən alan, halalına haram qatan belindəki “sağsağanların” canına vəlvələ salmağa gedirsən. Getməyəcəksənsə, deməli, başına gətirilənlərə razısan, beləcə də davan etmələrini istəyirsən. Amma hər insan mənsub olduğu milləti ən azından bir buğda boyu irəli götürə bilmirsə, deməli, o adamın həyatı keçmişlərin pis  təkrarından başqa bir şey deyil. Dünyanın bugünkü demokratik topluluqları belə mitinqlərdən keçərək dünyəvi dəyərlərə qovuşa bildilər. Sən necə irəliyə demokratik dəyərlərə qovuşmaq istəyirsən, yerin demokratik haqlarını tələb edəcəyin mitinqlərdir, bunu əsla unutma! Seçim sənindir!

BU MİLLӘT

Hәrrac  bazarında udur, uduzur,

Haçandan  canına  hopub bu qüsur?

Elinin üstündә ölüm qorxusu,

Evinin üstündә әsir bu millәt.

Hәrdәnbir  sazını çalıb, yaşadır.

Mәğlub  tarixini qalib yaşadır.

Ona nә ad versәn alıb yaşadır:-

“Şair” bu millәtdir,  “nasir” bu millәt.

Bu günә gәlmәzdi, tale gәtirir.

Qәlbindәn keçәni dilә gәtirir.

Özü öz başına bәla gәtirir,

Sonra da özündәn küsür bu millәt.

Qını  qılıncsızdır, üzüyü qaşsız.

Yüz ildir bostanı keçinmir daşsız.

Aşçısı aşsızdır, başçısı başsız

İtirib  özünü gәzir bu millәt.

Qumara qoyulub torpağı, daşı.

Sabaha ümidi-gözünün yaşı.

Şeytan ilgәyinә  ilişib başı

Özü öz әlindә әsir bu millәt.

Hәlә  arzuları toz içindәdir

Hәlә demәdiyi söz içindәdir.

Bilmir çıxış yolu öz içindәdir

Özgә ümidinә yesir  bu millәt.

Әmәli әmәlim, adı adımdır

Çәtindә barıtı bircә atımdır.

Belәcә  “ver yeyim , gözlә yatımdır”,

Belәcә “hazıra nәzir” bu millәt.

Gecәsi hansıdır, bu günü günsә?

Dinlisi dinsizdir-ümidi dinsә.

Üstünә  әlәnәn  bu  daş  sәninsә

İlahi, bәs necә dözür bu millәt.

Dildә gah “bәlidir”, gah “baş üstәdir”,

Könüldә haqdan da daş-baş istәdi.

Hәlә bir daş altda, bir daş üstәdir,

Üz-üzә dayanıb bu sirr, bu millәt..

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button