2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səfirin bacısı intihar etmiş MTN polkovniki ilə əlaqəsi haqda yazılanlara etiraz edir

Nigar İsmayılzadə: “İlqar Əliyev qrup yoldaşım olub”

“Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin?”

Saytların yığılması Saytlarin yigilmasi

“Mətbuatda “Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?” başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, “Türkologiya”da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin?”, – bunu deyən BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadədir. O, fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə verib, onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır. Onun iki vəkili var – Kamandar Nəsibov və Sadiq Rəsulov. Zəka Mirağayevin hüquqlarını isə vəkil Elçin Sadıqov müdafiə edir.

Dekan müavinindən tələbəsinə qarşı daha bir ittiham

Bugünkü məhkəmə iclasında Nigar İsmayılzadə ifadə verib. Bildirib ki, Zəka Mirağayev KİV-də onun haqqında böhtan xarakterli yazılar yayır, onu rüşvətxor adlandırır, neqativ əməllərdə ittiham edir: “Zəka Mirağayev tələbələri aldadaraq ağ kağıza imza atdırıb. Onlara deyib ki, Aynur müəllimənin işdən çıxmaması üçün imza toplanır. Tələbələr bilməyib ki, mənə qarşı ərizədir. Həmin ərizə rektorluğa təqdim olunub. Sonradan tələbələrlə söhbət aparıldı, onlar ərizələrini geri götürüblər. Birincisi, məni ən çox narahat edən “rüşvətxor” adlandırmasıdır. İkincisi isə KİV-də məlumat yayılıb ki, intihar etmiş MTN polkovniki ilə dekan müavininin əlaqəsi var”.
Nigar İsmayılzadə iddia edir ki, Zəka Mirağayev adekvat olmayan tələbədir, 14 ildir universiteti bitirə bilmir. Dekan müavini hesab edir ki, bu tələbə özbaşına hərəkət eləmir, onu öyrədən qüvvələr var: “Ona görə də xahiş edirəm, onu Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edəsiz”.
Ardınca Nigar İsmayılzadənin vəkili Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Məlum olub ki, dekan müavini tələbənin həm də CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. O bildirib ki, yazılardan birində getmiş “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsi təhqirdir.
Tələbənin vəkili Elçin Sadıqov isə iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib: “Cinayət Prosessual Məcəllənin 318-ci maddəsinə görə, məhkəmə icraata qəbul elədiyi işdən kənara çıxa bilməz. Xüsusi ittihamçısının iddia ərizəsində də yalnız 147-ci maddə qoyulmuşdu. İndi isə yeni ittiham irəli sürürlər”.
Etiraza baxmayaraq, iddiaya əlavə icraata qəbul olunub.

“Rüşvət alınması ilə bağlı sübutum var”

Ardınca hakim tələbədən universitetdə təhsilinin 14 il davam etməsinin səbəbini soruşub. Zəka Mirağayev bildirib ki, 2005-ci ildə rüşvətə etirazına görə çıxarılıb, 2014-cü ildə yenidən bərpa olunub.
Amma Nigar İsmayılzadə deyib ki, o, dərs buraxdığına görə universitetdən xaric olunub.
Daha sonra Kamandar Nəsibov məhkəməyə Zəka Mirağayevdən Nigar İsmayılzadəyə göndərilmiş mesajın mətnini məhkəməyə təqdim edib. Tələbə yazır ki, universitet rəhbərliyi dekan müavininin əli ilə onu cəzalandırmaq istəyir: “Siz məni tutdursanız da, belə məqalələr davam edəcək. İddianı geri götürməsəniz, özünüz zərər görəcəksiz”.
Daha sonra Zəka Mirağayev ifadə verib. O,
özünü qətiyyən təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini bildirib. Dekan müavinini “rüşvətxor” adlandırmasına gəlincə, tələbə bildirib ki, sübutu var, prosesin gedişində müəyyən adamların dindirilməsi ilə bağlı vəsatət qaldıracaq: “Nə mən birbaşa ona rüşvət vermişəm, nə də o, məndən istəyib. Rüşvət məsələsi məndən kənarda baş verib. Əlimdə sübutlar var, prosesin gedişində ortaya qoyacam. Mən burada rüşvətin çekini ortaya qoya bilmərəm ki… Amma bildiyim faktları universitet rəhbərliyinə də demişəm, prokurorluğa da göndərmişəm”.
Zəka Mirağayev Nigar İsmayılzadəyə qarşı ərizə üçün tələbələri aldatması haqda ittihama da münasibət bildirib: “Bunlar məhkəməyə 32 ərizə təqdim elədilər, guya 32 tələbə öz imzasından imtina edir, aldadıldığını bildirir. Amma sizi əmin edirəm, o ərizələr təhdidlə alınıb, onların valideynlərini universitetə çağırıblar. O ərizədə 127 nəfərin imzası var. Bəs qalanları nə oldu? Deməli, 95 nəfər ərizədən imtina etməyib.
Bu adam da məni məhkəməyə öz istəyi ilə verməyib. Dekan Vasim müəllim fakültənin adının hallanmasını istəmirdi. Dekanlıqda görüşdə bu məsələnin həlli ilə bağlı təklif verəndə Nigar İsmayılzadə dedi ki, “mən böyüklərimlə məsləhətləşməliyəm”. Bu da mənim dediklərimi sübut edir”, – Zəka Mirağayev bildirib.
Nigar İsmayılzadə bildirib ki, qalan tələbələrin bir hissəsi də şifahi şəkildə ona üzrxahlıq edib.
Məhkəmə iyunun 8-də davam edəcək.
Qeyd edək ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gursəl İsmayılzadənin bacısıdır. Amma dekan müavini mətbuatda səfirin bacısı olması faktının yazılmasına etiraz edir. Deyir ki, bunun məsələyə aidiyyəti yoxdur.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button