2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Səfər Mehdiyevin qohumundan şikayət edənlər təzyiqə məruz qalır?

Bu günlərdə qafqazxeber.az-da türkiyəli sürücü Bülent Öztürkün Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Erkan Özorala məktubu dərc olunmuşdu
Həmin məktubda qeyd olunurdu: “Mən Azərbaycan şirkəti olan “Rovel Trading”in Türkiyədən aldığı akkumlyatorları “Özer Uluslararası Naqliyyat” şirkətinin sürücüsü olaraq Azərbaycana daşıyıram. Və hər dəfə eyni problemlərlə üzləşirik. Azərbaycan Dövlət Gömrük Komitəsinin Baş Enerji Gömrük İdarəsi heç bir əsas olmadan bizi günlərlə, bəzən həftələrlə gecikdirir, bu azmış kimi mənə hədə-qorxu gəlir, təhdid edir və sorğu-sual edirlər. Əslində qanunla 2 gün müddətində gətirilən mal sənədləşməli və biz sürücülər Türkiyəyə qayıtmalıyıq. Ancaq belə olmur.
Mənim “Rovel Trading” şirkətinin ünvanına Türkiyə Respublikasından 27.06.2017-ci il tarixdə gətirdiyim bir maşın akkumlyatorla bağlı bəyan edilmiş bütün sənədlər tam qanuni olaraq 29.06.2017-ci il tarixində Enerji Gömrük İdarəsinə təqdim edilib. Ancaq bugünədək sənədləşmə aparılmadığı üçün gətirilən mal Binəqədi gömrüyündə maşında saxlanılır və mən bir sürücü olaraq gözləməyə məcbur oluram. Mənim Türkiyədə ağır xəstəm var gedə bilmədim. Müqəddəs Ramazan bayramını ailəm ilə birgə qeyd edə bilmədim. Burda qaldığım günlərə görə mən maddi və mənəvi ziyan çəkirəm”.
Biz iyulun 11-də sözügedən Bülent Öztürklə əlaqə saxladıq və onun hələ də Bakıda, Binəqədi Gömrüyündə ləngidiyini öyrəndik.
“Hələ də Türkiyəyə qayıda bilmirəm. Keçən ilin oktyabr ayında da başqa yoldaşlar mal gətirmişdi, belə ləngimişdilər. Mənim Azərbaycan Gömrük Komitəsinin əleyhinə heç bir iddiam yoxdur, hər hansı sənədləşdirmə işlərində müəyyən yubanma ola bilər. Lakin mən yükümü boşaldıb getmək istəyirəm. Anladığım odur ki, DGK-nin “Rovel Trading” ilə problemləri var. Biz məsələylə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyindən kömək istədik. Enerji Gömrük İdarəsi faksla səfirliyə bildirib ki, mən malı boşaldıb gedə bilərəm. Lakin Binəqədi Gömrüyündə deyirlər ki, buna icazə yoxdur. Türkiyədə xəstəm var, gedə bilmirəm. Mən sürücü adamam, mənə maşınla bağlı sual verin, cavab verim. Lakin məni sorğu-suala çəkmək, on gündən çox saxlamaq nə deməkdir, anlamıram”, – deyə B.Öztürk bildirdi.
Onun sözlərinə görə, gömrük işçiləri heç TIR-ın yük bölümünü açıb baxmayıblar da: “Mal qalıb TIR-da, burdan heç hara tərpənməyə qoymurlar. “Rovel Trading”də hər bir ehtiyacımı qarşılayırlar, lakin yenə də, mən işimi görmüşəm, geri qayıtmalıyam. Xahiş edirəm, bizim ricamızı rəsmi qurumların da diqqətinə çatdırın”.
“Rovel Trading”in rəhbəri İntiqam Həsənovun sözlərinə görə, Enerji Gömrük İdarəsi malın boşaldılmasına icazə verir, lakin bildirirlər ki, yük ancaq və ancaq DGK-nın saxlancına boşaldılmalıdır.
“Buna isə biz razı deyilik. Mən bəyannaməni keçirmişəm, lazım olan məbləği dövlətə keçirmişəm. Lakin Enerji Gömrük İdarəsinin rəhbərliyi hər hansı əsas olmadan, özlərinin hardasa düzəltdikləri qondarma və aidiyyatsız sənədlə bizi və sürücünü sorğu-suala çəkirlər. Mən şifahi olaraq idarədə izahat vermişəm, problemi həll etməyə çalışmışam. Lakin əsas göstərilmədən, bizim mal keçirməyimizə mane olurlar”, – deyə İ.Həsənov vurğuladı.
“Sizdən rüşvət istəyən oldumu? Və yaxud, burda hansısa monopolist maraqları var?”, – deyə soruşduq.
“Rüşvət istənilməyib. Məsələ ondadır ki, keçən ilin oktyabrında şərikim Həmid Vəkilov ona qarşı Enerji Gömrük İdarəsinin qərəzli əməllərindən, idarənin maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin süründürməçiliyindən ölkə rəhbərliyinə və mətbuata şikayət etmişdi. Rəfael Niftəliyevin DGK-nın sədr müavini Səfər Mehdiyevlə qohum olması barədə iddialar, habelə diplomunun saxta olub-olmamasına dair Vəkilovun DGK-ya verdiyi şikayət qarşı tərəfdə qəzəb yaratdı. O vaxtdan həm şərikim Həmid Vəkilov, həm də mən DGK üçün “arzuolunmaz” şəxslərə çevrilmişik. DGK və Enerji Gömrük İdarəsinin rəhbərliyi o qədər qisas hissinə qapılıb ki, fiziki şəxs olan Həmid Vəkilovla baş verən münaqişəni “Rovel Trading”in üzərinə yönəldir”, – deyə İ.Həsənov bildirdi.
Biz H.Vəkilovla da əlaqə saxladıq.
O, Rəfael Niftəliyevlə bağlı məktublarına cavab ala bilmədiyi üçün, Dövlət Gömrük Komitəsini məhkəməyə verdiyini qeyd etdi.
H.Vəkilov iddia ərizəsini bizə təqdim etdi: “Bildirmək istəyirəm ki, fiziki şəxs olaraq Türkiyə Respublikasından müxtəlif markalı elekrik akumuliyatorların Respublikaya idxalı ilə məşğul oluram. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsinin əməkdaşı kimi özünü təqdim edən Niftəliyev Rəfael hər vəcdlə mənim sahibakarlıq fəaliyyətimə mane olur. Belə ki, dəfələrlə mənim gətirdiyim malların qanunsuz olaraqa saxlanılması və rəsmiləşdirilməsini yubadır. Həmin şəxsi doğurdanda Gömrük orqanlarında xidmət edib-etməməsi barədə məlumat almaq istəsəmdə bu barədə mənə heç bir mötəbər məlumat verilməmişdir.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir neçə dəfə Niftəliyev Rəfaelin ixtisas, gömrük orqanlarında hansı vəzifəni tutuması və təhsili barədə məlumat almaq istəsəmdə bu barədə mənə heç bir məlumat verilməmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi qaydalarının” təsdiq edilməsi haqqında 03 avqust 2003-cü il tarixli qərarının 2.2.3-cü maddəsinə əsasən, yəni gömrük orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 2.2.4-cü maddəsinə əsasən gömrük orqanlarını fəaliyyəti ilə bağlı əsasnamələr; 2.2.5-ci maddəsinə əsasən gömrük orqanlarının ştat cədvəlləri, həmin orqanlarda çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar verilməlidir.
Bütün bu göstərilənlərdən göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bizim müraciətimizə cavab verməməkdə məqsədlidir. Ona görə də hesab edirik ki, cavabdehin üzərinə vəzifə olaraq, Enerji Gömrük İdarəsinin əməkdaş Niftəliyev Rəfaelə dair məlumatların verilməsi vəzifəsi qoyulmalıdır.
Göstərilən hallara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsini rəhbər tutaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə Enerji Gömrük İdarəsinin əməkdaş Niftəliyev Rəfaelə dair olan məlumatların verilməsi vəzifəsinin həvalə olunması barədə qətnamə qəbul etməyinizi Sizdən xahiş edirəm”.
Həmçinin, H.Vəkilov bildirdi ki, hakim Müseyib Bayramov heç bir arqument və əsas göstərəmədən onun iddiasını rədd edib.
“Hakim qərarını nə ilə əsaslandırdı?”, – deyə soruşduq.
“Heç bir əsas göstərilmədi. Sadəcə iddiamızı rədd etdiyini bildirdi”, – deyə müsahibimiz qeyd etdi.
“Qarşı tərəf hər hansı sənəd gətirmişdimi?”, – deyə soruşduq.
“Xeyr, aylarla sürən məhkəmə prosesində DGK tərəfdən hər hansı bir sənəd məhkəməyə təqdim olunmayıb. Biz apellyasiya şikayəti də verməyi düşünürük”, – deyə H.Vəkilov vurğuladı.
Biz DGK-nın mətbuat xidməti Natiq Axundovla əlaqə saxladıq, o isə bizimlə danışmaq istəmədi: “Saytımızda bu barədə açıqlama vermişik, əlavə şərhə ehtiyac yoxdur”.
Qeyd edək ki, DGK rəhbərliyi 5 iyul tarixli açıqlamasında “Rovel Trading”i qanunu pozmaqda, onun şikayətini işıqlandıran KİV-ləri isə komitəyə böhtan atmaqda günahlandırır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button