2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şəffaf saxtakarlıq

İlham Hüseyn

Yaxud, ey hörmətli müəllim

Daha bir səsvermə başa çatdı. Sentyabrın 26-da Konstitusiya “plastik əməliyyat” olundu. Amma Azərbaycan analoqsuz ölkə olduğuna görə, “plastik əməliyyat” Konstitusiyanın cavanlaşmasına yox, qocalmasına xidmət etdi. İndi Konstitusiyamızın “sima”sına nəzər salanda gələcəyə yox, keçmişə oxşayır. Böyüdüb Respublika etdiyimiz ölkəni, kiçildib monarxiya etmək eşqinə düşdülər.
Sentyabrın 26-da Azərbaycan növbəti dəfə dünyaya “səs” saldı. Hansısa ölkə iqtisadiyyatının gücü ilə, hansısa ölkə təhsilinin keyfiyyəti ilə, hansısa ölkə texnolgiyasının inkişafı ilə dünyaya səs salır, bizim ölkə isə səslərin oğurlanması ilə dünyaya səs saldı.
Etiraf edək ki, 26 sentyabr səsverməsi bundan əvvəlki bütün səsvermələri kölgədə qoydu. Bəli, Referendum prezident və parlament seçkilərindən daha şəffaf keçdi. Yəni, bu dəfə saxtakarlıq daha şəffaf şəkildə baş tutdu və topa bülletenlərin “rəqs”ini hamı gördü. MSK sədri Məzahir Pənahov öncədən bildirmişdi ki, 1000-dən artıq məntəqədə müşahidə kameraları quraşdırılacaq. Əksəriyyət də bu fikrə düşmüşdü ki, kameralar qarşısında “ənənə”lər davam etdirilməz. Amma səsverməyə start verəndən sonra rəngarəng saxtakarlıqların şahidi olduq. Sosial şəbəkələrdə yayılan saxtakarlıq videolarına çatdırıb baxmaq olmur. Sanki, məntəqələr yarışa girmişdilər. “Çevik karusel alayı” həmişəki kimi gücləndirilmiş iş rejiminə keçmişdi. Sinələrdən çıxan topa bülletenlər Konstitusiyanın sinəsinə dağ çəkirdi. Bəli, dünən Konstitusiyaya sözün həqiqi mənasında işgəncə verildi. Dünən ana qanunumuzun atasını yandırdılar. Bütün məntəqələrdən hüququn iniltisi, ədalətin ah-naləsi gəlirdi.
Nəhayət, MSK-mız elan etdi ki, seçicilərin 92 faizi Konstitusiya dəyişikliyinə “hə” deyib. Möhtəşəm və mötəbər nəticədir. Seçicinin 9 faizinin bu Referndumdan xəbəri olmasa da, 92 faizi “ura” deyib.
Həmişəki kimi bu dəfə də seçki qutularının keşiyində müəllimlər dayanmışdı. Məktəbdə imtahan nəticələrini müsbətə doğru dəyişə bilməyən müəllimlərimiz, seçki qutusundan 92 faizlik “hə” çıxmasına “nail oldular”. Əgər müəllimlərdən seçki saxtakarlığı əvəzinə, keyfiyyətli dərs tələb olunsaydı, bu gün təhsilimizdə başqa mənzərənin şahidi olardıq.
Ey hörmətli müəllim
Hər könüldə yerin var
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Uşaq vaxtı hamımız bu şeri əzbərləyərdik. Müəllimlər qürur, ədalət, mənəviyyat nümunəsi hesab olunardı. Əlbəttə, bugün də müəllim adını şərəflə qoruyanlar var. Amma təəsüflər olsun ki, müqayisədə belə müəllimlər çox azlıqda qalır.
Artıq xeyli müəllimlər var ki, “hər könüldə yerin var” demək olmur. Çünki, bu müəllimlərin hər məntəqədə, hər dairədə topa bülleteni var. Belə müəllimlər könüllərdə yox, seçki qutularında yer qururlar.
Məlum şerdə “dünyada sənin kimi varlı bağban tapılmaz” beyti də var. Amma seçkilər də göstərir ki, yüzlərlə müəllim şərin bağında bağbağnlıq edir. Həm də bu qədər “bağban”lığın qarşısında 150 manat əməkhaqqı alır.
Mən Azərbaycan müəlliminin bu qədər aşağı düşməsini faciə hesab edirəm. Bu qədər aşağı enməyi özünə icazə verən müəllim, heç vaxt yüksək təhsil verə bilməz. Görünür, hökumət təkcə Konstitusiyaya deyil, müəllimlik missiyasına da “əlavə və dəyişikliklər” edib. Hər seçkidə təkcə səslərimiz oğurlanmır, həm də ziyalı adı, müəllim peşəsi oğurlanır. Bir müəllimin seçki qutusuna topa bülleten atdığın gördükdən sonra “ey hörmətli müəllim” şerini uşaqlara əzbərlətmək olmur.
Bir sözlə, Refendumun da “qırımızı lent”i kəsildi. Kəsildi ki, ölkə qaranlığa doğru rəsmən istiqamət götürsün. Şəffaf saxtakarlıq nümunələri ən yüksək səviyyədə qarşımıza qoyuldu.
Amma bütün bunlar son deyil. Xalqın etirazı dünyaya səs salanda, seçki qutularındakı səslər “ağ bayraq” qaldırır, topa bülletenlər əriyir, 92 faizlik nəticə sıfırlanır.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button