2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Səməd və Firuzə şou-proqramda 50 manata oxuyur” – Əli Mirəliyev

Müğənni Əli Mirəliyev həmkarı Rəqsanə İsmayılovaya məhkəmədə uduzub.

24.saat.org-un məlumatına görə, ifaçı bu haqda baku.ws-yə müsahibəsində deyib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

– Əksər müğənnilər dolların məzənnəsinin qalxmasının və manatın “ölməsi”nin onların toy bazarına kəskin təsir göstərdiyini deyir. Sizdə vəziyyət necədir?

– 67 yaşım var, 4 il əvvəl təqaüdə çıxmışam. Təqaüdüm isə təxminən 170 manatdır. Yəni deməyim odur ki, vəziyyətim yaxşı deyil. O biri müğənnilər prezident təqaüdü alırlar, birtəhər dolana bilirlər. Yoxsa onlar da çoxdan acından ölmüşdülər. Əlibaba Məmmədov, Canəli Əkbərov, Mübariz Tağıyev indi çoxdan bu dünyadan getmişdilər. Bəli, onlar bacarıblar, qapılar döyüblər, zəhlələr töküblər. Bunun da müqabilində onlara prezident təqaüdü veriblər. Məndə elə xarakter yoxdur, bacarmıram. Hələ cavanlıqdan bu xasiyyətdə olmuşam, heç kimə baş əyməmişəm. Onu da deyim ki, qapılarını döymək lazım gələn adamların xeyir işlərində məhz mən oxumuşam. Hüseynağa Hadıyev, Akif İslamzadə bir də mən – ziyalı adamların toyunda yalnız biz oxuyardıq. Şəhərin ziyalı toyları, dövlət adamları, məmurlar, yazıçılar, musiqiçilər, deputatlar, ən aşağısı, məktəb direktorunun xeyir işində yalnız biz üçümüz oxuyardıq.

Saytların yığılması Saytlarin yigilmasi

– Bəs sonra nə dəyişdi?

– Sonra baxışlar dəyişdi. Etibar, inam itdi. İndi hamı bir-birini aldadır. Milli Məclisdə oturan deputat deyir ki, hər şey yaxşıdır. Əlbəttə, o qədər əməkhaqqı alırsan, sənin üçün yaxşı olar da. Amma mən əvvəl kilosunu 7 manata aldığım yağa, indi 12 manat verməli oluram. Bunun nəyi yaxşıdır?!  Yaxşı, yağı yeməyə bilərsən. Kasıbların yediyi çörəyin, kartofun qiymətini qaldırıblar. Mal ətinin kilosu 10, qoyun ətininki isə 12 manatdır.

– Toylara gedirsiniz?

– Belə də, tək-tük. Buna da toy demək olarsa… Vaxt var idi ki, məni rayon toylarında oxutmaq üçün 4-5 ay növbə gözləyirdilər. İndi müğənnilərə pis baxırlar. Bizim vaxtımızda rayona toya gedəndə, İslam Rzayev, Hüseynağa Hadıyev, Akif İslamov, Teymur Mustafayev, Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə və mənim ayağımın altında qoyun kəsərdilər. İndi restoranların şou-proqramlarında müğənnilərə 50 manat pul verirlər. Adlı-sanlı müğənnilər gedib, o toylarda oxuyurlar. Ad da çəkə bilərəm, Səməd Səmədov, Firuzə İbadova gedib, şou-proqramlarda 50 manata oxuyurlar. “Babək”  filmində deyir e, 40 il boyunduruq altında yaşamaqdansa, bir gun azad yaşamaq yaxşıdır. Bir ara bəzi müğənnilər yüksək qonorardan danışırdılar. Qələt edirlər, acından ölürlər. Əksəriyyəti sürdüyü maşınını belə satıb. Çıxdılar efirə, ədabazlıq, gədalıq etdilər, sinələrinə döydülər, “mən belə, mən elə”… Beş-on müğənnidən başqa, heç birinin evi yoxdur.

– Hər zaman musiqidən, gözəl ifadan danışırsınız. Amma efirlərə yalnız qalmaqalla çıxırsınız…

– Bilirsən necədir? Məni hansısa verilişin efirinə çağırırlar. Nə mövzu, nə də ki, hansı müğənninin qonaq olacağı ilə maraqlanmıram. Mənim üçün fərq etməz, hətta dünya səviyyəsində bir müğənni olsun, bu heç nəyi dəyişmir. Çünki mən öz işimi yaxşı bilirəm. Bədii Şuradan keçmiş müğənniyəm, yüzdən çox da lent yazım var. Verilişdə hansısa müğənni danışır, baxırsan ki, hə, özünə arxayındır, pul verib, ad alıb. Pul verib, verilişə çağırılıb, pul verib, bütün kameralar ona işləyir. Mən hər şeyi görürəm axı. Ondan soruşuram ki, ay bala, sənin işin nədən ibarətdir ki, burada belə böyük-böyük danışırsan? Deyir ki, məni tanımırsınız? Filankəsəm də. Mən də qayıtdım ki, səni tanımıram. Müğənnisən, canlı oxu, görüm. Sonra deyirəm ki, mən oxuyum? Deyir ki, oxu. Oxuyuram, sonra da deyirəm ki, indi də sən oxu. Üzeyir Hacıbəylinin bir romansını, yaxud da xalq mahnısı oxu. Oxuya bilmir. Bax onda da başlayır, problem, söhbət, qalmaqal. O deyir, mən deyirəm… Bundan sonra da efirdə süjet verirlər: “Şok, şok, şok! Əli Mirəliyev gəldi, aləmi bir-birinə qatdı”.
Bax, həmin müğənnilər də, mən də hansısa bir məclisə gedək. Onlara heç baxan da yoxdur. Amma məni elə qarşılayacaqlar ki. İnsanlar məni dəstəkləyir, sevir, hörmət edir, məhəbbət nümayiş etdirir. Amma bu, əslində ifamın deyil, qalmaqaların nəticəsidir… Çünki efirlərdə ifamı vermirlər, ancaq qalmaqalları göstərirlər. Bəlkə nadir hallarda lent yazılarımı efirə verərlər. Bilirsiniz niyə? Çünki telekanallara bu sərf etmir. Onlar efirə “geydirmə” müğənniləri çağırırlar. Orijinal, gözəl oxuyan ifaçını efirə çıxarmağa qorxurlar ki, amandır, camaat qəflətdən ayılar. Bir-iki mahnısı var, qoy elə ona verək. Məni efirə çağırır, deyir ki, üç mahnı oxuyacaqsan. Amma birini oxutdurur. Sonra da deyir ki, iki mahnı yerinə danış da. Yəni təki qalmaqal olsun.

Rəqsanə ilə aranızda barışıq oldu?

– Efirlərə baxın, Rəqsanəni görürsünüz? Amma mən varam. Belə şeylər nəyə lazımdır? Özü də mənim günahım yoxdur. Mən yolda gedərkən, gizli kamera ilə çəkmişdilər. Jurnalist məni danışdırdı. Mənə dedi ki, Rəqsanə də gedib Türkiyəyə, adını dəyişib, qoyub Roksi… Məndə dedim ki, vay, mənim itimin adı da Reksdir. Tutalım, məni 100-500 manat cərimələyəcəklər, pulum var ki, məhkəmələrə verim? Bəlkə də yüz dəfə məni məhkəməyə çağırıblar. Vəkilim gedir, heç maraqlanmıram da. Bugünlərdə məhkəmədən məktub gəlib. Məhkəmə Rəqsanənin xeyrinə qərar çıxarıb, ona 500 manat ödəməliyəm. Nə ilə ödəyim?! Mənə iş verəcəklər, yoxsa dar ağacından asacaqlar (Gülür)?

Görürsünüz, dəyərli bir insanı məhkəməyə verib, xalqın gözündən salmağa çalışırlar. Rəqsanənin 500 manata ehtiyacı yoxdur. Ona lazımdır ki, mənim kimi yaşlı bir adamı yerində oturtduğunu nümayiş etdirsin. Amma o, başa düşmür ki, yaşlı adamı, üstəlik də seyid nəslindən olan birini məhkəməyə verdiyi üçün Allah ona qənim olacaq. Yazıqdı e, iki uşağı var, pis olmağını istəmirəm. Amma əməlinə görə Allah qarşısında cavab verəcək. İndi bir çoxları onların bu hərəkətlərinə göz yuma bilər. Amma görən görür. Onlar başqa işlərlə məşğul idilər. Anası, bacısı, qadın alverinə görə həbs olunmuşdu. Sən gəlib, indi məni məhkəməyə verirsən, utanmırsan? Efirdə mənimlə guya barışdı. Amma arxada məhkəməyə verdi.

– Belə çıxır ki, Rəqsanə İsmayılova sizi məhkəməyə barışdıqdan sonra verib?

– Bəli. Xəzər TV-də Zaur Kamal aparıcısı olduğu “5/5” verilişində məndən soruşdu ki, Əli müəllim, Rəqsanə necə oxuyur? Mən də dedim ki, Rəqsanə heç vaxt oxuyan olmayacaq. O, müğənni adından istifadə edir. Onun beyni başqa fikirlərə qulluq edir. Bundan sonra Rəqsanə məni məhkəməyə verdi. Düz deyirəm də, Rəqsanə oxuyandı? Ümumiyyətlə, sizə bir söz deyim, bu gün bu qədər xalq artistləri var. Amma onların içərisində 10 normal oxuyanı ola, ya olmaya…

– İfasını bəyəndiyiniz müğənnilər kimlərdir bəs?

– Azər Zeynalov, Aygün Bəylər, Aygün Bayramova, Mənsum İbrahimov, Babək Niftəliyev, Elton Hüseynəliyev, Nadir Qafarzadə. Onların ifasını bəyənirəm. Az qala, bir milyona yaxın oxuyan var, amma heç biri də müğənni deyil. İndi ancaq türk mahnıları oxuyurlar. Üzeyir Hacıbəylinin qoyduğu yol tamam başqadır. Qarayevlər, Niyazilər,  Əmirovlar gəldi. Amma indi bu yolu davam etdirən yoxdur.

– Azər Zeynalov, Aygün Bəylər, Aygün Bayramova, Mənsum İbrahimov, Babək Niftəliyev və Nadir Qafarzadə…

– Bilirəm, təəccübləndiniz. Amma sizə deyim ki, Nadir “muzıkalnlıy” oğlandır, onun şirin səsi var. Düzdür, orasını-burasını kəsdirməyini bəyənmirəm, amma oxumağa qalanda, Faiq Ağayevlə müqayisə eləyəsi olsam, Nadirə üstünlük verərəm. Aygün Kazımovaya, Brilliant Dadaşovaya yox, Nadir Qafarzadəyə üstünlük verərəm.

– Brilliant Dadaşovanın səsi niyə xoşunuza gəlmir?

– “Qırmızı qərənfillər” uşaq ansamblı vardı. Uşaq səsi ilə oxumağa başlayır:

Ay uzun saç, qara göz, ağıllı kuklam mənim…

Yəni deməyim odur ki, Brilliantın səsi dolğun qadın səsi deyil. Rübabə Muradova, Şövkət Ələkbərova, Elmira Rəhimova, İlhamə Quliyevanın səsi deyil. Elmira Rəhimova, Flora Kərimova və İlhamə Quliyeva- bu üçlük möhtəşəmdir. Heyif ki, İlhamə xanım vəfat etdi. Allah Elmira Rəhimova, Flora Kərimovaya uzun ömür versin. Məsələ ondadır ki, İlhaməni basdırdıq, amma onun mahnılarını basdıra bilməyəcəyik. Bu müğənnilər elə-belə oxumayıblar, toy bazarına deyil, xalq musiqisinə işləyiblər. Amma əfsuslar olsun ki, indi toy bazarına işləyənlər xalq artistidirlər.

– Könlünüzdən millət vəkili olmaq keçmir ki?

– O vaxt Rəşid Behbudov Ali Sovetinin deputatı idi. Zeynəb Xanlarovaya da bu ad düşür. Onların fəaliyyətləri olub. Yadıma gəlir, ümummilli lider Heydər Əliyev Müslüm Maqomayevə deputat mandatı vermişdi. Müslüm isə demişdi ki, mən ora gəlib, boş-boş niyə yeri məşğul edim. Heç nə bilmirəm axı. Orada nə danışacağam? Amma Azərbaycan musiqisində bir addım da atmayan insanlar, deputatlıq eşqinə düşüblər. Dərd ondadır ki, bunlar heç oxumağı bilmirlər. Bütün istedadlı insanların – Üzeyir bəyin, Niyazinin, Şövkət Ələkbərovanın, Oqtay Ağayevin, Hüseynağa Hadıyevin, Akif İslamzadənin, həmçinin mənim də musiqi təhsilimiz olmayıb. Bəs biz necə oxumuşuq? Televiziyanın aparıcı müğənniləri olmuşuq. Necə? Çünki biz standartlara cavab verirdik. Amma Niyaməddin Musayevi efirə buraxmırdılar. Onu toy oxuyanı hesab edirdilər. Niyaməddin əvvəllər muğam oxuyurdu, hətta fondda səsi də var. Lakin sonralar gördü ki, muğam oxuyanlar çoxdur və ondan güclüdürlər, Sabir  Mirzəyev, İslam Rzayev, başqaları… Niyaməddin muğamdan estrada janrına keçdi. Əslində, onun oxuduğu heç estrada da deyil. Farsın musiqisinin bir qoludur. Amma Zaur Rzayev Azərbaycan vokal sənətinə qulluq edib. Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev də ara müğənnisi idi. Amma Ağadadaş, Məmmədbağır efirə çıxandan sonra bəstəkar mahnıları oxumağa başladılar. Qədir Qızılsəsin gözəl, şirin səsi var. Amma bəstəkar mahnıları oxuya bilmədi, bacarmadı… O, Hindistana, farsa, ərəbə, kürdə qulaq asıb. İndi Üzeyir Hacıbəyli ilə başlayan Azərbaycan musiqisi Üzeyir Mehdizadə ilə bitir… Götürək elə, Səməd Səmədovu. Jurnalist ona sual verir ki, himnimizi kim yazıb? Cavab verir ki, bilmirəm. Xalq artisti himinimizi kimin yazdığını bilmir. Onun azərbaycanlı olmağa nə dərəcədə ixtiyarı var? Belələri ad alacaq, amma oxuyan olmayacaq, tarixə düşməyəcək. Hamısı Azərbaycan musiqisinə qara ləkədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button