2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səhiyyə naziri Fuad Həsənovun durumunu bilirmi?

Şahvələd Çobanoğlu

Ötən günlərdə əcaib və faciəvi səhiyyə xəbərləri ölkə gündəminə hakim kəsildi. Əlləri əsən cərrahın atasız uşağı anasız qoyması, həkim səhvlərinin sağ sol yanlışına qədər uzanması, talesiz uşaq və ana ölümləri, ən müxtəlif üzücü məlumatlar səhiyyənin özünün necə ağır xəstəliklərə tutulduğu barədə müzakirələri yenidən canlandırdı.

Amma bütün hökumət ümumən olmaqla, səhiyyə naziri bu haqda susdu. Mətbuat konfransı keçirmək, aydınlıq gətirmək, xalqa hesabat vermək – bunlar heç gözlənilmirdi də. Bizim ölkəyə belə davranışlar Almaniya səhiyyəsi qədər uzaq və əlçatmazdır. Amma nazir kiçik bir açıqlama verib, bu olaylardan xəbərdar olduğunu belə nümayiş etdirmədi.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla belə, biz əminik ki, səhiyyə naziri də, Səhiyyə Nazirliyi də hər şeydən xəbərdardır. Eyni zamanda son aylarda çox ağır xəstəlik ucbatından xaricdə müalicə üçün haray çəkən xəstələr barədə də məlumatlıdırlar. Mətbuatda çox sayda insanın müraciətləri yayılıb. Onlar böyük ümidlə ictimaiyyətə çağırış edirlər ki, bəlkə şəfa tapacaqları o uzaq qapı açıla bilər.

Biz əminik ki, nazir və nazirlik tanınmış ictimaiyyətçi, ictimai birlik rəhbəri Fuad Həsənovun da ağır xəstə olduğundan xəbər tutmamış deyil. Fuad Həsənovun həyatı üçün ciddi təhlükə var. Günlərdir bu haqda mətbuat yazır, sosial şəbəkələr paylaşım edir. Hamı onun xaricdə müalicəyə ehtiyac olduğunu düşünür və bunun üçün bir kampaniya başladılıb. Fuad Həsənovu tanıyanlar, jurnalistlər, vətəndaş cəmiyyət təmsilçiləri, vicdanlı vətəndaşlar bəlli vəsait toplayıb onu xaricə aparmaq və xilas etmək istəyirlər.

Amma nazir və nazirlik yenə də susur.

Adam sual edir. Səhiyyə Nazirliyinin xəstələri ölkədən kənara müalicəyə yollamaq üçün xüsusi komissiyası var, bəs bu komissiya nə üçündür?

Heç olmasa bir dəfə – bütün ölkənin haqqında danışdığı bir olaya reaksiya verəcəkmi?

Kimdən müraciət, yalvarış, xahiş gözləyirlər?

Məgər xəstəni müalicə etmək və bunun üçün bütün yolları aramaq nazirin, nazirliyin, səhiyyə sisteminin, həmin komissiyanın heç bir müraciət gözləmədən operativ qaydada gerçəkləşdirəcəyi vəzifə deyilmi?!

Bəli, heç bir müraciət gözləmədən, heç bir göstəriş olmadan! Bunu etməmək məsuliyyət daşımaq, vətəndaşların həyatı və taleyi ilə oynamaqdır.

Fuad Həsənov kifayət qədər tanınmış adamdır, bununla belə açıq deyim ki, mənim dostum da deyil, biz heç vaxt xüsusi yaxın olmamışıq, amma bu necə olur ki, onun sağlıq durumu ilə bağlı xəbərlər məni, onu uzaqdan tanıyan və tanımayan yüzlərlə adamı narahat edir, səhiyyə naziri və nazirliyi mətbuatda uzun müddətdir söhbət açılan bu mövzudan tük də tərpətmir. Adamlar hesab açır, kampaniya keçirir, tanınmış jurnalist Əvəz Zeynallı müraciətlər edir, bir başqası göz yaşlarını belə gizlətmədən haray çəkir, hətta 18 yaşlı gənclər nəsə eləməyə çalışır, səhiyyə naziri və nazirliyi heç nə olmamış kimi susmaqdadır.

Biz başa düşürük ki, ölkədə hər sahənin durumu ümumi siyasi sistemdən qaynaqlanır. Amma daha bu qədər çağırışdan, haraydan, fəryaddan, məlumat və xəbərlədən sonra bir balaca tərpənmək də istəmirlər?

Kimsə onu da deyə bilər ki, səhiyyə naziri bütün xəstələrlə bir-bir maraqlanmalı deyil. Biz də deyirik ki, bütün xəstələrə məsuldur, onların adını bir-bir, durumlarını ayrıca bilməyə də bilər, amma bəzən elə hallar olur ki, mətbuat günlərlə xəstə haqqında yazır. Belə hallarda nazir xəstəni adı ilə tanımaya da bilməz. Fuad Həsənovun durumu da bunlardan biridir.

Amma bir hərəkət yoxdur!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button