2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sənətşünas: “Səttar Bəhlulzadənin irsi çox etibarsız əllərdədir”

Ziyadxan Əliyev deyir ki, satışa çıxarılan əsərlər rəssamın cızma-qaralarıdır

“Səttar Bəhlulzadənin indiyə qədər heç bir əsəri 500 min dollara satılmayıb. Onu dünyaya Van Qoq kimi tanıtmamışıq. Tanıda bilsəydik, təkcə imzasını bir milyon dollara satmaq olardı”.

Bunu Meydan TV-yə Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sənətşünas Səttar Bəhlulzadənin “Ebay”da satışa çıxarılan kolleksiyasından danışarkən bildirib ki, onlar, sadəcə, rəssamın cızma-qaraları olub.

“Dolları manata çeviriblər, rəqəmi böyük görüb söhbəti şişirdiblər”

“Satışa çıxarılanların 99 faizi kağızda çəkilmiş qrafik işlərdir, yəni cızma-qaradır. Ölçüləri də 10-15 santimetrdir. Hətta deyim ki, satışa çıxarılan həmin cızma-qaralardan Azərbaycanda bir çox ziyalılarda yüzlərlə var. Mənim özümdə də üç-dördü var. Bunlar Səttar Bəhlulzadə üçün onuncu cərgəli işlərdir. Səttar Bəhlulzadə yaradıcılığında iz buraxmayan şeylərdir. Sadəcə, dolları manata çeviriblər, rəqəmi böyük görüb söhbəti şişirdiblər. Mən həmin işlərin keyfiyyətinə bələd olduğuma görə deyirəm ki, 18.5 milyon dollar qiymət qoyulması real deyil”, – o bildirib.

“Bəhlulzadənin ev-muzeyindəki əsərlər orijinal deyil”

Ziyadxan Əliyev deyir ki, Səttar Bəhlulzadənin irsi çox etibarsız əllərdədir. Onun satışda olan qrafik işləri və rəsm əsərləri mütləq alınıb, toplanmalıdır. Hətta bunun üçün xüsusi mərkəz də yaradılmalıdır:

“Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində bir dənə də olsun, orijinal əsəri nümayiş olunmur. İnsanlar muzeyə rəssamın unikal eksponatlarına baxmaq üçün gedir. Əmircanda nəyə baxsınlar? Kətan üzərində çap olunmuş fotolara? Təsəvvür edin ki, rəssamın orada bir dənə də əsli olan əsəri yoxdur. Hamısı kətan üzərinə çap edilib. Muzeyin rəhbərinə irad tutdum. Dedi ki, burada mühafizə işi yaxşı deyil. Dövlət idarəsi muzey açıb, bunun nəzarətçisi də, təhlükəsizlik sistemi də olmalıdır. Qoruya bilmirsinizsə, belə muzey açmayın”.

“Saxta əsərlər Parisdə orijinal adı ilə nümayiş olunub”

Ziyadxan Əliyevin fikrincə, kətan üzərinə çap olunmuş fotolar hətta orijinal əsərlər adı ilə Parisdə nümayiş də olunub:

Ziyadxan Əliyev. Foto: “525-ci qəzet”

“2009-cu ildə Səttar Bəhlulzadənin 100 illik yubileyini YUNESKO-nun xətti ilə qeyd etdilər. Həmin ərəfədə Azərbaycan mədəniyyətini dağıdanlar onun əsərlərinin foto kopyalarını aparıb Parisdə nümayiş etdirdilər. Bu rüsvayçılığa nə ad vermək olar? İnsanlar gəlib, əsərə baxırlar ki, görsünlər, rəssam yaxımı necə aparıb, rəngi necə vurub. Əsərin əslinə baxıb, dəyər verirlər, yoxsa foto kopyasına? Heyf ki, Səttar Bəhlulzadə azərbaycanlıdır. Biz onun dəyərini-qiymətini bilmədik”.

“Mədəniyyət Nazirliyi rəssamlarımızın əsərlərinə sahib çıxmadı”

Sənətşünas təəssüflə qeyd edir ki, Mədəniyyət Nazirliyi tərəfindən ümumilikdə rəssamlara qarşı laqeyid münasibət var:

“Mədəniyyət Nazirliyində ildə bir nazir dəyişir. Hərəsi milyonları mənimsəyir, sonra vəzifədən gedir. Mədəniyyətimizə mədəniyyətdən anlayışı olmayan adamlar rəhbərlik etdiyi müddətcə vəziyyətimiz bundan da pis günə düşəcək. On il bundan öncə Turqut Ər adlı bir nəfər Böyükağa Mirzəzadə ilə Mikayıl Abdullayevin doxsana yaxın işini ümumilikdə 150 min manata satırdı. Mədəniyyət Nazirliyinə müraciətimizə məhəl qoyulmadı. Həmin əsərlərə sahib çıxan tapılmadı”.

“Anar Kərimov bir kataloq üçün 10 min manat tapma bilmədi”

Ziyadxan Əliyev sabiq nazir Anar Kərimovdan da gileylənib:

“2021-ci ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) rəssam Mikayıl Abdullayevin 100 illik yubileyinin təşkil etdi. TÜRKSOY-dan mənə müraciət etdilər ki, yubiley üçün kataloq yazım. Mən də hazırladım. Rəssamın Türkiyədəki şəxsi kolleksiyalarında saxlanılan əsərlərini bir yerə toplayıb sərgi keçirdilər. Həmin sərgidə sabiq mədəniyyət naziri Anar Kərimov da iştirak etmişdi. Sonra Bakıda Mikayıl Abdullayevin 100 illiyi qeyd olunanda Anar Kərimov bir kataloqu çap etdirməyə pul tapıb verə bilmədi. Bir kataloq nədir ki?  5-10 min manat pul edir də”.

“Azərbaycanda rəssamlar ortalıqda qalıblar”

Sənətşünas deyir ki, Səttar Bəhlulzadənin 34 illik yaradıcılıq dövründə keçirdiyi bütün sərgilərdə nümayiş olunduğu işlərin hamısı alınıb, qalanlarını isə özü hədiyyə edib:

“Səttar Bəhlulzadə əsərini heç kimə pulla satmayıb. Bu, dünyada analoqu olmayan bir şeydir. 2009-cu ildə onun yubilyey kitabını yazmışam. Həmin vaxt onun bütün irsini toplamaq imkanım olub. Dövlət tərəfindən iki yüzə qədər rəngkarlıq və qrafika əsərləri dövlət tərəfindən pulla alınıb. SSRİ muzeylərində, bir də Çexiya və Slovakiyada (keçmiş Çexslovakiya) əsərləri var”.

Əməkdar incəsənət xadimi daha bir vacib məqama toxunub. O deyib ki, Azərbaycanda hərrac ənənəsi olmadığı üçün rəssamların da maddi vəziyyəti ağırdır:

“Sovet dövründə bədii fondlar vardı. Rəssamların ideoloji əsərlərini satırdılar. Rəssamlar maddi baxımdan kifayət qədər təmin olunmuşdular. Sovet dağıldı, ideologiya öz işinin dalınca getdi. Rəssamlar da ortalıqda qaldılar. O vaxtdan hələ də rəssamların maddi vəziyyəti həll olunmayıb. Düşünrəm ki, onlara dövlət səviyyəsində dəstək lazımdır”.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələyə münasibət bildirmək istəməyiblər.

Bu günlərdə Xalq rəssamı Səttar Bəhlulzadənin “Ebay” onlayn satış platformasında 650 əsərdən ibarət kolleksiyası satışa çıxarılıb.

Bu da xeyli müzakirələrə və narazılqılara səbəb olub.

Kolleksiya 18.5 milyon dollar qiymət qoyulub.

Satışı reallaşdıran “Tolga & Sons Art Gallery” şirkətinin sahiblərindən biri Deniz Bülent Tolqa “yeniavaz.com”a deyib ki, rəsmləri onlara erməni rəssamların əsərləri olaraq satıblar.

Əlavə edib ki, artıq 40 ildir bu əsərlərə Azərbaycandan heç kim sahib çıxmır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button