2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Şəfiqə Məmmədova kinoittifaqı Sədərək bazarına çevirib”

Rejissor sədrdən prezidentə şikayət etdi

“Şəfiqə Məmmədova yenidən təxribat etmək istəyir. Mənə məlumat çatıb ki, əlavə üç-beş adam yığıb, yenidən xəlvəti iclas keçirib, özünü sədr elan etmək istəyir”.

Bunu Meydan TV-yə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Xalq artisti, rejissor Əbdül Mahmudbəyov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan narahatlıq keçirən rejissor Prezident İlham Əliyevə müraciət edir ki, məsələ nəzarətə götürülsün:

“Şəfiqə xanım, aidiyyəti qurumlardan xəbərsiz, xəlvəti, mətbəxdə, çay süfrəsi arxasında idarə heyətindən üç-beş nəfəri yığıb özünü sədr seçdirib. Yalançı iclasın protokolunu da Ədliyyə Nazirliyinə göndəriblər ki, təsdiq olunsun. Lakin bu baş tutmadı. İndi yenidən saxta iclas keçirmək istəyir. Mən Prezidentə müraciət edirəm, dövlət bu işi nəzarətə götürməlidir. Məsələ araşdırılmalıdır, Şəfiqə Məmmədovanın yalançı seçki oyunu ifşa olunmalı, o, cəzalandırılmalıdır. İdarə heyətinin sədr seçmək səlahiyyəti yoxdur. Sədr qurultay keçirilərək seçilir”.

Əbdül Mahmudbəyov deyir ki, İttifaqın nizamnaməsinə görə seçkilər beş ildən bir keçirilməlidir.

Şəfiqə Məmmədova isə artıq on bir ildir ki, bu postdadır:

“Altı ildir ki, orada qeyri-qanuni oturmusan. ARKİ-yə dövlət büdcəsindən ümumilikdə bir milyona yaxın pul ayrılıb. Ayrılıb ki, İttifaq yaşasın. İttifaqı yaşadın də, şəxsi mülkünüzə, mağazaya çevirmisiniz. ARKİ sanki “Sədərək” bazarıdır. Şəfiqə Məmmədova bazar açıb, iclas keçirir. İctimaiyyəti, dövləti, xalqı aldadır. Prezidenti aldadan da bunlardır, onun ümidini doğrultmayan da bunlardır. Dövlət büdcəsindən ayrılan vəsaiti öz istədikləri kimi xərcləyən də bunlardır. Gör necə şirnikib ki, qanuna da, kino işçilərinə də meydan oxuyur. Özü də kimlərinsə adını hallandırır ki, mənim arxamda filankəslər durub”.

“İttifaqda dövlət büdcəsindən külli miqdarda pul yeyilir. Hara xəcləndiyini heç kim bilmir”, – Rejissor iddia edir.

“Kino adamlarının taleyi şəxsi çayxanalarda, şəxsi maraqlarına görə bu qədər aşağılanmalı, təhqir olunmamalıdır. Bu dövlət, ölkə qanunlarla idarə olunur. Bu gün artistin rejissorlara rəhbərlik etməsi gülməlidir. Kinonun tozunu udan, kino yaradan gənclər qalıb bir kənarda, Şəfiqə xanım lənət olub, yapışıb İttifaqın yaxasından”, – deyə o bildirib.

Xalq artisti təklif edir ki, ARKİ ilə (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı) AKİ (Azərbaycan Kinematoqrafçılar İttifaqı) birləşdirilsin.

Hesab edir ki, kino olmayan yerdə, iki ittifaqa heç ehtiyac da yoxdur:

“İttifaq ictimai təşkilatdır və orada kino ilə bağlı heç nə həll olunmur, oluna da bilməz. Azərbaycanda nə kino var ki, iki ittifaqı olsun? Kinonun yiyəsi var: Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına Kinostudiyası. İttifaq kinoda arabanın beşinci təkəri kimidir. İllər öncə təklif etdim ki, gəlin, bu əlavə təkərləri – ARKİ ilə AKİ-ni birləşdirək. Nizamnamə əsasında qurultay keçirib, sədr seçək. Məndən düşmən obrazı yaratdılar”.

“Bu gün kinoya ən böyük əngəl, ən böyük maneə ittifaqlardır. Köhnə sovet dönəmindən qalmış və kinoya heç nə etməyən bu ittifaqlar kino adamları üçün ciddi qarşıdurma, problem yaradıb. Mən bütün kino adamlarının adından deyirəm ki, uzaqbaşı mart ayına qədər qurultay çağırılmalıdır. Hər iki ittifaq bir yerə toplaşmalıdır. Dövlət səviyyəsində nəzarət olunub, qurultay keçirilib, sədr seçilməlidir”, – rejissor belə deyib.

Məsələ ilə əlaqədar Xalq artisti Şəfiqə Məmmədovadan və ARKİ-nin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

2022-ci il dekabrın 17-də ARKİ məlumat yayıb ki, İttifaqın nizamnaməsinə uyğun olaraq Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən İdarə Heyətinin sədri seçilib.

Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Bəzi üzvlər iclasdan xəbərsiz olduqlarını bildirib, narazılıq ediblər.

Prezident Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mətbuata iclasdan xəbərsiz olduğunu deyib.
Mədəniyyət Nazirliyinin aidiyyəti şöbəsində də bununla bağlı məlumatsız olduqlarını bildiriblər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.

Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.

Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi proplemlər, söz-söhbətə, ayrı-seçkiliyə səbəb olub.

Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhədədirlər.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.

AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button